Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm
naziri Dmitri Livanovla görüşüb
Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov Moskvada
işgüzar səfərdə olub. Səfərin ilk günü Mikayıl Cabbarov
Rusiya Federasiyası təhsil və elm naziri Dmitri
Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sahəsinə
Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr
Biserov və Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru Ədalət Muradov da iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində
əməkdaşlıq məsələləri, qarşılıqlı təcrübə mübadiləsi,
həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin
Dərbənd filialının lisenziyalaşdırılması prosesinin
sürətləndirilməsi istiqamətində görülən işlər barədə
müzakirələr aparılıb.
Oktyabrın 30-da təhsil naziri həmçinin, Moskva şəhərində
K.Kərimov adına Azərbaycan etnomədəni komponentli 1583
saylı gimnaziyaya baş çəkib, müəllim və şagirdlərlə
görüşüb, tədris prosesi ilə yaxından tanış olub. Təhsil
naziri məktəbdə Azərbaycan dilində tədrisin təşkili
prosesinə dəstəyin verilməsi imkanlarının
araşdırılacağını bildirib.
Oktyabrın 31-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) “Gənclərin layiqli gələcəyi naminə” VI
Forumu keçirilib. Forumun açılış mərasimində Heydər
Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla
Əliyeva çıxış edib.
Forum çərçivəsində çıxış edən təhsil naziri Mikayıl
Cabbarov təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Rusiya
münasibətlərində xüsusi əhəmiyyət kəsb etməsi, tələbə və
qarşılıqlı təcrübə mübadiləsinin təhsil əlaqələrinin
inkişafında rolu, Rusiya Federasiyasının 2 ali təhsil
müəssisəsinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi,
rus dilinin Azərbaycanın təhsil müəssisələrində tədrisi
kimi məsələləri nəzərə çatdırıb.
Həmin gün təhsil naziri Mikayıl Cabbarov Moskva
şəhərində 28 oktyabr - 1 noyabr 2015-ci il tarixlərində
keçirilən “Açıq İnnovasiyalar-2015” Forumunu ziyarət
edərək təhsil sahəsində fəaliyyət göstərən müxtəlif
müəssisələrin təmsilçiləri ilə fikir mübadiləsi aparıb.
|