Fransanın Yuxarı Elzas Universitetində Nizami
Gəncəvi adına kafedranın açılışı olub
Fransanın Müluz şəhərindəki Yuxarı Elzas
Universitetində Nizami Gəncəvi adına ədəbiyyat
və mədəniyyət kafedrasının açılışı olub.
Mərasimdə Yuxarı Elzas Universitetinin rektoru
Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın
şəhərləri ilə olan dostluq münasibətlərindən, o
cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki
universitetlərlə mövcud əlaqələrindən danışıb.
Yuxarı Elzas Universitetinin ədəbiyyat və
humanitar elmlər fakültəsinin dekanı Qreta Komur
isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət
kafedrasının onun rəhbərlik etdiyi fakültədə
açılması ilə qürur duyduğunu deyib. Qreta Komur
Nizami Gəncəvinin əsərlərinin Şərq və Avropa
mədəniyyətinə təsirini, eləcə də Avropa və
Azərbaycan mədəniyyəti arasında qarşılıqlı
təsirləri tədqiq etməyin kafedranın əsas məqsədi
olduğunu bildirib. O, hər iki ölkə arasında
ədəbiyyat sahəsində olan əlaqələrə də toxunub.
Tədbirdə çıxış edən Fransa Senatının üzvü, Müluz
Elzas aqlomerasiyasının prezidenti Jan-Mari
Bokel Azərbaycanın dostu olduğunu vurğulayaraq
tarixi ərazilərimizin qonşu ölkə tərəfindən
işğalının qəbuledilməz olduğunu bildirib.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə,
təhsilinə və elminə əvəzsiz töhfələr vermiş
Nizami Gəncəvinin adını daşıyan kafedranın
açılış mərasimində iştirak etməkdən məmnunluğunu
bildirib. O, bu layihənin reallaşmasına verdiyi
dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa
parlamentlərarası dostluq qrupunun sədri
Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin
rektoru Kristin Zieqler-Qanqloffa, Müluz
şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı
səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə
edib.
Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi
köklərinə toxunan nazir bu gün xalqlarımız
arasında tarix boyu formalaşmış dostluq
münasibətlərinin hər iki ölkənin rəhbərləri
səviyyəsində dəstəklənməsi və daha da inkişaf
etdirilməsi istiqamətində səylərin
göstərildiyini vurğulayıb.
Nazir XXI əsrdə ölkələr və millətlər arasında
qarşılıqlı anlayışa və hörmətə əsaslanan
münasibətlərin qurulmasında təhsilin müstəsna
rol oynadığını qeyd edib. O, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi
əhəmiyyət verdiyini diqqətə çatdırıb. Hər bir
ölkənin, hər bir xalqın gələcəyinin, inkişafının
və uğurlarının məhz insan amilindən, onun
savadlı, bilikli gənclərindən asılı olduğunu
bildirib.
Nazir dövlətimizin başçısının irəli sürdüyü “qara
qızılı insan kapitalına çevirmək” prinsipinin və
bu çərçivədə Azərbaycanın savadlı və bacarıqlı
gənclərinin xarici ölkələrin aparıcı
universitetlərində təhsili üçün dövlət
təqaüdlərinin ayrılması təşəbbüsünün ölkəmizdə
təhsilə verilən əhəmiyyəti əks etdirdiyini
vurğulayıb.
Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət
verilən məqamlardan birinin də xarici ölkələrlə
müsbət təcrübələrin paylaşılması və qarşılıqlı
faydalılıq əsasında birgə təşəbbüslərin həyata
keçirilməsi olduğunu deyən nazir Azərbaycanın
Fransa ilə bu istiqamətdə tərəfdaşlığının
nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.
Bakıda Fransız Liseyinin artıq fəaliyyət
göstərdiyini qeyd edən M.Cabbarov bildirib ki,
hər iki ölkənin dövlət başçılarının təşəbbüsü
ilə Fransız-Azərbaycan Universiteti layihəsi
üzərində hazırlıq işləri aparılır və növbəti
tədris ilindən etibarən bu layihənin də uğurla
fəaliyyətə başlayacağına ümid edir.
Nazir M.Cabbarov yeni açılan kafedranın fransız
gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha
yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və
mədəni irsimizi araşdırmağa imkan yaradacağına
əmin olduğunu bildirib.
AZƏRTAC |