Noyabrın 4-də Rusiya Prezidenti Vladimir Putin
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla
Əliyevaya “Puşkin” medalını təqdim edib.
Təqdimetmə mərasimi Xalq Birliyi Günü şərəfinə
qəbulda keçirilib. Ənənəyə görə, Rusiya dövlətinin
başçısı bu tədbirdə bir sıra xarici vətəndaşlara xalqlar
arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı
anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə
dövlət təltifləri təqdim edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə
təşəkkürünü bildirib.
L.Əliyeva qeyd edib ki, Azərbaycan xalqının böyük
rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə dərin
hörmətinin rəmzi kimi, Bakının mərkəzində dahi rus şairi
Aleksandr Sergeyeviç Puşkinə abidə ucaldılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib:
“Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə
malikdir və bu gün uğurla inkişaf edir. Humanitar sahədə
əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz
tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil tam
həcmdə qorunub saxlanıb, təhsilin rus dilində olduğu
300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Lomonosov
adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il
Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb
Universitetinin ilk xarici filialı öz qapılarını
tələbələrin üzünə açıb”.
L.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya
ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini qayğı ilə
qoruyub saxlayır. O, sonda deyib: “Mən çox şadam ki,
ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun
möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli
Vladimir Vladimiroviç, bu yüksək təltifə görə sizə bir
daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin
təqdim etməyiniz mənim üçün xüsusilə dəyərlidir. Sizə və
bütün Rusiya xalqına xoşbəxtlik, firavanlıq və sülh
arzulayıram”.
Qeyd edək ki, Leyla Əliyeva “Puşkin” medalına
“Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın
möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və
xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması
və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq
görülüb.
“Puşkin” medalı Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın layiq görüldüyü ilk
Rusiya təltifi deyil. L.Əliyeva “Həştərxan vilayəti
qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti
qarşısında xidmətlərinə görə” medallarına, habelə III
dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə
layiq görülüb.
Tədbirdə Azərbaycan Respublikasının Rusiyadakı
səfiri Polad Bülbüloğlu iştirak edib.
AZƏRTAC |