Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi
təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan
şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi
və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi
tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında
aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat
nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib
ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək
məqsədi ilə
ƏMR EDİRƏM:
1.
2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF -
Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
“Sabahın alimləri” V Respublika Müsabiqəsi keçirilsin.
2.
Ümumi təhsil müəssisələrinin direktorları:
2.1. 2015-ci il 1 noyabr tarixindən etibarən şagirdlərin
mövzularının
sabahinalimleri.edu.az saytında onlayn rejimində
qeydiyyatdan keçirilməsini və 25 dekabr tarixinədək
şagirdlər tərəfindən təsdiq edilmis mövzular üzrə
aparılan tədqiqatların başa çatdırılmasını təmin
etsinlər;
2.2. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək
istəyən müəllimlərin qeydiyyatdan keçməsi 2016-cı il 15
yanvar tarixinədək təmin edilsin.
3.
Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət
Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki
Universiteti (H.Məmmədov), Sumqayıt Dövlət Universiteti
(E.Hüseynov), Naxçıvan Dövlət Universiteti
(S.Məhərrəmov) və Qafqaz Universitetinə (Ə.Saniç)
tapşırılsın.
4.
Naxçıvan Muxtar Respublikasının ümumi təhsil
müəssisələrində müsabiqənin təşkili ilə bağlı
məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının
təhsil naziri P.Nağıyevə həvalə edilsin.
5.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə və Sumqayıt
şəhərlərinin təhsil idarələrinə, digər rayon və şəhər
təhsil şöbələrinə ümumi təhsil müəssisələri arasında
müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi
tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin
genişləndirilməsi və müsabiqəyə hazırlıqla bağlı
məsələlərin həllində ümumi təhsil müəssisələrinə
köməklik göstərilməsi tapşırılsın.
6.
Elm və ali təhsil şöbəsinin sektor müdiri,
müsabiqənin direktoru G.Hüseynova:
6.1. Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün
hazırlıq işlərini həyata keçirsin;
6.2. Müsabiqənin Təlim Akademiyasının təşkili və
treninqlərin keçirilməsini təmin etsin;
6.3. Müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında
təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təsdiq üçün
təqdim etsin;
6.4. Müsabiqənin həmtəşkilatçısı olan nazirlik və
təşkilatçıların birgə qərarının layihəsini hazırlayıb 20
gün müddətinə Nazirliyin rəhbərliyinə təqdim etsin;
6.5. Müsabiqənin keçirilməsi ilə bağlı satın alınması
tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı
Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
7.
Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev)
müsabiqədə layihələrin qiymətləndirilməsi və seçim
prosesinin həyata keçirilməsinə köməklik göstərilməsi
tapşırılsın.
8.
Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov)
müsabiqənin keçirilməsi ilə bağlı müvafiq mal, iş və
xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin
həyata keçirilməsini təmin etsin.
9.
İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal və
xidmətlərin satın alınması üçün Əsaslı Tikinti və
Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə
vəsaitin ayrılmasını təmin etsin.
10.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
(S.Məmmədov) Müsabiqəyə texniki dəstək verilməsini (müvafiq
elektron xidmətlərin göstərilməsi) təmin etsin.
11.
İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb aidiyyəti
müəssisələrə göndərilməsini, QHT və KİV-lərlə iş sektoru
(C.Valehov) əmrin Nazirliyin internet səhifəsində
yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində
dərc olunmasını təmin etsin.
12.
Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə
edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2015-ci il |