Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird
yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının
istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks
etdirən fotolardan ibarət guşələr yaradılıb.
Burada yaradılan şəraitlə tanışlıq zamanı
Azərbaycan Prezidentinə məlumat verildi ki, Qoxmuq kənd
tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi.
O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız
vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə
təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə
aparılan islahatlar Qoxmuq kənd tam orta məktəbinin
həyatında da mühüm rol oynadı. 2013-cü ilin oktyabrında
Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət
büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd
tam orta məktəbi üçün yeni binanın inşasına başlandı.
Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün
bütün zəruri şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr
olan bina üçmərtəbəlidir.
Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42
sinif otağı yaradılıb, müasir standartlara cavab verən
və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları
qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə
təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi
biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və
şagirdlərin istifadəsinə verilib. İdman zalında da
müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt
zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür
imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq
zolağı salınıb, həyətyanı sahədə idman meydançası
yaradılıb və idman qurğuları quraşdırılıb.
Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi
fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın
şagird təhsil alır.
AZƏRTAC |