Latviyanın Dauqavpils şəhərində gənc taekvondoçular
arasında Avropa birinciliyi Azərbaycan millisi üçün
uğurlu start götürüb.
Belə ki, 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən
Qaşım Maqomedov özünü yaxşı tərəfdən göstərib. Öncə
erməni rəqibi Harutyun Karbuzyanı 28:4 hesabı ilə məğlub
edən taekvondoçumuz ardınca İlya Qritsyuka 15:8,
ispaniyalı Xose İqnasioya 9:3 hesabı ilə qalib gəlib.
Lakin Maqomedov gərgin keçən yarımfinal qarşılaşmasında
rusiyalı Aleksey Rudnikə 1 xal hesabı ilə uduzaraq
(20:21) üçüncü yerlə kifayətlənib.
Qızlar arasında millimizi təmsil edən Gülhanım Yeşildal
da bürünc medala layiq görülüb. O, belaruslu Svetlana
Paçabutu 7:0, almaniyalı Fonda Natı 7:1, macarıstanlı
Csenqe Patakfalvyanı 11:5 hesabı ilə məğlub etsə də,
finala vəsiqə uğrunda döyüşdə polşalı Patrisya
Adamkieviçlə mübarizəni aktivinə yaza bilməyib.
Qeyd edək ki, yarışın qarşıdakı günlərində yığmamızın
digər üzvləri də tatamiyə çıxacaqlar. |