Masallı rayonunun 15 məktəb komandası fövqəladə
hallar zamanı davranış, yanğın və texniki təhlükəsizlik
qaydaları, eləcə də mülki müdafiə tədbirləri sahəsində
bilik və bacarıqlarını nümayiş etdiriblər. Masallı Rayon
Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata
görə, şəhər 3 nömrəli tam orta məktəbdə Fövqəladə
Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin
təşkilatçılığı ilə orta məktəb komandaları arasında
fövqəladə hallarla bağlı müsabiqə təşkil olunub.
Müsabiqənin açılışında çıxış edənlər fövqəladə
hallar sahəsində keçirilən intellektual yarışların
əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara
hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər
arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli
yanaşma hissinin artırılmasından, gənclər arasında
sağlam həyat tərzinin təbliği, məktəblilərin yanğın və
texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri,
fərdi və kollektiv mühafizə vasitələri, eləcə də ilkin
tibbi yardımın düzgün göstərilməsi qaydalarının
vacibliyindən danışıblar.
Müsabiqənin yekun nəticələrinə əsasən, “Dəfinə”
liseyinin komandası birinci, Türkoba kənd tam orta
məktəbinin komandası ikinci, şəhər 1 nömrəli tam orta
məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandaların üzvləri diplom və qiymətli
hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir iştirakçılarına fövqəladə hallarla bağlı
müxtəlif mövzularda hazırlanmış videoçarx, fotoslaydlar,
yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri
paylanılıb.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |