Müasir dövrdə internet uşaq və yeniyetmələr üçün
tədris və əyləncə vasitəsidir. Azyaşlıların internetin
zərərli təsirlərindən qorunması, onların
təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb
edən məsələlərdəndir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən
elmi seminar da məhz bu məsələyə həsr olunub.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda
institutun əməkdaşı Nəzakət Məlikovanın “Uşaqların
internet mühitində təhlükəsizliyinin təmin olunması
problemləri və onların həlli yolları” mövzusunda
məruzəsi dinlənilib.
Məruzəçi uşaqların internetdə qarşılaşdığı
təhlükələr, kompüter oyunlarının uşaq və yeniyetmələrin
psixologiyasına təsiri haqqında danışıb. Uşaqların
zərərli kontentdən qorunması üçün provayderlər
tərəfindən təklif olunan “informasiyanın süzgəcdən
keçirilməsi” xidmətindən istifadə olunmasının
vacibliyini vurğulayıb.
N.Məmmədova internet mühitində rast gəlinən
kibertəhlükələrdən danışaraq bu təhlükələrin kontent,
kommunikasiya, elektron, istehlakçı kimi risk qruplarına
ayrıldığını söyləyib. O, həmçinin internetin məktəblilər
üçün yaratdığı təhlükələri diqqətə çatdırıb,
internet-asılılıq problemi və onun fəsadları, bu
problemlərlə mübarizə üçün beynəlxalq təcrübə,
Azərbaycanda uşaqların internet-asılılıqdan qorunması
istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi
aparılıb, bir sıra təkliflər irəli sürülüb. |