Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Ən yaxşı müəllimin dərs nümunəsi

 

Bikə NƏCƏFOVA,
Bakı şəhəri, 23 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi
 

VI SİNİF

Azərbaycan dili fənni 

Mövzu: Orxon-Yenisey abidələri

Böyütmək üçün seçinYeniyetmələrin timsalında şəxsiyyət-vətəndaş yetişdirmək, onların dünyagöruşünü genişləndirmək, milli mənlik şüurunu oyatmaq, onlara milli kimliyini və qüdrətini, soykökünü, gen kodlarını tanıtmaq Azərbaycan dili və ədəbiyyat tədrisinin mühüm vəzifə və məqsədidir. Müasir dərsdə müəllimin rolu dəyişir, o, şagirdlərə biliyi hazır şəkildə şərh edən, mənimsədən mütəxəssis kimi deyil, məktəbliyə öyrənməyi öyrədən bələdçi kimi çıxış edir. Şagird artıq təlim prosesinin obyekti deyil, bərabərhüquqlu iştirakçısına, bilikləri müstəqil əldə etməyi bacaran tədqiqatçıya çevrilməkdədir.

Standartlar:

2.1.1, 2.2.1, 2.2.2, 2.2.3

Məqsəd:

1. Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.

2. Mətndəki elmi məlumatları ümumiləşdirib lakonik tezislərlə ifadə edir.

3. Mətndəki əsas məqamları qrafik informasiya (cədvəl, sxem) şəklində təqdim edir.

4. Mətnin hissələrini məzmuna uyğun başlıqla adlandırır.

5. Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.

6. Mətndəki seçilmiş hissənin onda yaratdığı hiss və duyğuları şərh edir.

İnteqrasiya: Tarix, coğrafiya.

Təlim forması: Qruplarla, cütlərlə iş.

Təlim üsulu: BİBÖ, müzakirə, sual müsabiqəsi.

Resurslar: Dərslik, lüğət, cədvəl, sxem və s.

Dərsin gedişi: Salamlaşma və davamiyyətin yoxlanılması.

Motivasya:

Motivasiya üçün ekranda 5 manatlıq pul əsginazının şəkli göstərilir (Bax: sağ sütundakı 1-ci şəkil).

Müəllim: - Sizcə, bu əsginazdakı işarələr nə deməkdir?

Cavab:

Şagirdlər əvvəlki dərslərindən qədim türk əlifbası, Azərbaycan dilinin hansı dillər qrupuna daxil olması, türk dilləri qrupuna daha hansı dillərin daxil olması, tarix boyu xalqımızın hansı əlifbalardan istifadə etməsi və qədim türklər haqqında bildikləri məlumatları söyləyirlər. Bu məlumatları BİBÖ cədvəli üzərində qeyd edirlər.

Tədqiqat sualı: Orxon-Yenisey abidələri haqqında elm aləminə nələr məlumdur?

Tədqiqatın aparılması:

Sinif 3 qrupa bölünür. Qruplar “Bilgə xaqan,” “Kül Tigin” və “Tonyukuk” adlandırılır.

Müəllimin şərhi:

Tədqiqatı aparmaq üçün şagirdlərin qarşısına aşağıdakı tapşırıqlar qoyulur:

Standart 2.1.1

1. “Köçəri həyat” ifadəsini necə başa düşürsünüz?

2. “Kitabə”, “kurqan”, “xaqan”, “ulus”, “törə” sözlərinin mənalarını araşdırın.

Qruplara tapşırıq:

Tapşırıq 1: (Bax: sağ sütundakı 2-ci şəkil).

Tapşırıq 2:

Mətn 12 abzasdan ibarətdir. Əvvəlcə mətni səsli oxuyun. Sonra hər cütlük tapşırılan abzası oxuyub, əsas fikri müəyyən etsin.

Tapşırıq 3:

Orxon-Yenisey abidələrinin tədqiqi tarixinin xronoloji cədvəlini tərtib edin.

Məlumatların mübadiləsi:

Qruplar tapşırıqlara hazırladıqları cavabların təqdimatını edirlər. Xəritədə işləyirlər. Orxon-Yenisey abidələrinin tədqiqi tarixinin xronoloji cədvəlini tərtib edirlər.

Sonda BİBÖ cədvəlinin “öyrəndim”  hissəsinə yeni faktları yazırlar (Bax: sağ sütundakı 3-cü şəkil).

Nəticə və ümumiləşdirmə:

Şagirdlərə tapşırılır ki, mətndəki məlumatlardan 5 əsas məqamı seçib yazsınlar. Sonda məlumatı ümumiləşdirib tezis şəklində təqdim etsinlər. Nəticədə məlum olur ki, Azərbaycanın 5 manatlıq əsginazının arxa üzündə Orxon-Yenisey əlifbası və Gül Tigin kitabəsi çap olunub. Kitabədə yazılır: “Türk millətinin adı, sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, Türk millətinin adı, sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğu üçün Xaqan oldum”.

Ev tapşırığı:

Evə araşdırma yönümlü tapşırıq verilir: Bu bölmədə oxuduğunuz mətndən və başqa mənbələrdən istifadə etməklə qədim türklər haqqında məlumat toplayıb təqdimatlar hazırlayın.

Qiymətləndirmə:

Qiymətləndirmə tərtib olunmuş xüsusi cədvəl üzrə aparılır, bu zaman aşağıdakı bacarıqlar əsas götürülür (Bax: sağ sütundakı sonuncu şəkil).

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov