Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Kompüter şagirdlərin dərsə davamiyyətini azaldır

 

OECD yeni hesabatla çıxış edib 

İqtisadi  Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD)  dünya ölkələrində yeni dərs ilinin başlanması münasibəti  ilə hazırladığı  (“Tələbələr, kompüter və tədris” - “Students, Computers and Learning”)  adlı son hesabatına   əsasən,  təhsil müəssisələrinin yüksək texnoloji avadanlıqlarla təchizatı  heç də  şagirdlərin bilik səviyyəsinin inkişafı üçün təminat  vermir.  Tədqiqatlar nəticəsində məlum olub ki, kompüterlərdən tədris prosesində istifadə olunması onun keyfiyyətini və uşaqların bilik səviyyəsini yaxşılaşdırmayıb.

Alimlər dünyanın 70-dən artıq ölkəsində informasiya texnologiyalarının uşaqların təhsil uğurlarına təsirinin öyrənilməsi məqsədilə irimiqyaslı tədqiqatlar aparıblar.  Hesabata əsasən, hər il bütün dünya üzrə məktəblərin texniki təchizatına 17,5 milyard funt-sterlinq vəsait ayrılır.  Bununla belə, günlərinin çox hissəsini məktəbdə kompüter arxasında keçirən şagirdlərin əksəriyyəti texniki vasitələrdən az istifadə edənlərə nisbətən pis oxuyurlar.    Üstəlik, kompüterdən həddindən artıq istifadə şagirdləri   materialın normal mənimsənilməsi  prosesindən ayıra bilər.  Kompüterlər və digər texniki qurğular şagirdlərin akademik biliklərini yaxşılaşdırmır.  İnternetdən daha çox istifadə olunduğu  7 ölkədən 3-də - Avstraliya, Yeni Zelandiya, İsveçdə şagirdlər oxu  üzrə çox aşağı nəticələr göstəriblər.  Daha 3 ölkədə - İspaniya, Danimarka, Norveçdə isə məktəblilərin uğur səviyyəsi  “durğunluq”   həddindədir.  Təhlillər göstərir ki, reallıqda məktəblər texnologiyaların yaratdığı bütün imkanlardan  xeyli geridə qalırlar. 2012-ci  ildə OECD  ölkələrinin 15 yaşlı  şagirdlərinin  96%-i  bildirib ki, onların evlərində  kompüter var.  72% -i bildirib  ki, onlar məktəbdə stolüstü kompüter, noutbuk və planşetdən  istifadə edir. Lakin şagirdlər sinifdə  kompüterlərdən istifadə etsələr  belə,   İKT vasitələrinin  uşaqların  təlim nəticələrinə təsiri  ən yaxşı halda birmənalı deyil.  Bildirilir ki,  məktəbdə kompüter və ya planşetdən orta səviyyədə istifadə edən şagirdlər onlardan az-az istifadə edən şagirdlərdən daha yaxşı nəticələr göstərirlər. Lakin kompüterlərdən  daha çox istifadə edən şagirdlər çox vaxt pis nəticə nümayiş etdirirlər. 

OECD-nin təhlilinə  görə, Cənubi Koreya  məktəblərində şagirdlərin yalnız 42%-i, Şanxayda isə 38%-i  kompüterlərdən istifadə edirlər.   Lakin şagird nailiyyətlərinin beynəlxalq (PISA) qiymətləndirməsinin 2012-ci il üzrə  nəticələrinə əsasən məhz adıçəkilən ölkələrin şagirdləri   oxu və riyaziyyat  fənlərindən  ən yaxşı nəticələr (Şanxay -613 bal, Cənubi Koreya 554 bal) göstəriblər.  Qeyd olunur ki, Cənubi Koreya və Şanxayın yüksək keyfiyyətli  məktəb təhsili sistemi daha az səviyyədə kompüterlərdən istifadəyə üstünlük verir.  Digər ölkələrin şagirdlərindən fərqli olaraq  texniki qurğulardan az istifadə edən sinqapurlu şagirdlər daha yaxşı “rəqəmsal” vərdişlərə malikdir. Əksinə,  məktəblərdə internetin  daha çox istifadə olunduğu bir çox ölkələrdə şagirdlərin test nəticələri çox aşağıdır.  Məsələn,  Norveçdə şagirdlərin 92 faizi məktəblərdə internetdən istifadə edir, lakin onların test nəticələri yalnız 489 baldır. Avstraliyada məktəblərdə şagirdlərin 94 faizi internetdən istifadə edir, lakin təhsilalanların oxu və riyaziyyat üzrə test nəticələri cəmi 504 baldır. Asiyanın inkişaf etmiş ölkələrində kompüter və planşetlərin insanların həyatının ayrılmaz hissəsinə çevrilməsinə baxmayaraq  şagirdlər dərslərdə texnoloji avadanlıqlardan minimum istifadə edirlər. Bununla belə,  şagirdlər ən yüksək akademik biliklər nümayiş etdirirlər.  Məsələn,  Cənubi Koreyada məktəblilər siniflərdə kompüterlərdən orta hesabla  9 dəqiqə,  Honkonqda  11 dəqiqə istifadə edirlər. Müqayisə üçün Avstraliyada bu göstərici 58, Yunanıstanda 42, İsveçdə isə 39 dəqiqə təşkil edir.

Tədqiqat müəllifləri dünya ölkələrini və təhsil müəssisələrini  texnologiyalara aludə olmamağa çağırır. “Şərqi  Asiya ölkələrinin  məktəblərində uşaqlar texnologiyalardan istifadədə çox ehtiyatlıdırlar. Onların  test nəticələri  kompüterdən  müntəzəm istifadə edən şagirdlərin nəticələrindən yüksəkdir”, - deyə OECD-nin təhsil proqramları direktoru Andreas  Şleyxer bildirib.  Onun sözlərinə görə, “ən müasir tədris metodlarını əldə etmək üçün yeni  texnologiyalardan və ən əyani vəsaitlərdən istifadə olunması,  eləcə də insani ünsiyyət tədrisin səviyyəsini  xeyli artıra bilər”.  O qeyd edib ki,  müəllimlərin çoxu  informasiya texnologiyalarına elə aludə olublar ki, onlara olan ümidlər bir çoxlarını aldadıb.  “Hesabatda bizi daha çox  məyus edən  məqam odur ki,   texnologiyalar  sayəsində şagirdlər arasındakı sosial-iqtisadi fərq azalmır,  əksinə daha  da artır”, - deyə Andreas Şleyxer bildirib. Onun fikrincə,  bu fərqin azaldılmasına  bütün şagirdlərin riyaziyyatı yaxşı başa düşmələri  daha çox təsir göstərir.

Tədqiqat müəllifləri tədris prosesində kompüterlərdən  imtina etməyə çağırmır, ancaq hesab edirlər ki, onların  daha səmərəli tətbiq sahəsini  axtarmaq lazımdır.  Qeyd olunmalıdır ki, müxtəlif  tədqiqatlara əsasən, şagird nailiyyətlərinin azalmasına müxtəlif  faktorlar, eləcə də sms-xəbərlərə  və sosial şəbəkələrə aludəçilik təsir göstərir.  Alimlər akademik uğurların yaxşılaşdırılması üsulları arasında  dərs məşğələlərinin daha gec saatlara keçirilməsini  və hətta ayaqüstü tədrisin aparılmasını da  tövsiyə edirlər.

OECD hesab edir ki,  məktəblər, müəllimlər şagirdlərin istəyini stimullaşdırmaq üçün tədris prosesində müasir texnologiyalardan məhz necə istifadə etmək barədə düşünməlidirlər.  Alimlər müəyyən ediblər ki, texnologiyaların tətbiqi şagirdlərin davamiyyətinin və onların yeni biliklərin əldə olunmasında maraqlı olması səviyyəsini artırmır.  Bir sıra hallarda kompüterlər faydadan çox ziyan vurur.  Bundan əlavə, texnoloji avadanlıqlar uşaqlarda  bütün məlumatların internetdə əlçatan olması illüziyası yaratmaqla onları zəiflədə bilər.

Alimlər məktəb rəhbərlərini yeni texnologiyalardan ağıllı istifadə etməklə  tədrisin klassik sistemini dəstəkləməyə çağırıb. Məktəblərdə  həyata keçirilən istənilən yenilik əsaslandırılmalı və təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət etməlidir.  

www.oecd.org

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov