Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

“Uşaqların bir çoxu sadəcə özlərinə  əziyyət vermək istəmirlər”

 

İnformatika və proqramlaşdırmaya dair müəllim təcrübəsi 

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

o.mustafayev@muallim.edu.az
 

Tanıtma: Mixail Dolinski 1958-ci ildə Belarusun Qomel şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra F.Skorina adına Qomel Dövlət Universitetində təhsil alıb, dəniz aviasiyasında xidmət edib, sonra isə yenə də artıq müəllim kimi doğma universitetə qayıdıb.  Hazırda Mixail Dolinskinin əsas iş yeri Qomel Dövlət Universitetidir. O, burada riyaziyyat fakültəsinin riyazı  idarəetmə  problemləri  kafedrasında dərs deyir. Ancaq son 10 ildir onu həftədə 2 dəfə (çərşənbə və bazar günləri) Qomel şəhər 2 nömrəli  məktəbdə tapmaq olar ki, burada o, uşaqları  informatika və proqramlaşdırma üzrə olimpiadalara hazırlaşdırır. Mixail Dolinski xatırlayır ki, vaxt var idi, məktəbdə bir neçə on nəfərə cəmi səkkiz kompüter düşürdü.  İndi texniki təchizatla bağlı  problem həll olunub, artıq hamıya yer çatır və  tədris  kompüterləri arxasında əyləşən 6 yaşdan 14 yaşadək uşaqlar  proqramlaşdırma üzrə tapşırıqları yerinə yetirirlər. 

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyaları cəmiyyət həyatının müxtəlif sahələrində geniş tətbiq  olunmaqdadır.  Bir sıra ölkələrdə İKT texnologiyaları ümumi təhsilin ayrılmaz hissəsinə çevrilib.  İKT  texnologiyalarından danışanda tədrisin mühüm aspekti kimi  məktəblərdə informatika və proqramlaşdırma məşğələlərinin təşkil olunması prioritet məsələ  kimi ortaya çıxır. Orta məktəblərdə  informatika və proqramlaşdırmanın əhəmiyyəti,  bu sahədə məşğələlərin hansı siniflərdən başlaması zəruriliyi, azyaşlıların nə dərəcədə müasir və heç də sadə olmayan texnoloji sxemlərlə ilk tanışlığı və müəllim təcrübəsi də aktuallıq kəsb edən maraqlı suallardandır.  Bütün bu suallara  Belarusun Qomel şəhərində informatika və proqramlaşdırma müəllimi işləyən,  yetirmələrinin sorağı müxtəlif beynəlxalq informatika olimpiadalarından gələn Mixail Dolinski  öz təcrübəsinə əsaslanaraq cavab verib. 

Mixail Dolinskinin yetirmələrindən   Gennadi Korotkeviçin adı  həm Belarus, həm də onun hüdudlarından kənarda da hamıya məlumdur. O,  məktəblilər arasında informatika üzrə beynəlxalq olimpiadaların dəfələrlə qalibi, Google və “Yandex” kimi  şirkətlərin keçirdiyi   proqramlaşdırma   turnirlərinin qalibidir.  Amma hər bir bacarıqlı və istedadlı insanın onu məqsədə aparan bir  müəllimi olmalıdır. G.Korotkeviçin müəllimi isə Mixail Dolinskidır.   Proqramlaşdırma  barədə  danışmaq, kiçik kompüter dahilərinin bacarıqları nədən asılıdır, istedad və səylərdən hansı daha vacibdir kimi sualları  bir çox uğurlu  Belarus proqramçılarının müəllimi olan Mixail Dolinski həvəslə cavablandırır.

Mixail Dolinski deyir:  - Uşaqla məşğul olmağa  o vaxt başlamaq olar ki, o artıq gəzə və danışa bilir. Təcrübə göstərir ki, bu dörd yaşından mümkündür. Artıq bu yaşda olan uşaqların inkişafında fərqlər nəzərə çarpır. Birinci sinifdə bu fərqlər daha qabarıq şəkildə özünü göstərir.  Vaxtilə mən hətta elmi məqaləmdə yazmışam ki,  belə uşaqları irəli çəkmək üçün bir il saxlamaq  və yalnız sonra ümumi təhsilə cəlb etmək düzgündür.  Əks halda indi müşahidə etdiyimiz hallar   baş verir: onlar yorulur,  ümumiyyətlə, oxumaqdan çox tez əl çəkirlər, sadəcə  məktəbə gedib-gəlirlər. 

Məşqçi (bu söz Mixail Dolinskiyə daha çox yaraşır) hesab edir ki, uşağın inkişaf səviyyəsi, ilk növbədə, onun valideynlərindən birbaşa asılıdır. Əgər onlar doğulduğu gündən uşaqları ilə məşğul, onunla həmyaşıd kimi ünsiyyətdə olur, birlikdə oyun oynayırsa, onda körpə hər bir tapşırığı həmyaşıdlarına nisbətən vaxtından daha əvvəl yerinə yetirir. Müvafiq olaraq isə, daha tez inkişaf edir. Uşağın qabiliyyəti dedikdə, biz orta inkişaf səviyyəsindən üstün inkişaf səviyyəsini başa düşürük.  Yəqin ki,  anadangəlmə göstəricilər də var, lakin real həyatda onların mütləq əksəriyyəti - bacarıq və vərdişlər valideynlərin uşaqlarla məşğul olması prosesində əldə olunur. Onun sözlərinə görə, uşaqlarda ümumu cəhətlər axtarmaq lazım deyil. 

M.Dolinski qeyd edir ki, heç kim məktəbə “uğura köklənmiş” gəlmir, onlar məktəbdə öncə konkret nə ilə məşğul olacaqlarını bilmirlər. Yalnız uğur qazanmış uşaqların ümumi cəhətləri,  məşğələlərdə bütün vaxtlarını prosesə sərf etməyə imkan verən maraq və çox işləməyə hazır olmaları barədə danışmaq olar. Məşqçinin (müəllimin) vəzifəsi uşağa  gərgin işləməyin nədən ötrü lazım olduğunu düzgün danışmaq, yolun əvvəlində onu  düzgün motivasiya etməkdir.  Və  uşağa proqramlaşdırmanı  mümkün qədər tez öyrətməyə  başlamaq lazımdır, məşğələlərin keçirilməsi texnologiyası uşağın yaşından çox  asılıdır. Bu yaşda uşaqları işə daha asan alışdırmaq olar ki, bəzən işə can yandırmaq istedaddan daha çox əhəmiyyət kəsb edir. Üstəlik, şagirdlərin bir çoxunda çox işləmək  və çətinlikləri aradan qaldırmaq istəyi çatışmır.

Mixail Dolinski deyir: - Mən  məşğələlərdə ümumiyyətlə tədrisdən qalmayan və ya hətta regional səviyyədə belə heç bir nəticə əldə edə bilməyən onlarla, bəlkə də yüzlərlə “ağıllı gözləri” olan uşaqlar gördüm. Onlar bu məşğələlərə kifayət qədər vaxt ayırmayıblar. Əgər əvvəllər mən özümə  belə bir təskinlik verirdim ki,   uşaqlar özlərini göstərə biləcəkləri sahə taparlar, indi isə öz-özümə daha çox əminəm ki, onların bir çoxu sadəcə olaraq  özlərinə  əziyyət vermək istəmirlər.

M.Dolinski sistemi üzrə hazırlıq bir neçə prinsipə əsaslanır. Birincisi,  məktəbə gələnlərin  hamısına - məktəbəqədər yaşlı uşaqlardan tutmuş təqaüdçülərə qədər hamıya proqramlaşdırmanı öyrətmək lazımdır. M.Dolinski xatırlayır ki, proqramlaşdırmanı öyrənmək üçün bir dəfə  onun yanına  hətta yaşlı bir kişi  gəlib, o iddia edib ki,  “deyirlər, beyni işlətmək ömrü uzadır”. İkincisi,  tədris vaxtından səmərəli istifadə etmək lazımdır. Məşğələdə şagird hər dəqiqə ərzində  öz imkanları daxilində işləyir. Müəllim ev tapşırıqları ilə yetirmələrini yükləmir. Hər bir şagirdin işinin nəticələri obyektiv qiymətləndirilməli,  uşaqların ilkin hazırlıq səviyyəsi və yaşı nəzərə alınmaqla təlim metodları,  texnologiyaları  təkmilləşməli və tətbiq olunmalıdır.  M.Dolinski qeyd edir ki, uşaqların  proqramlaşdırma qabiliyyətini əlavə  olaraq   üzə çıxarmaq lazım gəlmir. “Əgər proses uşaq üçün maraqlıdırsa,  o, məşğul olur  və  öz bilik səviyyəsini, vərdişlərini   və nəticələrini  yüksəldir.  Onun yetirməsi olaraq yuxarıda adını  çəkdiyimiz Gennadi Korotkeviç də bu mərhələdən keçib. Müəllimi ona hər hansı bir kitab verməyib. M.Dolinskinin  təlimi http://dl.gsu.by saytının bazasında qurulub.

Mixail Dolinski: - “İnformatika riyaziyyatı” kursu var.  Orada bir sıra məsələlər  təklif olunur  ki, biz onları sonradan proqramlaşdırma zamanı  həll edirik, amma bu kursda  proqram yazmaq  tələb olunmur, sadəcə məsələləri əllə həll etmək lazımdır. Mən bu kursdan səkkizinci sinif şagirdlərindən hansına proqramlaşdırmanı öyrətməyin əhəmiyyət  daşıdığını müəyyən etmək üçün istifadə etmişəm.

M.Dolinski yetirmələrinin fəaliyyətini  müntəzəm surətdə izləyir. Onun yetirməsi Gennadi Korotkeviç bir sıra məsələləri öz həmyaşıdlarından daha yaxşı həll edib.  Müəllim şagirdinin valideynlərinə də onun proqramlaşdırmanı öyrənməsini tövsiyə edib. Valideynləri isə övladlarının hələ kiçik olduğunu,  məktəbə getmədiyini bildiriblər. Lakin müəllim onları hər halda inandıra bilib.  Tezliklə Gennadinin  uşaq oyunlarını proqramlaşdırma məşğələləri əvəz edib. Valideynləri də uşaqlarında yeni sahəyə marağın artdığını,  proqramlaşdırma ilə müntəzəm məşğul olduğunu  bildiriblər.  Uşaq intensiv məşğul olduqca onun potensialı daha artıq görünməyə başlayıb.

-  Tezliklə Gennadi  proqramlaşdırma üzrə internet-olimpiadalarda iştirak etməyə başladı. Elə ki, onun nəticələri kifayət qədər   yaxşı olmağa başladı, mən ona informatika üzrə şəhər olimpiadasına yazılmasını təklif etdim. O,  birinci sinifdə oxuyurdu. Lakin olimpiadanın şəhər turunda iştirak üçün məktəb  turundan keçmək lazım idi. Anası onu olimpiadaya gətirəndə müəllimlər dedi ki, bu cür kiçik yaşda uşaqlar informatika olimpiadasında iştirak edə bilməzlər. “Yaxşı, siz ona olimpiadada  həll olunacaq məsələləri verin”, - deyə anası bildirdi. Nəticədə azyaşlı uşaq bütün olimpiada məsələlərini hamıdan yaxşı  həll etdi. Məktəbdə isə belə bir utandırıcı elan asıldı:İkinci, üçünci yerləri filankəslər tutdu, şəhər olimpiadasına isə birinci sinif şagirdi Gennadi Korotkeviç  gedəcək. 

Bir il sonra Gennadi olimpiadanın vilayət mərhələsindən respublika mərhələsinə çıxıb və diplom alıb. O, V sinifdə beynəlxalq olimpiadada gümüş medala layiq görülüb, qızıl medala cəmi 6 balı çatmayıb.

Çoxları soruşur: Gennadiyə kömək etmək lazım idimi? Gennadi məşğələlərə başlayanda bizim məktəbdə beynəlxalq olimpiadaların sonralar qızıl medalını və bir sıra mükafatlar almış şagirdlər məşğul olurdu. Aydındır ki, Gennadi onlardan çox şey öyrənə bilərdi. Bundan əlavə, uşağa çox yaxşı  proqramçı olan atası da kömək edə bilərdi. Mənə elə gəlir ki,  bu məsələdə konkret kömək yox, uşaqların baş vurduğu mühit daha çox əhəmiyyət daşıyır.  Lakin Gennadinin  əməksevərliyini də qeyd etməmək olmaz. Belə ki, o,  stolüstü tennislə məşğul olur və bu sahədə böyük uğurlar əldə edirdi, hətta vilayətin yığma komandasına daxil idi. Dərslərini  də yerinə yetirirdi, elə ki, seçim etmək vaxtı yetişdi,  o, proqramlaşdırmanı seçdi.

M.Dolinski təkcə hamıya tanış olan Gennadi Korotkeviçlə fəxr etmir, onun tələbələrindən Artem Kuznesov Belarusun ilk çempionu,  daha sonra isə informatika üzrə beynəlxalq olimpiadanın mükafatçısı olub. İndi o yerli “Interval”  kompaniyasında proqram təminatı şöbəsinə rəhbərlik edir. Tələbələrindən Slava  Litvinov Amerikada yaşayır və  “Intel”  şirkətində işləyir.  Jenya Qonçar  İsveçrədə “Google” şirkətində, Dima Boqdanov Minskdə “Yandex” şirkətində çalışır.      M.Dolinski qeyd edir ki, bu cür uğurlardan sonra Belarus   Təhsil Nazirliyi tərəfindən   informatika və proqramlaşdırmaya münasibətin  necə dəyişməsi özü bir sualdır.

- Mən belə bir faktı  qeyd etmək istərdim:Təhsil Nazirliyinin  himayəsi ilə  informatika üzrə olimpiadanın vahid sistemi, müsabiqə qaliblərinin imtahansız ali məktəblərə daxil olmaları, qaliblərin beynəlxalq olimpiadalarda iştirakı,  beynəlxalq yarışlara hazırlıq toplantılarının keçirilməsi  müxtəlif səviyyəli perspektiv uşaqlar üçün yay məktəblərinin təşkili  -  bütün bunlar uşaqların proqramlaşdırma məşğələlərinə cəlb olunmasında güclü stimuldur. Mən, heç də bütün ölkələrdə bu sahədə vəziyyətin bizdə olduğu kimi yaxşı olmadığını çox təəccüblə qarşıladım. Bir sıra ölkələrdə olimpiadalar dövlət dəstəyi olmadan təşəbbüskarlar tərəfindən keçirilir.  M.Dolinski hesab edir ki,  proqramlaşdırma  çətin ki, yaxın gələcəkdə icbari vərdişə çevrilsin. O bunu belə  izah edir ki, istehlak və xidmət sahəsi  bir neçə dəfə sürətlə inkişaf edir. Onun sözlərinə görə, Qomel proqramlaşdırma məktəbinin öyünməli olduğu uğurları var.

- 1997-2015-ci illər ərzində Qomel vilayətindən 15 məktəbli informatika üzrə beynəlxalq olimpiadalarda ümumilikdə 9 qızıl, 11 gümüş və 8 bürünc olmaqla 28 medal qazanmışlar. Bu gün Qomeldə  kifayət qədər perspektivli uşaqlar var. Onların 2016 və 2017-ci illərdə keçiriləcək beynəlxalq informatika olimpiadalarında ən azı gümüş  medal qazanacaqlarına əminəm. Mən birinci sinif şagirdi Kostya  Konovalın adını xüsusi çəkmək istəyirəm, o artıq proqramlar yazmağı öyrənir və  proqram işləmələrinə  dair 4 tapşırığı təhvil verib.

“Yol gedən qazanar: bir şagird daha əhəmiyyətli uğurlar əldə etmək istəyirsə,   o daha çox səy göstərməlidir”, - deyə M.Doliski bildirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov