Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az
Ötən
əsrin əvvəllərindən, 1901-ci ildən başlayaraq elmin
ayrı-ayrı sahələrində ciddi töhfələri ilə seçilən
praktik əhəmiyyətli kəşflərə görə Nobel mükafatı
verilir. Hər il oktyabrın ilk günlərində dünya elmi
ictimaiyyətinin diqqəti Stokholma yönəlir. Hamı
nüfuzlu elm mükafatının bu il kimə qismət olacağını
gözləyir. Elm sahəsində yüksək mükafatı artıq neçə
illərdir ki, türk dünyası da gözləyir. Və nəhayət,
2015-ci il oktyabrın ilk günlərində çoxdan gözlənilən an
yetişdi. Amerikada yaşayan biokimya professoru Əziz
Səncər türk dünyasında elm sahəsində ilk dəfə Nobel
mükafatına layiq görülmüş bir alim kimi öz adını
tarixə yazdı. Amerikanın Şimali Karolina Çapel-Hill
Universitetinin biokimya professoru Əziz Səncərin
həyatı və elmi mücadiləsi ilk təhsil yollarında kövrək
addımlarını atan məktəbli, ali məktəblərdə elmin
sirlərini öyrənən tələbə, neçə-neçə gəncə yol göstərən
müəllim, gecə-gündüz apardığı tədqiqatların
nəticələrini gözləyən gənc araşdırmaçı üçün əsl
örnəkdir. Əziz Səncərin zəka, istedad və çalışqanlığın
bariz nümunəsi olan həyat yoluna biz də nəzər salaq.
Uşaqlıq illəri
Professor Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardın
vilayətinin Savur liçəsində (kəndində) yazmaq-oxumaq
bilməyən, ancaq təhsilə çox önəm verən bir ailədə anadan
olub. Ailədə 8 uşaq böyüyürdü, Əziz onlardan 7-cisi idi.
Bununla belə, valideynləri uşaqlarının hamısına ilk
təhsil vermişdi. Əziz Səncər ailəsi və ilk təhsil
illərini belə xatırlayır: “Anamın və atamın oxu-yazması
yox idi, ancaq onlar təhsilin çox önəmli olduğunu
bilirdilər və uşaqların hamısının təhsil alması üçün
əllərindən gələni etmişdilər”.
Əziz orta məktəbdə oxuduğu illərdə öz bacarığı ilə
seçilirdi, lakin futbola da marağı güclü idi. Liseyin
futbol komandasının qapısını qoruyurdu. Gənc
futbolçulardan ibarət milli komandanın məşqlərinə də
dəvət almışdı. “Futbolçu olmaq mənim ən böyük arzum idi,
hər zaman milli komandada oynamaq istəmişdim.
Ancaq bir müddət sonra yaxşı bir qapıçı ola bilmək üçün
boyumun kifayət qədər hündür olmadığına qərar verdim və
dərslərimlə daha çox məşğul olmağa başladım”. O, bütün
fənlərə eyni dərəcədə maraq göstərib. “Mən əslində
kimyaçı olmağa qərar vermişdim. Ancaq Mardində liseydə
oxuyanda dostlarım mənə tibb üzrə test imtahanlarında
özümü sınamağımı istədilər. İmtahana getdim, həm kimya,
həm də tibdən testləri uğurla verdim. Sinif
yoldaşlarımdan 5-i tibb fakültəsinə girdi. Mən kimyaya
daxil olmaq qərarımı bildirdim. Onlar isə “Əziz, gəl
birlikdə tibbə gedək” deyərək məni qərarımı dəyişməyə
razı saldılar”.
Yaxınlarının məlumatına görə, Əziz Səncər Mardində çox
ağır həyat şəraitində oxuyub. O zaman işıq belə yox idi,
Əziz isə dərslərini şam işığında oxuyurdu.
Şam işığından Nobelə uzanan yol
İlk, orta məktəb təhsilini Savur və Mardində tamamlayan
Əziz Səncər 1963-cü ildə İstanbul Universitetinin tibb
fakültəsinə daxil olaraq oranı 1971-ci ildə başa vurub.
Ali məktəbdə oxuyarkən
fundamental
fənlər üzrə müəllimlərinin elmi kəşflər barədə
söhbətləri gənc tələbəni həyəcanlandırırdı. Əziz
Səncər tezliklə biokimya tədqiqatçısı olmağa qərar
verib. İstəyini biokimya müəlliminə söylədikdə,
müəllimi ona ən azından bir müddət həkimlik etməsini
tövsiyə edib. “Tibdən məzun olan hər kəsin fundamental
elmlərlə məşğul olmazdan əvvəl bir neçə il həkimlik
etməsində böyük fayda görürəm” deyən müəlliminin
tövsiyəsinə əməl edən Ə.Səncər ikiillik həkimlik
təcrübəsi keçib. Tezliklə Ə.Səncər başa düşüb ki, tibb
onun sahəsi deyil və biokimyanı öyrənməyə qərar verib.
“İkinci kursda oxuyarkən bu yolda irəliləməyə qərar
vermişdim. Lakin müəllimlərimdən biri “əvvəlcə doktorluq
işini müdafiə edin, sonra özəlliklə təməl elm sahəsi
üzrə ixtisaslaşın” demişdi. Onun tövsiyəsi mənim üçün
çox önəmli idi. Amerikaya doktorluq işi dalınca
getməyimin də səbəbi bu oldu”. Türkiyədə təqaüd
proqramının qalibi olan Əziz ali təhsilini davam
etdirmək üçün ABŞ-a gedib. “Amerika həyatına
uyğunlaşmaq çətin oldu. Müəllimlərlə dil tapa bilmirdim.
Çox çalışmaqla bağlı hər hansı problemim yox idi.
Müəllimim çox nüfuzlu alim idi. Hər gün yeni bir fikirlə
onun yanına gedirdim. Bir gün mənə “Əziz, müəllim kim,
tələbə kim? - mənim sənə deyəcəyimi sən mənə deyirsən”
dedi. Məndə isə “biz türklər hər kəsdən üstünük”
kompleksi var idi. Uşaq deyildim, ancaq o zamankı
düşüncəm belə idi. Con Hopkins Universitetində ingilis
dili ilə bağlı problemi həll etdikdən 6 ay sonra mən
artıq amerikalılara dərs deyirdim. Elmi çətinliyim yox
idi, sosial problemlərim oldu”, - deyən alim Amerikaya
getdiyi ilk illəri xatırlayır. ABŞ-da ilk
çətinliklərdən sonra vətənə dönən gənc tədqiqatçı 1
ildən sonra təkrar olaraq ABŞ-a, Çapel-Hill
Universitetinə yollanıb. Universitetdə tədris ingilis
dilində idi. Əziz isə fransız dilini öyrənmişdi. Az vaxt
ərzində ingilis dilini mükəmməl surətdə mənimsəyən
gənc tədqiqatçı həmkarlarını və onunla işləyən
müəllimlərini belə təəccübləndirib. Uzaq ölkədə
üzləşdiyi bir sıra çətinliklərə baxmayaraq gənc
tədqiqatçı heç vaxt ruhdan düşməyib, inandığı sahədə
daha da irəliləməyə qərar verib: “Bir dəfə ilkin
qoyduğum təcrübələrdən biri nəticə verməyəndə mən öz
qabiliyyətlərimə olan ümidlərimi itirməyə başladım.
Hətta vəziyyət elə bir həddə çatdı ki, mən
fikirləşdim:”Səndə eksperimental təcrübələr üçün
istedad yoxdur. Sən yaxşı həkim olmusan, niyə də
həkimlik praktikasına geri qayıtmayasan? Lakin mən elmdə
qaldım”. O, ABŞ-ın Dallas ştatındakı Texas
Universitetində molekulyar biologiya sahəsində DNT-nin
təmiri üzrə doktorluq dissertasiyası müdafiə edib. Daha
sonra Yel Universitetində DNT-nin bərpası üzrə dosent
vəzifəsi alıb.
“DNT-nin təmiri”
1982-ci ildən Şimali Karolina Çapel-Hill Universitetində
biokimya və biofizika sahələrində çalışan alim burada
DNT-nin təmiri, hüceyrə düzülüşü, xərçəngin müalicəsi
və vücudun bioloji saatı üzərində çalışıb. Tədqiqatlar
gedişində Əziz Səncəri təəccübləndirən o idi ki,
ultrabənövşəyi şüaların öldürücü dozalarını alan
bakteriyalar müşahidə olunan diapazonda mavi işıqla
şüalandıqdan sonra öz qüvvələrini bərpa edirlər. Artıq
Texas laboratoriyasında işlərkən Ə.Səncər ultrabənövşəyi
şüalanmanın (fotoliaz) vurduğu zərərin aradan
qaldırılmasına cavabdeh olan gen fermentini uğurla
müəyyən edə bilib və kodlaşdırıb. 1970-ci illərdə bu
kəşf Amerika universitetlərində böyük maraqla
qarşılanmışdı. O, az sonra öz tədqiqatlarını Yel
Universitetində davam etdirməli olmuşdu. Məhz Yel
Universitetində alim ultrabənövşəyi şüalanmadan sonra
hüceyrə təmirinin ikinci sisteminin təsvirini verib.
Fotoliazdan fərqli olaraq ikinci sistemdə bərpa qaranlıq
şəraitdə davam edir. 1980-ci ildə Səncər Çapel-Hill
Universitetində daimi vəzifə alır və tezliklə istər
bakteriya, istərsə də insan DNT-sinin təmir olunması
problemini tədqiq etməyə başlayır. Hələ 2005-ci ildə
Türkiyədə keçirilən elmi forumda Ə. Səncərin bu
işlərinin Nobel mükafatına layiq olduğunu əvvəlcədən
xəbər vermişdilər. O isə öz açıqlamalarında “ötən
illər ərzində Əhməd Ayıq və Nəim Süleymanoğlu (məşhur
türkiyəli idmançılar) qızıl medal qazananda çox sevinər,
onların rəsmlərini otağımda yuxarı başda asardım. Kaş ki,
mən də türk millətinə belə bir şərəf qazandıra biləydim
deyə düşünürdüm. İndi bu uğurlarım türk gənclərini elmə
təşviq edə bilsə, çox xoşbəxt olaram“,- deyə bildirirdi.
Səncər Nobel mükafatı məsələsində “mənim Nobeldə gözüm
yox, onu da tələbələrimə verirəm” deyirdi.
34
illik zəhmətin bəhrəsi
Əziz Səncər DNT-nin təmiri ilə əlaqədar tədqiqatlara
tam 34 il əmək sərf edib. Nəhayət, 2015-ci il oktyabrın
7-də İsveç Elmlər Akademiyası yanında Nobel Mükafatları
Komitəsi bütün türk dünyasını sevindirən qərarını
açıqlayıb: Ə.Səncər DNT-nin təmiri sahəsində
xidmətlərinə görə isveçli alim Tomas Lindal, amerikalı
Pol Midriçlə birgə Nobel mükafatına layiq görülüb.
Nobel Komitəsinin mətbuat üçün açıqlamasında bildirilib
ki, alimlər DNT-nin “təmiri” və genetik informasiyaların
qorunub saxlanılması zamanı molekulyar səviyyəni
göstərən üsulun tapılmasına görə bu mükafata layiq
görülüblər. Nobel komitəsi alimlərin işlərini yüksək
qiymətləndirib. Açıqlamada bildirilib: “Üç alimin
sistemli işləri canlı hüceyrələrin necə çalışması ilə
yanaşı, irsi xəstəliklər, xərçəng və qocalmanın
arxasındakı amilləri anlamaqda böyük rol oynayır.”
Əziz Səncər DNT-də bir sıra genetik qüsurların aradan
qaldırılması üsulunu kəşf edib ki, bu da xərçəngdən
əziyyət çəkən xəstələrə sağalmaq ümidi verir.
Professor Əziz Səncərin xərçəng xəstəliyi sahəsində
apardığı mühüm tədqiqatlar bütün dünyada alimlər
tərəfindən yüksək qiymətləndirilib. O, xərçəng
xəstəliyində “vücudun ritmik saatı” nəzəriyyəsinin
müəllifidir. Ə.Səncər hesab edir ki, “ritmik saat”
orqanizmin bütün funksiyalarına nəzarət edir. Mexanizm
xərçəng hüceyrələrinin yaranması, bölünməsi və
inkişafını da müəyyən edə bilər. Əgər bu saatın işləmə
mexanizmi müəyyən edilsə, xərçəng xəstəliklərini müalicə
etmək üçün təsirli dərmanlar yaratmaq olar.
“Bu xəbəri gözləmirdim”
Əziz Səncər ailəsi 2015-ci il oktyabrın 7-də
Stokholmdan gələn telefon zənginə oyandı. Telefonun
dəstəyini alimin həyat yoldaşı götürüb. Telefonda olan
şəxs həyəcanla Əziz Səncəri soruşub və çox önəmli bir
xəbər üçün onu oyatmağı xahiş edib. “Yarım saat öncə
(səhər saat 05:00 ) bir telefon zəngi gəldi. Telefonu
yoldaşım götürdü və məni oyatdı. Mənə dedilər ki,
Nobel mükafatına layiq görülməyiniz barədə xəbər
almısınızmı və Stokholma mükafatı almağa gələ
biləcəksinizmi. Heç gözləmirdim, xeyli çaşbaş qaldım.
Məntiqli olmaq və fikirlərimi düzgün çatdırmaq üçün
əlimdən gələni etdim. Yoldaşımla bir müddət
bir-birimizin üzünə baxdıq. Amma ən gözəl an idi.
İllərdir məndən nə zaman Nobel alacağımı soruşurdular və
mən bu sualı eşitməkdən yorulmuşdum. Dolayısı ilə ölkəm
üçün də ayrıca qürur duyuram. ...Mənə çox gözəl təhsil
verən vətənimdir. Mənə fövqəladə tibb təhsili verdi və
buradakı uğurlarımın qaynağı oldu. Bu baxımdan vətənimə
çox minnətdaram. Bütün Türk millətinə sevgi və
salamlarımı çatdırıram”, -deyə alim Nobel komitəsinin
saytına eksklüziv müsahibəsində bildirib. Ə.Səncər bu il
Nobel mükafatını, xüsusən də kimya sahəsində almağı
gözləmədiyini deyib. O, nə vaxtsa bu mükafatı
gələcəkdə, özü də tibb sahəsində ala bilməsini güman
edirdi.
“Bu kəşf həyatda mənə ən çox məmnunluq yaşadan
kəşfdir. Xatırlayıram, bu kəşfi etdiyim gün biokimyaçı
olan həyat yoldaşıma dedim ki, indiyə qədər tək Allahın
bildiyi mühüm bir şeyi bütün dünyada bu an bir mən
bilirəm”.
“Gənclər
mənim etdiyimi etməsin”
Əziz Səncər onu Nobelə qovuşduran böyük elmi yolun
təməlinin ABŞ-da deyil, Türkiyədə qoyulduğunu bildirib.
Xaricdə oxumağa gedən türk gənclərə üz tutan nobelçi
alim qeyd edib: “Elmi düşüncəni Türkiyədə öyrəndim.
Xarici ölkələrə oxumağa getsinlər, oraları görsünlər,
çalışsınlar, lakin mənim etdiyimi etməsinlər, Türkiyəyə
dönsünlər”. Jurnalistlərlə görüşündə alim xarici
ölkələrdə təhsil alan gənc tədqiqatçıların təhsillərini
başa vurduqdan sonra vətənə dönmələrini tövsiyə edib.
Bizim məmləkətdə çox gözəl bir təhsil var. Türkiyədə
ibtidai, orta məktəblərimiz, liseylərimiz,
universitetlərimiz pulsuzdur. Mənə bu imkanlar təmin
edildi. Türkiyədə universitetdə oxuyarkən orada
gördüyüm təhsil buradakı universitetlərin səviyyəsində
idi. Türkiyə bizləri çox gözəl təhsillə təmin edir.
Bunu Amerikada edə bilməzsiniz. O baxımdan mən bu
mükafata görə məmləkətimə və respublika dövrünün
başlatdığı təhsilə borcluyam. Mən buraya gəldim,
müvəffəqiyyət qazandım, amma mənə bu təməli verən
Türkiyədəki təhsildir. Mən buraya 1974-cü ildə gəldim,
o gəldiyim dövrdə Türkiyənin bugünkü imkanları yox idi.
Lakin məni Türkiyə hazırlamışdı. Mən buraya gələndə
araşdırma edə biləcək səviyyədə idim”. Nobel aldıqdan
sonra da araşdırmalarını fəal surətdə davam etdirəcəyini
bildirən alim “elmin sonu yoxdur, araşdırmalarımız davam
edəcək” deyib. Alim Avropa və Amerikada çox bacarıqlı,
parlaq türk elm adamlarının olduğunu qeyd edib:
“Amerikada Nobel mükafatı ala biləcək səviyyədə
tədqiqatlar aparan insanlarımız var. İnşallah onlar da
uğur qazanar. Ümidliyəm, başqa Nobel mükafatı
alanlarımız da olacaq”.
Tələbkar, qayğıkeş müəllim
34 ildir ki, Çapell-Hill Universitetində həftənin 6 günü
gündə 12 saat işləyən Ə.Səncər tələbələrini çox sevir,
onlara hər zaman əl tutur. Elmi araşdırmalarda onlara
hərtərəfli dəstək olur. Diqqət və qayğısı sayəsində
Türkiyədən Amerikaya gəlmiş onlarla gənc Harvard
Universiteti də daxil olmaqla ölkənin nüfuzlu ali
məktəblərində, elmi-tədqiqat mərkəzlərində
fəaliyyətlərini davam etdirməkdədirlər. Onun iş
kabinetinin divarları yetirmələri olan tələbələrinin
şəkilləri ilə doludur. Tələbələri qeyd edirlər ki,
professor Ə.Səncər çox tələbkar, nizam-intizamı sevən
alimdir. Çalışmağı çox sevən alim Amerikaya getdiyi ilk
vaxtlarda universitet laboratoriyasında gündə 16-18
saat tədqiqat aparmaqla məşğul olub, barəsində
rektorluğa şikayət edilib və ona mövcud qanunların buna
icazə vermədiyi izah olunub. Əziz Səncər tələbələrinə
və tədqiqatlarına o qədər vaxt ayırır ki, bəzən
konfranslarda belə onu az-az görmək olar. Çox vacib
konfranslara isə laboratoriya xələtində qatılır.
Müəllim həmkarları, professorlar Səncər barədə “o,
sadəcə elm fədaisidir” deyirlər. Səncərin
laboratoriyasında hazırda 12 tələbə tədqiqatlar
aparır. Onların arasında türkiyəli gənclər də var.
Ə.Səncər bir alim, bir tədqiqatçı, bir şəxsiyyət kimi
onlar üçün örnəkdir. 40 ilə yaxındır ki, Amerikada
müəllimlik edən nobelçi alim pedaqoji fəaliyyətinin ilk
günlərinə aid bir maraqlı hadisəni açıqlayıb: “Amerika
yaxşı bir yerdir, amma yad oldunmu, türk də olsan, çinli
də olsan, koreyalı də olsan, bir çatışmazlığımız var.
Çünki gəlib burada dərs verəcəksən. Ləhcəmiz hiss
olunur. Amerikalı uşaq bizim söylədiklərimizi başa
düşmür. Xatırlayıram, burada ilk dərsimi verəndə,
bilirsinizmi, tələbələrin müəllimlərlə bağlı
qiymətləndirmələri olur, bir uşaq barəmdə “Onu ilk
gəmiyə mindirib, Türkiyəyə geri göndərin” deyə
yazmışdı. Məndə türk ləhcəsi açıqca hiss olunurdu”.
Akademik sahədə az rast gəlinən bir uğura imza atıb
Əldə etdiyi elmi nəticələri ilə bütün dünya miqyasında
tanınan Ə.Səncər 2005-ci ildə dünyanın ən nüfuzlu elm
təşkilatlarından olan Amerika Milli Elmlər
Akademiyasının, 2006-cı ildə Türkiyə Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. 1997-ci ildən bu
günə qədər ABŞ-ın Şimali Karolina Çapel-Hill
Universitetində biokimya və biofizika fakültəsində
müəllim işləyən professor Ə.Səncər nəşr etdirdiyi 33
kitab, 300-ə yaxın elmi məqalə və bu məqalələrə edilən
12 mindən çox istinadla akademik sahədə az rast gəlinən
bir uğura imza atıb. Professor Əziz Səncər 1984-cü
ildə Amerika Prezidentinin Gənc Araşdırmaçı, 2004-cü
ildə Amerika Elm və Sənət Akademiyasının, 2005-ci ildə
Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə
Türkiyə Elmlər Akademiyasının, 2007-ci ildə Türk Koç,
2009-cu ildə Texas Universitetinin “Seçilmiş
məzunlar”, 2014 -cü ildə “Dəvət olunmuş ən yaxşı
professor” mükafatlarına layiq görülüb.
Nobel mükafatını “Türk evi”nə bağışlayacaq
Əziz Səncər Kaliforniya Universitetinin professoru olan
Gven Boles Səncər ilə evlidir. Gven Səncər Şimali
Karolina Çapel-Hill Universitetinin biokimya və
biofizika bölümünün müəllimidir. Onlar birlikdə
Amerikada oxuyan türk tələbələrə yardım göstərmək və
Türkiyə-Amerika əlaqələrinin inkişafına xidmət üçün
“Əziz və Gven Səncər Vəkfi”-ni qurmuşlar.
Əziz Səncər 34 il əmək sərf etdiyi kəşfə görə aldığı
Nobel mükafatını da “Türk evi”nə xərcləyəcəyini
bildirib.
Türk dünyasına şərəf gətirmiş nobelçi alimə həsr olunmuş
məqaləni onun aşağıdakı xatırlaması ilə son vurmaq
istərdik. Bu xatırlamada iti zəkası, möhkəm iradəsi,
çalışqanlığı sayəsində zəmanəmizin ən görkəmli
alimlərindən biri zirvəsinə yüksəlmiş Əziz Səncərin
həyat kredosu əksini tapıb:
“Xatırlayıram, 1-2 il əvvəl bir tədqiqatçı həmkarımla
elmi kəşflərin mənəvi və maddi dəyərlərini danışırdıq.
Həmkarım mənə bu kəşfə maddi bir qiymət verməyimi
istədi. “Sənə on milyon dollar versək, bu kəşfi bir
başqasına verərsənmi?” desələr heç düşünmədən “Yox”
deyərəm. Çünki kəşf hər cür maddi mükafatdan başqa, mənə
nadir hallarda tapa biləcəyim daxili bir rahatlıq
vermişdir. Bundan başqa, gələcək nəsil türk
tədqiqatçıları biokimya və molekulyar biologiya
dərslərində bunu görüb “Bu kəşfi bizdən biri etdi” -
deyəcəklər. Onlara bu etimadı verməklə vətən torpağıma
xidmət etdiyimi hiss edirəm”.
Məqalədə Nobel Mükafatları Komitəsinin,
Şimali Karolina Çapel-Hill Universitetinin
materiallarından istifadə olunub. |