Oktyabrın
24-də Bakıdakı Heydər Əliyev adına liseydə təşkil olunan
“Şənbə görüşləri”nin budəfəki mövzusu “Məktəb
direktorunun gündəliyi” idi.
Qeyd edək ki, Təhsil Nazirliyinin
təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Şənbə
görüşləri” artıq ikinci dəfədir təşkil olunur və hər
görüşdə təhsilimizin müxtəlif məsələləri müzakirə
obyektinə çevrilir. Moderatoru Təhsil Nazirliyinin
nümayəndəsi Vəfa Yaqublu olan müzakirədə nazirliyin,
TPİ-nin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, təhsil ekspertləri və məktəb direktorları
iştirak edirdilər. Geniş şəkildə və səmimi keçən
müzakirədə moderator tərəfindən iştirakçılara “Bu gün
məktəb direktoru daha çox kimdir: menecer yoxsa pedaqoq?”,
“Azərbaycanda müəllif məktəbləri nə üçün yaranmır?”,
“Məktəblərdə təşkilati mədəniyyətin zəifliyi nə üçün
problem kimi qəbul edilmir?” sualları ünvanlandı.
Oxucularımıza iştirakçılar tərəfindən cavablandırılan
suallardan əsas məqamları təqdim edirik.
Məhəbbət Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini:
- Fikrimcə, məktəb direktoru təhsil ocağında olan
prosesləri daim diqqətdə saxlamalı, verilən
tapşırıqların düzgün yerinə yetirilməsinə nəzarət
etməli, yüksək pedaqoji səriştəyə, idarəçilik və
təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. Buna görə
də məktəb direktoru həm yaxşı menecer, həm də pedaqoq
olmalıdır. Ən başlıcası isə pedaqoji sahəni gözəl
bilməlidir ki, məktəbdə gedən proseslərə nəzarət edə
bilsin. Təcrübə göstərir ki, məktəbdə yaxşı müəllim
işləyənlər və bir qədər də təşkilatçılıq, idarəçilik
qabiliyyəti olanlar sonralar direktor olduqda onlar
yaxşı direktor kimi qiymətləndirilir. Lakin təkcə
idarəçilik və təşkilatçılıq qabiliyyəti olub, pedaqoji
sahədən məlumatı olmayanlar isə bir o qədər də yaxşı
direktor olmurlar. Bəlkə də başqa sahədə idarəçilik
qabiliyyəti yetərlidir, ancaq pedaqoji mühit elə bir
mürəkkəb münasibətlər şəbəkəsinə malikdir ki, burada
mütləq pedaqoji sahəni gözəl bilməlisən ki, düzgün mövqe
tuta biləsən.
Cəsarət Valehov,
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun
müdiri:
- Düşünürəm ki, təhsil fəlsəfəsinin özündə kritik
situasiya mövcuddur. Araşdırmalar da göstərir ki,
ümumiyyətlə dünyada təhsil sahəsində kritik durum var.
Bu baxımdan bu gün təhsilə münasibət dəyişməlidir.
Transformasiya olmalıdır. Çünki dünya dəyişirsə, bu,
insana da təsir edir. Məncə, XXI əsrdə ən çətin dövr
təhsildə transformasiyadır.
Müəllif məktəbləri məsələsinə gəldikdə isə,
fikrimcə, sovet dövründə buna bənzər məktəblərimiz olub.
Hansı ki, həmin məktəblər onun direktorunun adı ilə
tanınıb. Buna misal olaraq Xaldanda Zahid müəllimin,
Tovuzda Məhər müəllimin məktəblərini göstərmək olar.
Rüfət Əliyev,
Təhsil Nazirliyinin sektor müdiri:
- Direktor işləmək üçün ilk növbədə sifarişçinin
tələb etdiyi ilə razılaşmaq, həmin tələbləri yerinə
yetirmək lazımdır. Bundan əlavə, kadr sərbəstliyi
əsasdır. Komanda direktorun bütövlüyünün bir hissəsidir.
Həmçinin proqrama qarşı sərbəstlik olmalıdır. Çünki
gözlənilən nəticələrə çatmaq üçün proqramın necə həyata
keçirilməsini direktor bilməlidir. Direktorun maliyyə
mexanizmi haqqında məlumatı da olmalıdır ki, hansı
işləri görməli olacağını öncədən müəyyənləşdirsin.
Fikrət Xəlilov,
Heydər Əliyev adına liseyin direktoru:
- Təhsil ocağının idarə olunmasında məktəb
direktorunun pedaqoji təcrübəsinin, təhsili yaxşı
bilməsinin vacibliyini düşünürəm.
Lakin,
idarəetmə də vacib amillərdəndir. Əgər direktor bu iki
amili özündə birləşdirə bilirsə, onda ortaya yaxşı
nəticə çıxır.
Bundan başqa, direktor məktəbdə tərbiyəvi mühit
yaratmalıdır. Unutmayaq ki, məktəb tədrislə bağlı, həm
də tərbiyə müəssisəsidir.
Etibar Əliyev,
təhsil eksperti:
- Son dövrlər məktəb direktorlarında liderlik
keyfiyyətlərinin azaldığı fikrindəyəm. Menecerin məktəbə
rəhbərliyi xətti idarəetməni özündə cəmləşdirə bilər.
Yaxşı pedaqoq isə qeyri-xətti idarəetməyə üstünlük verir.
Bu baxımdan menecerlik idarəetmənin bir qolu ola bilər.
Bundan başqa, direktor özü tərbiyəçi olmalıdır. Eyni
zamanda direktor yaradıcı şəxs kimi də çıxış etməlidir.
Məktəbin simasını dəyişməsi üçün onun ideyaları
lazımdır.
İntiqam Cəbrayılov,
TPİ-nin əməkdaşı:
- Bugünkü məktəb direktoru müəyyən nəzəri
məsələləri mütləq bilməlidir. Belə ki, metodologiyanı
bilmədən, praktik məsələlərə istinad etmədən idarə
etməyin mənfi tərəfləri ola bilər. Məktəb direktorunun
menecerlik qabiliyyəti də olmalıdır. O, təkcə kollektivə
rəhbərlik etməməlidir, həmçinin onların dərd-sərini
bilməli, təhsilin məzmununa bələd olmalı, islahatların
gedişatı haqqında məlumatlı olmalıdır.
Fuad Babayev,
95 nömrəli tam orta məktəbin direktoru:
- Məktəblə valideynlərin münasibəti sıx olmalıdır.
Hazırda məktəblərdə yalnız 1-4 və 9-11-ci siniflərdə
oxuyan uşaqların valideynlərinin məktəblə münasibətləri
var. Qalan siniflər üçünsə boşluqdur. Valideynlər
övladlarının necə oxuduğu ilə maraqlanmırlar. Bundan
başqa, ali təhsil müəssisələri ilə məktəblər arasında da
sıx münasibət olmalıdır. Belə ki, ali məktəblər
ümumtəhsil məktəblərinin necə müəllim istəməsi ilə
maraqlanmırlar.
Almaz Bayramova,
246 nömrəli tam orta məktəbin direktoru:
- Məktəb direktorunda lazım olan ən vacib keyfiyyət onun
məktəbə və müəllim-şagird kollektivinə münasibətidir.
Direktor yerli mühiti, şagird kontingentini yaxşı təhlil
etməli, müəyyən qərarlar verərkən bütün bunlar nəzərə
alınmalıdır. Bunun üçün direktora dinamik işləmək üçün
yaxşı komanda da lazımdır.
Anar Məmmədov,
“İstək” liseyinin direktoru:
- Fikrimcə, ən böyük müəllim müşahidəçi olmalıdır. Belə
ki, cəsarətsizlik bu gün bir çox məktəb direktorlarının
komfort zonasına çevrilib. Pedaqoq hara gedirsə, orada
müşahidə aparır. Onun metodikası biliyindən,
emosionallığı məhəbbətindən doğmalıdır. Hər müəllimin
pedaqoq olması çətindir.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi” |