Kler Kain Miller,
İnternatıonal New York Times
Hal-hazırda
texnoloji aparatlar vasitəsilə görülən bütün işlərdə
(məsələn, cərrahiyyə əməliyyatını həyata keçirmək,
avtomobili idarə etmək, yaxud ərzaqla təmin etmək) hələ
də insanlara məxsus bir səciyyəvi xüsusiyyətə yer
verilmədiyi açıq-aşkar görünür. Onlar sosial bacarıqlara
malik deyil. Bununla yanaşı, əməkdaşlıq, mərhəmət və
çeviklik kimi bacarıqlar müasir iş prosesində getdikcə
daha çox həyati əhəmiyyət kəsb etməyə başlamışdır.
Aparılan yeni araşdırma nəticəsində müəyyən olunmuşdur
ki, güclü sosial bacarıqların olmasını tələb edən
peşələr 1980-ci ildən etibarən digər peşələr ilə
müqayisədə daha çox artmışdır. 2000-ci ildən etibarən
ardıcıl əməkhaqqı artımının müşahidə olunduğu peşələr
isə koqnitiv və sosial bacarıqların olmasını tələb
etmişdir.
Əldə olunmuş nəticələr iqtisadçılar üçün müəmmalı
qalan sirri izah etməyə kömək edir: hətta yüksək
ixtisaslı iş yerlərinin artımında qeydə alınan ləngimə.
Bütün əməkhaqqı spektri boyunca ən çox zərər görən iş
yerlərinin sosial bacarıqların olmasını tələb etməyən iş
yerləri olduğu müəyyən edilmişdir.
“Mən sizinlə söhbət etdiyim zaman sizin beyninizdə
hansı fikirlərin dolaşdığı barədə düşünməliyəm - O
darıxır? Mən ona çox məlumat verirəm? - və hər zaman öz
davranışımı tənzimləməliyəm”, - deyə Harvard
Universitetində təhsil və iqtisadiyyat kafedrasının
dosenti və yeni tədqiqatın müəllifi David Deminq
bildirib. “Proqramlaşdırmaq olduqca çətin bir işdir,
buna görə də o, iş yerlərinin payı qismində artmaqda
davam edir”.
Bəzi iqtisadçılar və texnoloqlar bu tendensiyanı
nikbinlik üçün səbəb kimi qiymətləndirirlər: texnologiya
bəzi iş yerlərini aradan qaldırsa da, yenilərini
yaradır. Bununla yanaşı, bizim işlədiyimiz üsul
vasitəsilə tələbələri dəyişikliklərə hazırlamaq üçün
məktəblərdə öyrədilən bacarıqlarda dəyişiklik etmək
zərurəti meydana gələ bilər. Sosial bacarıqlar ənənəvi
təhsildə nadir hallarda vurğulanır.
“Maşınlar (texnoloji aparatlar) bütün bu
prosesləri avtomatlaşdırır, bu baxımdan şəxsi bacarıq və
qabiliyyətlərə malik olmaq, insan amilini dərk etmək və
texnologiyaları necə təkmilləşdirməyi bilmək olduqca
vacibdir və bizim təhsil sistemimiz bu məqsədə xidmət
etmir”, - deyə Kleyton Kristensen İnstitutunun
həmtəsisçisi hesab olunan və həmin müəssisədə təhsil
prosesini tədqiq edən Maykl Horn bildirib.
Cənab Deminqin sözlərinə görə, məktəbəqədər təhsil
müəssisələrinin sinif otaqları müasir iş dünyası ilə
xeyli oxşarlıq təşkil edir. Uşaqlar özlərinin
hazırladığı əl işlərindən ayrılaraq, oyun meydançasında
kiçik qruplar şəklində birləşərək elmi eksperimentlərə
istiqamətlənirlər. Onların sahib olduqları ən önəmli
bacarıqlar digərləri ilə paylaşmaq və danışıqlar
aparmaqdır. Lakin bu proses tezliklə başa çatır və peşə
bacarıqlarının mühazirə şəklində tədrisi, eləcə də
müxtəlif səviyyəli subyektlərin qarşılıqlı fəaliyyəti
ilə əvəz edilir.
Bununla bərabər, iş prosesi məktəbəqədər təhsil
ilə daha çox oxşarlıq təşkil etməyə başlamışdır.
Cənab Deminq aşkar etmişdir ki, ünsiyyət və
düşüncə bacarıqlarının, xüsusilə riyazi bacarıqların
olmasını tələb edən iş yerləri məşğulluq və əməkhaqqı
baxımından ən yüksək nəticələr nümayiş etdirmişdir.
Onların sırasına həkimlər və mühəndislərin çalışdığı iş
yerləri daxildir. Riyazi deyil, sosial bacarıqların
tələb olunduğu iş yerlərinin sayında da artım qeydə
alınıb: hüquqşünaslar və uşağa qulluq edən işçilər
nümunə qismində çıxış edir. Nə sosial, nə də riyazi
bacarıqların tələb olunmadığı peşələr (əl əməyi və ya
fiziki əməyin əsas rol oynadığı peşələr) sürətlə sıradan
çıxan peşələr hesab olunur.
İnformatikanın tədrisi prosesinə xüsusi diqqət
yetirilməsinə baxmayaraq, riyaziyyat və elmin
öyrənilməsi kifayət deyil. Sosial deyil, məhz sözügedən
bacarıqları özündə birləşdirən peşələr (məsələn,
mühasiblər, bankda kassir - əməliyyatçılar və müəyyən
mühəndislər tərəfindən tutulan vəzifələr) son illərdə ən
yüksək maaşlı iş yerləri istisna olmaqla, yerdə qalan
bütün iş yerləri üzrə məşğulluq artımında ən aşağı
göstəricilər nümayiş etdirmişdir. Texniki bacarıqları və
şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqları özündə
birləşdirən peşələr (məsələn, qrup layihəsi üzərində
işləyən informatika üzrə mütəxəssis) texnologiya
sənayesində sürətlə yayılmağa başlamışdır.
“Əgər bu, yalnızca texniki bacarıqdırsa, o zaman
onun avtomatlaşdırılması üçün real şans mövcuddur və
əgər bu, yalnızca həssas və çevik olmağı nəzərdə
tutursa, o zaman burada çoxsaylı insan resursları
vardır, bu səbəbdən bu iş üçün yüksək maaş müəyyən
edilməyəcəkdir”, - deyə Massaçusets Texnologiya
İnstitutunun iqtisadçısı David Autor bildirib. “Bu, hər
ikisinin qarşılıqlı əlaqəsidir”.
Cənab Deminqin, o cümlədən cənab Autorun əldə
etdiyi nəticələr əvvəlki tədqiqatlar tərəfindən
dəstəklənir. Cənab Autor ənənəvi orta ixtisaslı iş
yerlərində işlərin (məsələn, kargüzarlıq və zavodda icra
edilən işlər) texnologiya vasitəsilə həyata
keçirildiyini bildirmişdir. Yeni orta ixtisaslı iş
yerləri texniki təcrübəni və şəxsiyyətlərarası
münasibətlər üzrə səriştəni özündə birləşdirir (məsələn,
fizioterapiya və ya baş podratçı kimi).
Nobel mükafatı laureatı, iqtisadçı Ceyms Hekman
həyata keçirdiyi işlər əsasında belə bir nəticəyə
gəlmişdir ki, xarakter, etibarlılıq və əzmkarlıq kimi
qeyri-koqnitiv bacarıqlar idraki nailiyyət qədər mühüm
əhəmiyyət kəsb edir.
Bu nəticələr elmi dairələrin hüdudlarından kənarda
təcrübədə tətbiq olunmuşdur. Məsələn, “Google”
tədqiqatçıları ən yaxşı idarəçinin nə etdiyini
müəyyənləşdirmək üçün şirkətin əməkdaşlarını tədqiq
etmişlər. Onlar bunun texniki təcrübə olacağını hesab
edirdilər. Bunun əvəzində isə onlar təkbətək görüşlərə
vaxt ayıran, problemlər üzərində işləmək üçün işçilərə
köməklik göstərən və onların həyatları ilə maraqlanan
insanlar ilə qarşılaşdılar.
Cənab Deminqin tədqiqatı bacarıqların bu
növlərinin sayını müəyyənləşdirir. Əmək Nazirliyinin
O*NET adlı icmalında peşələrdən tələb olunan vəzifə və
bacarıqlar haqqında məlumatdan istifadə etməklə o,
koqnitiv bacarıqlar, habelə təhsil və fəaliyyət illəri
kimi amilləri nəzərə aldıqdan sonra sosial bacarıqların
iqtisadi səmərəsini hesablamışdır.
O müəyyən etmişdir ki, sosial bacarıqların
olmasını tələb edən peşələrin sayında 1980-2012-ci illər
ərzində 24% artım qeydə alındığı təqdirdə, təkrarlanan
vəzifələrin (məsələn, tullantıların toplanması kimi)
icrasını nəzərdə tutan peşələrin, habelə analitik
vəzifələrin icrasını nəzərdə tutan və komanda işinin yer
almadığı peşələrin (məsələn, mühəndislik kimi) sayında
isə azalma müşahidə olunub.
Cənab Deminq bu prosesi müqayisəli üstünlük
iqtisadi anlayışı baxımından izah edir. Fərz edək ki,
iki işçi elmi məqalə dərc etdirir. Əgər onlardan biri
məlumatların təhlili, digəri isə yazı üslubu baxımından
fərqlənirsə, o zaman onların birgə əməkdaşlıq şəraitində
işləməsi daha məhsuldar olmağa və daha yaxşı nəticələr
əldə etməyə imkan yaradacaq. Əgər onların heç biri
şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqlara sahib
deyillərsə, o zaman daha məhsuldar tərəfdaşlıq yaratmaq
üçün birgə işin qiyməti çox yüksək ola bilər.
Qadınlar sosial bacarıqlara olan tələbatın xüsusi
üstünlüyündən istifadə etmişlər. Gündəlik işlərin
azalması kişilər ilə müqayisədə qadınlara daha çox zərər
vermişdir. Lakin qadınlar müştərək peşələrə daha uğurla
keçid etmişlər.
Tədqiqatçıların fikrincə, bunun başlıca səbəbi
qadınların körpəlik dövründən başlayaraq sosial
həssaslıq, emosional intellekt və digərləri ilə işləmək
baxımından bir qayda olaraq üstünlük əldə etməsidir.
Tədqiqatçıların fikrincə, bu nəticələr ənənəvi
təhsilin faydasız və lazımsız olduğu mənasına gəlmir.
Əslində, ənənəvi məktəb fənləri əmək bazarında rəqabət
aparmaq üçün həmişəkindən daha çox əhəmiyyətlidir. Lakin
bəzi məktəblər sosial bacarıqların tədris proqramına
daxil edilməsi metodunu təcrübədən keçirirlər.
Biznes və tibb məktəblərinin əksəriyyətində
tələbələr öz işlərini başa çatdırmaq üçün kiçik qruplar
şəklində bölünür. “Tərs sinif otaqları”nda müzakirə və
ya qrup işi üçün dərsdən və ehtiyat dərsdən əvvəl video
mühazirələr təşkil edilir. Əsas fikir ondan ibarətdir
ki, ənənəvi mühazirələr qarşılıqlı fəaliyyətin çox kiçik
bir hissəsini əhatə etdiyinə görə onların onlayn şəkildə
həyata keçirilməsi daha məqbul sayıla bilər.
San-Fransiskoda Minerva Məktəbləri - start-up kolleci bu
yanaşmanı tətbiq edir. Kollecin dekanı Stafan Koslyn
bildirib ki, başlıca məqsəd faktları sinfin
hüdudlarından kənara ötürmək və sinifdən səmərəli
ünsiyyət və qarşılıqlı fəaliyyət məqsədilə istifadəni
təmin etməkdir. “Onun tərkibinə yaradıcılıq,
mühakiməlilik və maşınların (texnoloji aparatların)
proqramlaşdıra bilmədiyi hər şey daxildir”, - deyə o
bildirib.
“Sözügedən bacarıqların öyrədilməsinin daha bir yolu isə
onları idman, orkestr və ya pyes kimi qrup məşğələləri
vasitəsilə öyrətməkdir”, - deyə Qadınlar İdman Fondunun
icraçı direktoru Debora Slaner Larkin bildirib. Onun
sözlərinə görə, tələbələr mühüm iş bacarıqlarını
öyrənirlər: bir-birinə etibar etmək, bir-birinin güclü
tərəflərini aşkar etmək və yaxşı təlim keçmək.
Bəlkə də nə vaxtsa, bütün işlər avtomatlaşdırıla bilər.
Amma eyni zamanda, bu tədqiqat iddia edir ki, tələbələr
real əmək bazarına çıxmağa hazır olmalıdırlar. Bəlkə də
ali məktəblər və kolleclər məktəbəqədər təhsil
müəssisələrində tətbiq olunan üsuldan istifadə etməklə
tələbələri qiymətləndirməlidirlər - sosial və əmək
fəaliyyətində iştirak etməklə sosial bacarıqların
nümayiş etdirilməsinə baxmayaraq. |