Zəlzələ
- qəflətən baş verən, cəmi bir neçə saniyə davam edən,
insan tələfatına səbəb ola və böyük miqdarda maddi ziyan
vura bilən təbii fövqəladə hadisədir. Respublikamızın
ərazisi fəal seysmik zonada yerləşdiyindən burada hər an
zəlzələ başvermə ehtimalı var. Odur ki, aşağıdakıları
hər biriniz bilməlisiniz: Zəlzələdən qorunmağın ən
başlıca yolu fəlakət baş verdiyi anda özünüzü
itirməməkdir. Əgər ilk təkan siz evdə olarkən baş
veribsə, təşvişə düşməyin. Çünki təşviş çətin anda
insana sağlam düşünməyə mane olur. Səs-küy və qışqırtı
salmadan, təmkin və ağılla hərəkət etsəniz həm özünüzə,
həm də ailə üzvlərinə kömək edə bilərsiniz.
Əgər siz aşağı mərtəbədə yaşayırsınızsa, ilk təkandan
sonra binadan çıxa bilərsiniz. Bunun üçün sizin 10-15
saniyə vaxtınız var. Bu zaman vacib sənədlər, pul və
zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan
çantanı götürməyi unutmayın.
Evdən çıxarkən mənzilinizə və ya binaya daxil olan qaz
və elektrik enerjisini bağlayın. Binanı tərk edib açıq
və təhlükəsiz yerə keçin.
Əgər məkanı 10-15 saniyə ərzində tərk etmək mümkün
deyilsə, buna cəhd göstərməyin, pilləkanlara çıxmağa və
liftə minməyə tələsməyin. Unutmayın ki, zəlzələ vaxtı
ən tez sıradan çıxan lift və pilləkanlar olur.
Təşvişə düşüb yüksək mərtəbənin eyvanı və ya
pəncərəsindən tullanmağa da cəhd göstərməyin. Siz ağır
yaralana, hətta həlak ola bilərsiniz.
İlk təkanı hiss etdikdə evdə təyin etdiyiniz təhlükəsiz
yerə (əsas sütun, qapı boşluqları və otaqların
yükdaşıyan divarlarına yaxın olan sahələr) keçin, əgər
burada dəmir ayaqlı masa varsa, onun altına girin. Bu
sizi divar və tavandan tökülən daş parçalarından qoruya
bilər. Diz üstə çöküb əllərinizlə başın arxa hissəsini
qucaqlayaraq qoruyun.Yanınızda azyaşlı varsa, onu öz
bədəninizlə qorumağa çalışın.
Əgər zəlzələ sizi küçədə haqlayıbsa, yuxarıdan düşən daş
parçaları, şüşə qırıntılarından qorunmaq üçün bina,
həmçinin, elektrik xəttindən, ən azı 10-15 metr aralıda
açıq yerdə dayanıb gözləyin.
Uşaqlara zəlzələ haqqında ətraflı məlumat verin. İzah
edin ki, əgər zəlzələ onlar bağçada və ya məktəbdə olan
vaxt baş verərsə, qorxmaq, vahiməyə düşmək və həyəcan
keçirmək lazım deyil. Sadəcə tərbiyəçinin, müəllimin
göstərişlərini diqqətlə dinləyib bunlara dəqiqliklə əməl
etmək lazımdır. Əgər bina çoxmərtəbəlidirsə, yaxşı olar
ki, otaqda qalaraq masa və ya partanın altına sığınıb
zəlzələnin bitməsini gözləsinlər. Bina
birmərtəbəlidirsə, tərbiyəçi və ya müəllimlə birlikdə
tez və qorxmadan həyətə çıxıb təhlükəsiz yerdə dursunlar.
Əmin olsunlar ki, böyüklər təhlükədən qurtarmaq üçün nə
lazımsa edəcəklər və valideynlər təcili olaraq özlərini
onların yanına çatdıracaqlar.
Zəlzələdən
sonra nə etməli?
Təkanlar bitdikdən sonra zəlzələ nəticəsində dağıntılar
və zərər çəkmiş insanları görə bilərsiniz. Bu zaman
düzgün qərar qəbul etmək üçün soyuqqanlılığı qoruyub
saxlamaq çox vacibdir.
Zəlzələ
sizi bina xaricində haqlayıbsa:
* əvvəlcə diqqət və təmkinlə yaranmış şəraiti dəqiq
qiymətləndirin. Zərərçəkmişlərə kömək edin, yaralılara
ilkin tibbi yardım göstərin, bərk qorxuya düşənləri
sakitləşdirməyə çalışın. Əgər yanğın başlayıbsa, onun
qarşısını almağa da yardım edə bilərsiniz;
* dağıntı olan yerlərə sadəcə maraq üçün getməyin. Əgər
sizin köməyinizə ehtiyac yoxdursa, həmin əraziyə
yaxınlaşmayın - bu, yaşadığınız bina olsa belə. Oraya
daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib
sonra qərar qəbul edin. Təkrar təkan zədələnmiş binanın
ayrı-ayrı konstruksiyaları və hissələrinin qəflətən
dağılmasına, hətta binanın uçmasına səbəb ola bilər.
Zəlzələ siz evdə olarkən baş veribsə və dağıntı yoxdursa:
* zəlzələ gecə vaxtı sizi tamamilə qaranlıqda
haqlayıbsa, kibrit və ya alışqan yandırmağa tələsməyin.
Yaxşı olar ki, yanınızda saxladığınız batareyalı
fənərdən istifadə edəsiniz. Başqa işıq mənbəyi yoxdursa,
onda kibrit və ya alışqan yandıra bilərsiniz. Lakin
əvvəlcə partlayış və yanğın törədə biləcək qazın
sızmadığına, yanar mayenin dağılmadığına əmin olun;
* qazı, suyu və elektriki ümumi şəbəkədən söndürərək
binanı tərk edin. Əgər cüzi yanğın ocağı varsa, onu öz
qüvvənizlə söndürməyə çalışın. Yanğını müstəqil
söndürmək mümkün deyilsə, ilk növbədə, uşaqları, yaralı
və əlilləri yanğın zonasından təhlükəsiz yerə çıxarın;
* əl altında radioqəbuledici varsa, onu qoşun ki,
qəzanın miqyası, onun nəticələrinin aradan qaldırılması
barədə lazımi tədbirlər haqqında müvafiq orqanların
məlumatını eşidə biləsiniz;
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa:
* təşvişə düşməyin. Təmkinlə şəraiti qiymətləndirin.
Əgər ehtiyac varsa, özünüzə ilk tibbi yardım edin -
qanaxmanı dayandırın, sarğı qoyun;
* əgər özünüz və yanınızda olanları dağıntı altından
çıxarmağa gücünüz çatırsa, bu zaman şəraitdən asılı
olaraq ən az zəhmət tələb edən asan üsulu seçin. Qüvvə
və bacarığınıza, ətrafınızdakı şəraitə tam əmin
deyilsinizsə, xilasediciləri gözləyin. Çünki şəraiti
düzgün qiymətləndirmədən atılan yanlış addım əlavə
dağıntıya səbəb ola bilər;
* diqqətli olun, dinləməyə çalışın. Əgər maşın və
texnikanın səsi kəsilibsə, demək xilasedicilər “sükut
anı” elan ediblər. Bu an onlar dərinlikdən gələn insan
qışqırtısı, iniltisi, taqqıltı və döyəcləmə səslərinə
qulaq verərək zərərçəkmişlərin yerini daha dəqiq təyin
etməyə çalışırlar. Bu sükutdan istifadə edib qışqıraraq,
yaxud ətrafdakı əşyaları ehmalca döyəcləyərək dağıntıdan
kənarda olan insanlarla əlaqə saxlamağa çalışın.
www.fhn.az |