Oktyabrın 26-da akademik Zərifə Əliyeva adına liseydə
“Sabahın alimləri” V Respublika müsabiqəsi ilə bağlı
“dəyirmi masa” keçirilmişdir.
İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir
müavini Məhəbbət Vəliyeva, İdarənin İnkişaf layihələri
sektorunun müdiri Lamiyə Şərəfxanova, Təhsil
Nazirliyinin (TN) nümayəndəsi Atiq Əliyev və 100-dən
artıq məktəbin direktoru iştirak etmişdir.
“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd
müsabiqədə bir neçə il qaliblər sırasında olmuş
məktəblərin təcrübəsini digər məktəblərlə bölüşmək
olmuşdur. Paytaxtın ümumtəhsil müəssisələrinin yuxarı
sinif şagirdləri arasında elm və mühəndislik sahəsində
milli müsabiqənin keçirilməsi və həmin müsabiqənin
qalibləri sırasından ən layiqlilərinin seçilib İntel
ISEF müsabiqəsinə göndərilməsi, müsabiqəyə qoşulan
məktəblərin sayının artırılması, həmçinin hər il eyni
məktəblərin iştirakının deyil, yeni məktəblərin
qoşulmasının təmin edilməsi iclasın əsas mövzularından
olub.
BŞTİ-nin müdir müavini Məhəbbət Vəliyeva çıxış
edərək “Sabahın alimləri” müsabiqəsinin keçirilməsinin
əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür
tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından
ibarət olduğunu bildirib.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru
Mehriban Vəliyeva ev sahibliyi etdiyi iclasda “Sabahın
alimləri” müsabiqəsi ilə bağlı fikirlərini, həmçinin
liseydə fəaliyyət göstərən Kiçik Akademiya haqqında
təcrübələrini, təkliflərini və məsləhətlərini digər
məktəblərlə bölüşüb. Bakı Avropa Liseyinin direktoru
Aygün Mikayılova isə bir neçə il qaliblər sırasında
olmuş liseyin təcrübələrini bölüşərək şagirdlərin
beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun
bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini
bildirib. İclasda iştirak edən 16 nömrəli Texniki
Humanitar Liseyin direktoru Ülviyyə Vəliyeva hazırladığı
təqdimatla bütün nüansları müsabiqədə iştirak etməyə
maraqlı olan digər məktəb direktorlarına çatdırıb. İntel
korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva da iclasa telefonla bağlanaraq bu cür
müsabiqələrin məktəblilərin elmə marağının artırılması,
onların istedad, bacarıq və elmi potensialının üzə
çıxarılması baxımından gərəkli olduğunu qeyd edib.
TN-nin nümayəndəsi Atiq Əliyev isə “Sabahın
alimləri” müsabiqəsinin işçi qrupunun üzvü olaraq
müsabiqəyə hazırlıq məqsədilə şagirdlər üçün təşkil
olunacaq seminarlar və müsabiqənin keçirilmə vaxtı
barədə geniş məlumat verib.
Qeyd edək ki, 2016-cı il 11-13 fevral tarixlərində
“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.
www.bakuedu.gov.az |