Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Təhsil Problemləri İnstitutunda seminar

 

Böyütmək üçün seçinOktyabrın   29-da Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun rəhbərliyi ilə “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin həyata keçirilməsində iştirak edən müdavimlərlə görüş keçirilib.  Giriş sözü ilə göruşü açan institutun direktoru  Qulu Novruzov bildirib  ki,TPİ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı qəbul olunmuş  “Fəaliyyət Planı”na  əsasən Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş “Tədbirlər Planı”nında  onlarla tədbirin icrasında  iştirak edir.  Bu tədbirlərdən biri də təhsilin bütün pillələri üzrə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.

Q.Novruzov bildirib ki, Tədbirlər Planının müvafiq bəndinin  həyata keçirilməsi üçün seminar - treninqin təlim proqramı və müdavimlərin siyahısı hazırlanıb, peşəkar təlimçi heyəti təşkil olunub. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin proqramı bütün təhsil pillələri üzrə seçilmiş pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, təlimin məzmununun və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək 60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks etdirir. Seminar-treninqlərə artıq start verilib.

Direktor onu da əlavə  edib ki,  noyabr və dekabr aylarında peşə, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji kadrları üçün seminar-treninqlər planlaşdırılır. Birinci ongünlükdə iştirak edəcək məktəbəqədər və ümumtəhsil pilləsinin pedaqoji kadrları üçün təşkil olunan seminar-treninqin məzmununa təhsil sistemində innovativ proseslərin idarə olunması metodologiyası, pedaqoji innovasiyalar, innovasiyaların tətbiqi zamanı yaranan pedaqoji və psixoloji problemlərin aradan qaldırılması üçün yeni metodik vəsaitlərin hazırlanması, müasir təlim texnologiyalarından istifadənin metod və vasitələri, innovativ metodiki resursların, elektron dərsliklərin yaradılması və vəsaitlərin hazırlanmasına verilən tələblər, müəllimlər, valideynlər, şagirdlər üçün informativ və maarifləndirici vəsaitlərin hazırlanması və s. daxildir.  Seminar-treninqin təşkil edilməsi məqsədilə geniş tərkibdə təlimçi heyəti yaradılıb.  Seminar-treninqin məşgələlərini institutun nüfuzlu alim-təlimçilərdən ibarət heyəti aparır.  

Eyni zamanda  seminar-treninqlər institutun Əlavə təhsilin kurikulumu şöbəsinin təşkilatçılığı ilə həyata  keçirilir.

Seminarda TPİ-nin direktor müavini  Ənvər Abbasov,  Bakıdakı 279 nömrəli tam orta məktəbin direktoru Oqtay  Səmədov və  müdavimlər seminar-treninqlərin  təşkilindən söz açıb, təkliflərini  bildiriblər. 

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov