İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin
valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə
heyətinin üzvləri Gəncəyə səfərləri çərçivəsində Gəncə
Dövlət Universitetində olub.
Qonaqları çoxsaylı kollektiv adından salamlayan
universitetin rektoru Yusif Yusibov qədim tarixə malik
bu ali təhsil müəssisəsinin yaranma tarixi, onun
fakültələri, xarici ölkələrin ali təhsil müəssisələri
ilə əlaqələri haqqında ətraflı məlumat verib.
Təbriz Tibb Universitetinin rektoru, professor Məhəmməd
Hüseyn Somi, İran İslam Respublikasının Xarici İşlər
Nazirliyinin məsul işçisi İsmayıl Babayi çıxış edərək
Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin
qurulmasının əhəmiyyətindən danışıblar. Diqqətə
çatdırılıb ki, hər iki universitet arasında əməkdaşlıq
əlaqələrinin qurulması müsbət nəticələr verə bilər.
Sonra iranlı qonaqlar universitetin tədris bazası ilə
yaxından tanış olublar.
Qonaqlara universitetin təsviri incəsənət ixtisası üzrə
təhsil alan tələbələrinin əl işlərindən ibarət
suvenirləri hədiyyə edilib. |