Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Türk dünyasının alimləri UNEC-də

 

Böyütmək üçün seçinOktyabrın 28-30-u tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, son dövrlərdə respublikamızın liberal bazar iqtisadiyyatının inkişafı fonunda çox ciddi tədbirlər həyata keçirilir. Ölkəmiz Prezident İlham Əliyevin neftsiz iqtisadiyyat qurmaq strategiyasının ən ciddi mərhələsinə qədəm qoyub. Azərbaycanın gələcəyini təmin edə biləcək uğurlu siyasətin ən vacib elementi təhsildir. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev ikinci dəfə prezident seçiləndən sonra imzaladığı ilk sənəd Azərbaycan Respublikasında ali təhsilin inkişafına dair dövlət strategiyası olub. Bu da o deməkdir ki, ölkə başçısı qara qızılın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi sayır və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürüb. UNEC bu tələblərin icra edilməsi baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır.

Rektor qloballaşan dünyamızda baş verən proseslər kontekstində türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun konqres iştirakçılarına ünvanladığı müraciətini səsləndirib. Müraciətdə bildirilib ki, müasir dünyada siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi, təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır. Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirmişdir. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkisaf yollarının axtarışını tələb edir. Bu baxımdan Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkərək bildirib ki, Azərbaycanın on minə yaxın tələbəsi Türkiyədə ali təhsil alır. Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı təhsil alır. Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Bir sözlə, hələ müstəqilliyinin 30-cu ilini qeyd etməyən Azərbaycan yaxın zamanlarda Türkiyəyə ən çox investisiya yatıran ölkə olmağa namizəddir.

Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.

XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-yə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq.

Konqres Azərbaycan Dövlət İqtisad Universiteti, İstanbul Universiteti (Türkiyə), Qazi Universiteti (Türkiyə), Sakarya Universiteti (Türkiyə), Uludağ Universiteti (Türkiyə), Cəlal Bayar Universiteti (Türkiyə), Bülent Ecevit Universiteti (Türkiyə), Giresun Universiteti (Türkiyə), Nevşehir Hacı Bektaş Veli Universiteti (Türkiyə), Qızıl Orda Korkut Ata Dövlət Universiteti (Qazaxıstan), Miras Universiteti (Qazaxıstan), İqtisadiyyat və Biznes Universiteti (Qırğızıstan), Beynəlxalq Vizyon Universiteti (Makedoniya) və Tbilisi Dövlət Universitetinin (Gürcüstan) təşkilatçılığı ilə keçirilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov