“Naxçıvan” Universitetinin bir qrup elmi dərəcəli
əməkdaşı Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi
dərslərin keçirilməsində yaxından iştirak edirlər.
Bununla bağlı olaraq universitetin tədris işləri üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli Şahbuz rayonunun Nursu kənd tam orta
məktəbində “Naxçıvan ərazisinə çar Rusiyası tərəfindən
ermənilərin köçürülməsi və yerləşdirilməsi məsələsi,
bölgənin demoqrafik vəziyyəti” mövzusunda dərs aparıb.
İ.Kazımbəyli bildirib ki, Rusiyanın himayəsi altında
erməni dövlətinin yaradılması, həçminin ermənilərin İran
və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara
köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus
münasibətlərinin qanunauyğun nəticəsi idi. Bu
münasibətlərin əsasını rus və erməni tarixi
ədəbiyyatında təbliğ olunduğu kimi, yalnız ticarət
əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman
dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən
isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti
təşkil edirdi.
O da vurğulanıb ki, çar Rusiyası ermənilərin Şimali
Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də
xeyli yer ayrılıb. Rusiya da bu siyasətə haqq
qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi
Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə
verməkdə davam edirdi. Çar I Nikolay İrəvan və Naxçıvan
xanlıqları əsasında qurama “Erməni vilayəti” yaradılması
haqqında 1828-ci ilin martında fərman verib. Lakin qısa
bir müddətdən sonra, 1840-cı ildə bu vilayəti ləğv edib,
beləliklə həmin ideyanın doğru olmadığı təsdiq olunub.
Buna baxmayaraq, 1823-1831-ci illərdə Naxçıvan bölgəsinə
xeyli miqdarda erməni köçürülüb.
Nuray ƏSGƏROVA |