Oktyabrın
22-24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində beynəlxalq mədəni əlaqələr çərçivəsində
“Fransa günləri” adlı tədbir təşkil olunub.
Universitetin professor-müəllim, tələbə heyətinin
iştirak etdiyi tədbiri rektor, professor Fərəh Əliyeva
açaraq qeyd edib ki, bu tədbir müəyyən qədər də olsa
hər kəsə Fransa mədəniyyəti ilə yaxından tanış olmaq
imkanı yaradacaq. Sonra musiqi sənəti fakültəsinin
fortepiano, vokal, xalq çalğı alətləri ixtisası üzrə
təhsil alan tələbələrin ifasında Çarlz de Lyuks,
J.Messne, L.Delib, L.Debüssi, K.Debüssi, Frensis Pulenk
və başqa bəstəkarların əsərləri səslənib. Aktyor sənəti
fakültəsinin tələbələrinin ifasında Hüseyn Cavidin “Mən
səma şairiyəm”, “Bana anlatma ki” şeirlərinin fransız
dilində səsləndirilməsi tədbirə xüsusi ab-hava gətirib.
Universitetin estrada ansamblının Fransa populyar
musiqisini ifa etməsi iştirakçıların ürəyincə olaraq,
tədbirə uğurlu sonluq vurub.
Tədbirin sonunda universitetin rektoru bütün
iştirakçıları uğurlu çıxışa görə təbrik edərək fəxri
diplomlarla təltif edib.
“Fransa günləri” çərçivəsində universitetin kiçik
zalında “Leon” və “Les Quatre Cents Coups” tanınmış
fransız filmləri nümayiş olunub. Oktyabrın 24-də isə
magistr tələbələrin hazırladığı “Notre Dame de Paris”
müzikli tamaşaçılara təqdim edilib.
Mətbuat xidməti |