İtaliyanın Ka Foskari Universitetində (Venesiya)
“Multikulturalizmə dair Azərbaycan və İtaliya
perspektivləri” mövzusunda keçirilən tədbirdə
Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının və Ka
Foskari Universitetinin birgə keçirdiyi tədbirdə
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Cinayət hüququ
və cinayət prosesi şöbəsinin müdiri, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat
rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev,
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktorları
Zöhrə Əliyeva və Zemfira Məmmədzadə, universitetin
birinci prorektoru, professor Tiziana Lippiello,
professor-müəllim və tələbə heyətinin nümayəndələri,
italiyalı gənc tədqiqatçılar, Azərbaycan Respublikasının
İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev və
yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Müzakirələrin gedişində italiyalı alim və
tədqiqatçıların Azərbaycan dili və mədəniyyətini
araşdırmağa böyük maraq göstərdikləri diqqətə
çatdırılıb. Azərbaycanın multikultural dəyərlərin kök
saldığı ölkə olduğunu deyən prorektor T.Lippiello
vurğulayıb ki, birgə tədbirlərin keçirilməsi ölkəmizin
mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə yaxından
tanış olmağa imkan yaradır.
Konfransda çıxış edənlər Azərbaycan üçün prioritet
məsələlərdən olan multikulturalizm, onun tarixi
ənənələri və hüquqi bazası haqqında ətraflı məlumat
veriblər. Konstitusiyaya əsasən, ölkəmizdə dini və irqi
mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın
bərabər hüquqlara malik olduğu vurğulanıb.
“Hüquq mədəniyyəti mədəniyyətlərarası dialoqun
açar komponenti kimi” mövzusunda məruzə edən Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat
rəhbəri, professor İ.Vəliyev iştirakçılara şəxsiyyətin,
peşəkar və sosial qrupların, nəhayət, dövlətin hüquq
mədəniyyəti barədə məlumat verib. Azərbaycanda bir çox
millətlərin nümayəndələrinin yaşadığını deyən natiq
həlledici məqamlarda onların vahid Azərbaycan xalqı kimi
mövqe sərgilədiyini vurğulayıb.
Tədbir çərçivəsində professor İ.Vəliyev Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
təqdimatını keçirib, Fondun hüquqi maarifləndirmə
istiqamətində fəaliyyətindən söz açıb.
Azərbaycanlı alimlər İlham Məmmədzadə və İsaxan
Vəliyev İtaliyanın Ka Foskari Universitetinin xatirə
medalı ilə təltif olunublar.
Azərbaycan Respublikasının
Prezidenti yanında
Bilik Fondunun İnformasiya Təminatı sektoru |