Mingəçevir
Dövlət Universitetinin rektoru Akif Hacıyev tələbələrlə
görüş keçirib. Rektor öncə tələbələrin problemləri ilə
maraqlanıb. Təhsildəki qayğılarından, yarana biləcək
ehtiyacları barədə məlumat vermələrini xahiş edib. Elmə,
təhsilə maraq göstərmələrini tövsiyə, davamiyyətə, etik
norma və qaydalara riayət etmələrini məqsədəuyğun hesab
edib. Ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və
qayğıdan söz açıb.
Qeyd edilib ki, enerji ehtiyatlarından əldə olunan
gəlirlər insan kapitalının inkişafına yönəldilməklə
Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafına
etibarlı zəmin yaradılır.
Rektor hazırda Azərbaycanın həm respublika daxilində,
həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil
müəssisələrindəki peşəkar gənc kadr ordusunun müasir
dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə
transfer olunmasının əsas bazası olduğunu qeyd edib.
Rektor deyib: “Onlar müasir idarəetmə texnologiyalarının
qızıl fondu sayıla bilərlər. Sizin də bu təhsil ocağında
aldığınız bilik və bacarıq gələcəkdə mükəmməl kadr kimi
yetişməyinizdə əvəzedilməz rol oynaya bilər. Odur ki,
gəncliyinizdən və tələbə həyatınızdan istifadə etməklə
özünüzdə dönüş yaradın. Universitetin professor və
müəllim heyəti sizin inkişafınız naminə əllərindən
gələni etməyə hazırdır”.
Tələbələr onları maraqlandıran məsələləri rektorun
diqqətinə çatdırıblar.
Tədbirdə fakültə dekanları ilə yanaşı, universitet və
fakültə Tələbə Elmi Cəmiyyətinin, Gənclər və Həmkarlar
təşkilatlarının məsul nümayəndələri də iştirak edib.
Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri |