Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Sumqayıt Dövlət Universitetində beynəlxalq elmi konfrans

 

Böyütmək üçün seçinOktyabrın 27-də Sumqayıt Dövlət  Universitetində Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə birgə “Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Öncə qonaqlar universitetin  rektoru Elxan Hüseynovla “dəyirmi masa” ətrafında  elmin, təhsilin inkişafına  dair  birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonra SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və xarici ölkələri təmsil edən nümayəndələr ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin akt zalında davam edən konfransın plenar iclasında rektor Elxan Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, yüksək dinamizmlə inkişaf edən Azərbaycan imza atdığı yeni və möhtəşəm nailiyyətlər sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilib. Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.

Ölkəmizin elektroenergetikasının inkişafına nəzər salan rektor qeyd edib ki,  ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Ulu öndərin şah əsəri olan «Əsrin müqaviləsi», Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası hesabına ölkəmizin elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etmişdir. Ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir.

Qeyd edilib ki, universitet 1962-ci ildə iki ixtisas üzrə energetika mütəxəssisi hazırlığına başlamış, hazırda energetika ixtisaslarına qəbulun həcmi təxminən 2 dəfə artırılmışdır. “Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” mövzusunda Avropa Komissiyasının TEMPUS layihəsi çərçivəsində universitetin 3 ixtisası - bakalavr təhsili üzrə proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi və magistr təhsili üzrə kimya sənayesində enerji menecmenti ixtisasları Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatına layiq görülmüşdür.

Zaporojye Dövlət Mühəndislik Akademiyasının elektron sistemləri kafedrasının müdiri, professor Tatyana Kritskaya, Azərbaycan  Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutunun direktor müavini, professor Əsəf Hüseynov, İrkutsk şəhərinin L.A.Melentyev adına Energetik Sistemlər İnstitutunun direktor müavini Sergey Senderov, aparıcı elmi işçisi Viktor Kupbackiy və professor Vaqif  Salmanov müxtəlif mövzularda slayd vasitəsilə məruzə etdilər. Ölkəmizin sürətli inkişafının onlarda heyrətamiz təəssürat yaratdığını və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladılar.

Qonaqlar fizika və elektroenergetika fakültəsində olublar və bütün fənlər üzrə stendlərlə təchiz olunmuş müasir laboratoriyalar barədə məlumatlandırılıblar.

Beynəlxalq konfrans öz işini  müxtəlif bölmələrdə davam etdirib. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov