Bakı
Dövlət Universitetində Yaponiyanın iqtisadi dirçəliş,
sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri,
iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira
Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Universitetin professor-müəllim heyəti və tələbələrin
iştirakı ilə keçirilən tədbiri açan Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov
ölkələrarası əlaqələrdən, o cümlədən Yaponiya
universitetləri ilə əməkdaşlıqdan, Azərbaycan-Yaponiya
parlamentlərarası dostluq qrupunun fəaliyyəti
çərçivəsində keçirilən görüşlərdən bəhs edib. Prezident
İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm
verdiyini deyən Abel Məhərrəmov əlaqələrdə təhsil
siyasətinin xüsusi yer tutduğunu vurğulayıb. Rektor
2000-ci ildən BDU-da yapon dili və ədəbiyyatının
tədrisindən və məzunların mütəxəssis kimi yüksək
hazırlığından danışıb.
Nazir Akira Amari, öz növbəsində, BDU-da olmasının
önəmini qeyd edərək belə səfərlərin ölkələrarası
təhsil-elm əlaqələrinin daha da inkişafına təkan
verəcəyinə əminliyini ifadə edib. Akira Amari sədri
olduğu parlamentlərarası qrupun fəaliyyətindən
razılığını bildirib və əməkdaşlığın davamlı olacağına
inandığını söyləyib.
Tədbirdə BDU-nun şərqşünaslıq fakültəsinin yapon dili və
ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrinin
Azərbaycan və Bakı Dövlət Universiteti haqqında
hazırladıqları təqdimat maraqla qarşılanıb. Tələbələrin
çoxsaylı suallarını cavablandıran nazir Akira Amari
onlarla xatirə şəkli çəkdirib.
Mətbuat və informasiya şöbəsi |