Oktyabrın
26-27-də Bakıda Azərbaycan-Fransa Universitetinin
yaradılması üzrə işçi qrupunun ilk görüşü olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə
Azərbaycan tərəfindən Təhsil Nazirliyi, İqtisadiyyat və
Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, Dövlət Neft Fondunun əməkdaşları və layihə üçün
tərəfdaş universitet qismində seçilmiş Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin rəhbərliyinin daxil
olduğu nümayəndə heyəti, Fransa tərəfindən isə Strasburq
Universitetinin prezidenti Alen Beretzin rəhbərlik
etdiyi nümayəndə heyəti iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikası və Fransa Respublikası
prezidentlərinin təşəbbüsü ilə ötən ilin mayında Fransa
Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın Təhsil
Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və
Tədqiqat Nazirliyi arasında universitetlərarası
əməkdaşlıq sahəsində niyyət protokolunun imzalandığını
bildirib. Nazir qeyd edib ki, bu, iki ölkə arasında
humanitar sahədəki əlaqələrin inkişafı baxımından yeni
səhifələr açır.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
ilə Strasburq Universitetinin təsisçiliyi əsasında
Azərbaycan-Fransa Universitetinin yaradılması, hər iki
ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafı və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
İşçi qrupu Azərbaycan-Fransa Universiteti layihəsinin
reallaşdırılması istiqamətində növbəti mərhələdə
atılacaq addımları da müzakirə edib. |