“Azərenerji” ASC-də “ADA” Universitetinin 2016-2017-ci
illər üzrə magistratura pilləsinin tədris proqramlarına
və ümumilikdə bu nüfuzlu ali təhsil müəssisəsinin
fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə,
“ADA” Universiteti ilə “Azərenerji” ASC arasında
imzalanmış yüksək səviyyəli kadrların - insan
resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi
istiqamətində əməkdaşlığa dair memorandum çərçivəsində
keçirilən təqdimatda universitetin tədris proqramları
haqqında ətraflı məlumat verilib.
Universitetin əməkdaşı Günel Ziyadova qeyd edib ki,
“ADA”da Biznes, İctimai və Beynəlxalq Münasibətlər,
İnformasiya Texnologiyaları və Mühəndislik, Təhsil
institutları fəaliyyət göstərir. Universitetin bakalavr
proqramları I qrup üzrə “kompüter elmləri” və “kompüter
mühəndisliyi”, II qrup üzrə “beynəlxalq münasibətlər”,
“biznesin idarə edilməsi”, “iqtisadiyyat”, III qrup üzrə
“dövlət və ictimai münasibətlər” ixtisaslarına tələbə
qəbulu həyata keçirir. Magistratura pilləsində təhsil:
“diplomatiya və beynəlxalq münasibətlər”, “ictimai
siyasət”, “beynəlxalq MBA”, “executive MBA” və “təhsil
üzrə menecment” üzrə təşkil olunur.
Təqdimatda həmçinin professor-müəllim heyəti,
tələbələrin xaricdə təhsil almaq imkanları, sosial
məsuliyyət tədbirlərində iştirakı və universitet həyatı
ilə bağlı digər məsələlər barədə maraqlı və ətraflı
söhbət açılıb.
Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində
“Azərenerji” ASC universitetdə informasiya
texnologiyaları və mühəndislik sahəsində yüksək
ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq
standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin
təşkilinə dəstək verir, universitet isə, öz növbəsində,
energetika sahəsində əlverişli biznes şəraitinə malik
olan bir neçə xarici ölkədə investisiya imkanlarının
araşdırılması üzrə tədqiqat layihələri həyata keçirir.
Təqdimatda “Azərenerji” ASC-nin gənc əməkdaşları,
həmçinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutunun nümayəndələri iştirak ediblər. |