IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi
olaraq, ictimai birliyin Resurs Mərkəzində Azərbaycan
Turizm və Menecment Universiteti, Xəzər Universiteti,
Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb
Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri
üçün “Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar
təşkil edilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki,
seminar zamanı bioloji müxtəlifliyin mühafizəsi üzrə
tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf
mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar
çatdırıb.
Seminar çərçivəsində, həmçinin Elman Yusifovun
həmmüəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik
dərs vəsaitinin təqdimatı da keçirilib. Qeyd edilib ki,
bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
baş redaktorluğu ilə nəşr edilib.
Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən
ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir
dünyada müşahidə olunan qlobal ekoloji problemlər və
onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə
elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit,
ekologiya və davamlı inkişaf sahələrində təhsil alan
tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd
edilən sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də
xüsusi əhəmiyyət daşıyır.
İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf
mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran
mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı
əldə ediblər.
Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən
iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları
hədiyyə edilib.
IDEA İctimai Birliyi respublikamızın digər ali təhsil
müəssisələrinin tələbələri üçün də bənzər seminarlar
təşkil edəcək. |