Oktyabrın
28-də şagirdlərin elektron dərsliklərdən istifadə
bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.
Mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta
məktəbdə olan media təmsilçiləri III və VIII sinif
şagirdlərinin elektron dərsliklərdən istifadəsi
prosesini izləyiblər.
Mətbuat nümayəndələrinə məlumat verilib ki,
Azərbaycan və rus bölmələri üzrə www.e-derslik.edu.az
portalında yerləşdirilən elektron kitabların sayı 66-dan
95-ə çatdırılıb. Ən son olaraq IV, VI, VII və VIII
sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif
üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda
yerləşdirilməsi nəzərdə tutulub.
Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus
bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron
variantda portala yerləşdirilib. V və IX-XI sinif
dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı
tədris ilinin sonunadək hazırlanacaq.
Ötən bir ildə elektron dərsliklər portalından 400 minə
yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000
nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan
keçmiş istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur.
Bu göstəricilər hər gün artır.
www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd
təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların
İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron
formatda oxumasına imkan yaratmaqdır. Bu sistem
şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi
artırır. Portala daxil olan istifadəçilərin onlayn və
oflayn formada dərslikləri elektron versiyada oxumaq,
dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron
qeydlər aparmaq, axtarışlar etmək imkanı var. |