| 
						
						Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq 
						gimnastika turnirində “Ocaq” idman klubunun gənc üzvləri 
						debüt ediblər. 
						
						Azərbaycan Gimnastika Federasiyasının mətbuat 
						xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ülkər Hüseynova, 
						Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, 
						Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış 
						edən qrup hərəkətləri komandası 15 kollektiv arasında 
						qalib olub. 
						
						Fərdi proqramda mübarizə aparan aşağı yaş qrupuna aid 
						gimnastlarımız da uğurla çıxış edərək medalların sayını 
						artırıblar. Komandamıza ikinci və üçüncü qızıl medalı 
						qazandıran Nərmin Bayramova çoxnövçülükdə və topla 
						hərəkətlərdə hamıdan üstün olub. Digər gimnastımız 
						Kamilla Əliyeva alətsiz çıxışda gümüş medala layiq 
						görülüb. Komandanın ən gənc üzvü Alina Məmmədova isə 
						çoxnövçülükdə doqquzuncu yerlə kifayətlənib. 
						
						Sonra fərdi idmançılar arasında daha böyük yaş 
						kateqoriyasına aid olan yeniyetmə gimnastlar mübarizəyə 
						qoşulublar. Həm fərdi, həm də qrup komandasının 
						tərkibində uğurla çıxış edən Narın Qurbanova halqa ilə 
						hərəkətlərdə birinci yeri tutub. Alətsiz çıxışlarda isə 
						Fəridə Şəfiyarzadə bürünc medala sahib olub. 
						
						Gənclər kateqoriyasında mübarizə aparan Zöhrə Ağamirova 
						ip və halqa ilə hərəkətlərə görə iki gümüş medal əldə 
						edib. Onunla eyni yaşda olan Ayna Cəfərova isə topla 
						çıxışlarda altıncı nəticə göstərib. 
						
						Bundan başqa, “Ocaq” klubunun təmsilçiləri “Ən yüksək 
						artistlik bacarığı” nominasiyasında mükafata layiq 
						görülüblər. Bu mükafat yarışların təşkilatçıları 
						tərəfindən Eleonora Yusifovaya təqdim olunub. |