Naxçıvan
Dövlət Universitetində hər il ənənəvi olaraq I kurs
tələbələri arasında idmanın müxtəlif növləri üzrə
keçirilən seçmə yarışlarına start verilib. Bu yarışların
keçirilməsində məqsəd, diqqəti tələbələrin fiziki
tərbiyəsinə yönəltmək və istedadlı tələbələri
universitetdə fəaliyyət göstərən idman məşğələlərinə
cəlb etməkdir.
Yarışı giriş sözü ilə açan universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın qədim
idman tarixindən, ölkədə idmanın inkişafına göstərilən
diqqət və qayğıdan danışıb. Rektor seçmə yarışların
tələbələr arasından ən müxtəlif idman növləri üzrə
perspektivli idmançıların müəyyənləşdirilməsinə,
tələbələrin asudə vaxtlarının səmərəli təşkili və eyni
zamanda onların sağlamlığının möhkəmlənməsinə,
universitetin respublika və beynəlxalq miqyaslı idman
yarışlarında uğurla təmsil olunmasına şərait
yaradacağını vurğulayıb. Rektor, yarış iştirakçılarına
uğurlar arzulayıb və ilk olaraq oğlanlar arasında
keçirilən voleybol turnirini açıq elan edib.
Tədbirdə velosiped yarışı üzrə muxtar respublika
birinciliyində mükafata layiq görülmüş tələbələr təltif
edilib.
Sonra yarışlara start verilib. Qeyd edək ki, seçmə
yarışlar bir neçə gün davam edəcək.
Mina QASIMOVA |