Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış
və ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderlik
məktəbində 15-ci tədris ilinin açılışı olub.
Tədbirdə müvəkkil Elmira Süleymanova uşaq hüquqlarının
müdafiəsi ilə bağlı çoxşaxəli fəaliyyəti, uşaq hüquqları
üzrə pilləli tədris layihəsi barədə məlumat verib,
uşaqlar üçün ümumdünya hərəkatının respublikamızda geniş
vüsət aldığını, on beş ilə yaxın müddətdə müntəzəm
fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz
nümunəsi olduğunu bildirib. Ombudsmanın təşəbbüsü ilə
oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq
hüquqları aylığı”nın elan olunduğu, bununla bağlı
müvafiq təşkilatlara müraciət edildiyi, dövlət
qurumlarının, şəhər və rayon icra hakimiyyətlərinin,
QHT-lərin, icmaların və uşaqların fəal iştirakı ilə
çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu
diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu məktəb uşaqların öz iştirakı ilə
onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına,
dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları
Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını
öyrənməsinə və trenerlər kimi bu hüquqları öz
yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin
aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət
edir. Bakının müxtəlif rayonlarındakı ümumtəhsil
məktəblərinin şagirdlərinin təmsil olunduğu liderlik
məktəbini bu günədək mindən çox məzunun bitirdiyi
vurğulanıb. Məktəbdə Azərbaycanın tanınmış ziyalıları
ilə keçirilən görüşlərin, interaktiv məşğələlərin
uşaqların daha çox bilik əldə etməsinə, vətənpərvərlik
ruhunda yetişməsinə kömək etdiyi bildirilib.
Liderlik məktəbinin üzvləri təmsil etdikləri şəbəkənin
fəaliyyəti, həyata keçirdiyi tədbirlər, treninqlər,
iştirak etdikləri beynəlxalq konfranslar və sərgilər
barədə məlumat veriblər. |