Uzun illərin təcrübəsi göstərir ki, müəllimin şagirdləri
maraqlandıran tədris metodlarından istifadə etməsi
dərsin səmərəliliyini artırması, təlimdə uğurlu
nəticələr əldə etmək üçün mühüm şərtdir. Əlverişli təlim
şəraitini yaratmaqla şagirdlərin potensial imkanlarını
ortaya çıxarmaq, bilik və bacarıqlarını formalaşdırmaq
mümkündür.
Tədris mühitinin psixoloji cəhətdən emosional olması,
müəllim-şagird münasibətlərinin müasir tələblər
səviyyəsində qurulması da təlimin keyfiyyətinə müsbət
təsir edən amillərdəndir.
Yeni təlim metodlarından istifadə yolu ilə keçdiyim
“açıq dərs”in icmalını oxuculara təqdim edirəm.
Fənn:
Fizika
Sinif:
VII
Mövzu:
Ümumdünya cazibə qanunu
Standartlar:
2.1.1. Qravitasiya sahəsini xarakterizə edən
kəmiyyətləri izah edir.
2.1.2. Qravitasiya sahəsinə aid məsələlər həll edir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya
qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim nəticələri:
- Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələri
təqdim edir.
- Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələri göstərir.
-Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya sahəsinin
rolunu şərh edir.
İnteqrasiya:
Riyaziyyat - 1.2.5
Kimya - 1.2.1
İnformatika - 2.1.2
Həyat bilgisi - 1.1.1
Dərsin tipi:
İnduktiv (yeni bilik verən) dərs.
İş forması:
kollektiv, cütlərlə iş.
İş üsulu:
müəllimin izahı, şifahi sorğu, beyin həmləsi, problemli
situasiyanın yaradılması, müzakirə, modelləşdirmə,
təqdimat.
Resurslar:
dərslik, iş vərəqləri, marker, formativ jurnal, günəş
sisteminin sxemi və maketi, günəş və planetlərin bəzi
fiziki göstəriciləri cədvəli.
Dərsin gedişi:
VI sinifdə keçilən bəzi mövzular, xüsusən də qarşılıqlı
təsirlər təkrarlanır. Şagirdlərin qravitasiya qarşılıqlı
təsiri “Günəş sistemi” mövzusunun tədrisi zamanı
öyrəndikləri yada salınır:
- Zərrəciklərdən göy cisimlərinə qədər kütləyə malik
bütün cisimlər arasında qravitasiya qarşılıqlı təsiri
mövcuddur.
- Qravitasiya qarşılıqlı təsiri qravitasiya sahəsi
vasitəsilə ötürülür.
- Qravitasiya qarşılıqlı təsiri cazibə xarakterlidir.
- Nəhəng kütləyə malik olan Günəş özünün ətrafına böyük
sürətlə hərəkət edən kiçik kütləli cisimlər (planetləri,
asteroidləri) cəzb edərək onları uzaqlaşmağa qoymur.
Motivasiya:
Bu məqsədlə Günəş və onun ətrafında müxtəlif planetlərin
orbitlərinin modeli nümayiş etdirilir. Günəş ətrafındakı
orbitlərin hansı planetlərə aid olduğu şagirdlərdən
soruşulur. Şagirdlər planetlərin adlarını uyğun
orbitlərdə yazırlar.
Tədqiqat
sualı:
Nə üçün planetlər Günəş ətrafında dövr edir? Araşdırma
aparılır. Cədvəldən istifadə edərək planetlərin ümumi
kütləsi hesablanır.
Planetlərin ümumi kütləsi Günəşin kütləsi ilə müqayisə
olunur. Yaradılmış 3 qrupun hər birinə aşağıdakı suallar
verilir:
1. Planetlərin ümumi kütləsi nə qədərdir?
2. Bu kütlə Günəşin kütləsindən nə qədər fərqlənir?
3. Kütlələr arasında bu fərq olmasaydı nə baş verərdi?
Şagirdlərin irəli sürdükləri fərziyyələr
ümumiləşdirilir, ən maraqlıları lövhədə qeyd olunur.
Ümumdünya cazibə qanununun riyazi ifadəsi, qravitasiya
sahəsi haqqında məlumat verilir.
Öyrənilənlərin tətbiqi:
Dərsin bu mərhələsində öncə şagirdlər öyrəndiklərini
məsələ həllində tətbiq edirlər. Bu məqsədlə bir qrup
mövzuya uyğun tapşırıqlar-məsələlər verilir.
Öyrəndiklərinizi yoxlayın hissəsində isə evə test həlli
tapşırılır. Şagirdlərə ümumdünya cazibə qanununa aid
esse yazmaq təklif olunur.
Qiymətləndirmə:
Qiymətləndirmə üçün aşağıdakı meyarlardan istifadə
olunur:
- Təqdimetmə
- Əlaqələndirmə
- Şərhetmə
Bu meyarların hər biri üzrə qiymətləndirmə aparılır və
sonda ümumiləşdirilərək yekun qiymət çıxarılır.
Tamilla
ORUCOVA,
Bakı şəhəri 30 nömrəli tam orta məktəbin müəllimi |