Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Bölgə xəbərləri

 

Lerikin daha bir kəndində yeni məktəb binası istifadəyə verildi  

Böyütmək üçün seçinOktyabrın 19-da Lerik rayonunun Pirəsora kənd tam orta məktəbi üçün yeni inşa edilmiş 180 şagird yerlik ikimərtəbəli məktəb binası istifadəyə verilib.

Təhsil  şöbəsindən bildirilir ki, bu münasibətlə məktəbin həyətində keçirilən mərasimdə çıxış edənlər yeni təhsil ocağının müəllim və şagirdlərini, kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.  Yeni məktəb binasının regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq ucqar dağ kəndində inşa olunduğu vurğulanıb, bu il bu təhsil ocağının 3 nəfər məzununun ali məktəblərə qəbul olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlətimizin apardığı sosial siyasətin təməlində Azərbaycan vətəndaşı durur. Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da hər il müasir inventar və avadanlıqla, tədris ləvazimatları ilə təchiz olunmuş yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.

Bildirilib ki, rayonun ən ucqar dağ kəndində belə gözəl, əzəmətli binanın tikintisi Azərbaycan dövlətinin gücünü bir daha təsdiq edir.

Mərasimdə kənd sakinləri Meyxos Hüseynov, Şükür Əhmədov və gənc müəllim Tofiq Ağayev çıxış edərək ölkəmizdə təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.


Gəncə Dövlət Universitetində 

Tələbələr uşaq evində olublar  

Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən aldığımız məlumata görə, universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tarix-coğrafiya və xarici dillər  fakültəsinin bir qrup  tələbəsi  uşaq evində olmuşdur. Uşaq evinə növbəti gedişdən  əvvəl tələbələr topladıqları vəsait hesabına uşaqlara hədiyyələr hazırlayıblar. İstər tələbələrin gəlişi, istərsə də hədiyyələr uşaqlarda  böyük sevinc və xoş hisslər yaradıb,  uşaqlar  unudulmadıqlarını, həmişə yad edildiklərini bir daha qeyd edərək  təsəlli tapıblar. 

 

Tələbə Yazıçılar Birliyinə üzv seçildi  

Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin  III kurs tələbəsi Oğuz Hacıyevin şeirləri dəfələrlə respublikanın nüfuzlu qəzetlərindən olan “Ədəbiyyat” qəzetində dərc edilmiş və oxucu kütləsinin marağına səbəb olub. Onun “Dəniz və qadın” adlı ilk şeirlər kitabı 2015-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunub.  Tanınmış qələm adamları gənc şairin yaradıcılığına yüksək qiymət verərək, poeziyamıza cəsarətli bir istedadın gəlişini bildiriblər. 

Bu günlərdə isə Gəncə ədəbi mühitinin tarixində ilk dəfə 19 yaşlı bir gənc - Oğuz Hacıyev (Oğuz Aydın) Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində xalq yazıçısı Anar tərəfindən imzalanmış vəsiqənin  təqdimat mərasimi keçirilib.

Birliyin  Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Gəncəbasar yazarlarının iştirak etdiyi  mərasimdə  üzvlük vəsiqəsini Oğuz Aydına təqdim edib, ona nailiyyətlər arzulayıb. 


ADMİU-nun müəllim və tələbə heyəti Ağsuda 

Böyütmək üçün seçinAgsu Rayon Təhsil Şöbəsindən aldıgımız məlumata görə, 19-22 oktyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti müəllim və tələbələrindən ibarət 25 nəfərlik heyətlə Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində II YOCOCU Ağsu Məktəbində təlimlər keçirilib.

Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi öz işinə başlayıb.  Baş tutan birinci qrupda məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə, magistr və müəllim heyəti təmsil olunub.

Tələbələr əvvəlcə Ağsu arxeoloji ekspedisiyasının 2013-2015-ci illərdə tədqiq etdiyi Şıxməzid orta əsr abidəsi və ilk orta əsr Mehrəvan şəhər yerində olublar. Onlar abidələrin arxeoloji tədqiqatlardan sonra mühafizəsinin çətinləşməsi və təbii amillərin təsirindən aşınmasını yerindəcə izləyiblər.

Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan dərsləri professor Qafar Cəbiyev (Ağsu arxeoloji ekspedisiyasının rəisi), Silvestro Antonio Ruffolo (Kalabriya Universitetinin Bərpa Laboratoriyasının əməkdaşı, İtaliya), Uğur Genç (Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Bərpa və Konservasiya Laboratoriyası, Türkiyə), Fariz Xəlilli (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri) və Uğur Qiyasi (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bərpaçı-memarı) keçib. Kurs müddətində bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəssamlıq, dizayn, kulturologiya ixtisaslarına yiyələnən tələbələri nəzəri və praktik işlər vasitəsilə ən effektiv konservasiya üsulundan yararlanmaq üçün kollektiv təcrübələrini bir araya gətiriblər.

Sonda kurs iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.


“Milli mənəvi dəyərlərimiz və erkən nikahlar” mövzusunda maarifləndirici tədbir 

Böyütmək üçün seçinAilə məsələlərində ciddi problemlərdən biri də erkən nikahlardır. Ailə quran tərəflərin bəzən yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Erkən nikahların pozulması zamanı qadınlar daha çətin vəziyyətdə qalırlar.

Astara Pedaqoji Kollecindən redaksiyamıza daxil olan  məlumatda bildirilir  ki, bu fikirlər  kollecdə keçirilən “Milli mənəvi dəyərlərimiz və erkən nikahlar” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib.

Astara Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin aparıcı məsləhətçisi Aysel Cəbiyevanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzə  ətrafında  müəllimlərin  və tələbələrin  ətraflı çıxışları olub.

Toplantıda müzakirə edilən məsələ ilə bağlı tələbələr həm də təkliflərini bildiriblər.

Tədbir diskussiya  şəklində başa çatıb.


Lənkəranda “Ailə, məktəb və cəmiyyət” mövzusunda “telekörpü” 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Ailə, məktəb və cəmiyyət” devizi ilə növbəti “telekörpü” Lənkəranda reallaşıb. Müəllimlərin də qatıldığı “telekörpü”də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev və təhsil üzrə ekspertlər mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, gənc nəsil ailə və məktəbdə formalaşır. Qazandığı uğurları iş prosesində - peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir.

Bildirilib ki, ictimaiyyət özü bir ailədir, ailənin böyüdülmüş formasıdır. Ailəni də məktəb kimi qəbul etmək vacibdir, çünki burada uşaqlar ailə və cəmiyyət qarşısındakı vəzifələrini öyrənirlər.

Diqqətə çatdırılıb ki, cəmiyyətin inkişafına təkan verən sosial proseslər şəxsiyyətin inkişafına da xüsusi təsir göstərir və mühüm tələblər irəli sürür. Dəyişən dünyanın reallıqlarından kənarda qalmamaq prinsipinə əsaslanmaqla müasir tələblərə cavab verən yeni təlim və tərbiyə metodlarının tətbiqi də öz aktuallığını daim qoruyub saxlayır. Təlim və tərbiyə müasir şagirdi həyata hazırlamalıdır.

Videobağlantıda müəllimlərin də mövzu ilə bağlı fikirləri dinlənilib.


Şabranın təhsil müəssisələri qışa hazırdır 

Şabran rayonundakı 47 ümumtəhsil məktəbində qışa hazırlıq prosesi yekunlaşıb.

Şabran RayonTəhsil Şobəsindən məlumat   verilib  ki, məktəblərdən birində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, 21 təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb. Qış fəslində bu məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.

25 təhsil ocağının qızdırılması üçün odundan istifadə edilir. Bu məktəblərin hamısında sobalar quraşdırılıb. Məktəblər üçün nəzərdə tutulan odun yanacağı əlaqədar qurumlar tərəfindən təyinatı üzrə paylanılıb.

Soyuq hava şəraiti səbəbindən rayonun bəzi ucqar kəndlərində yerləşən məktəblərdə sobalar artıq işə salınıb. Lakin ümumilikdə təhsil müəssisələrinin qış mövsümünə noyabr ayının ikinci ongünlüyündən keçməsi nəzərdə tutulub.


Yeniyetmə şahmatçılar Balakən rayonunda qüvvələrini sınayıblar 

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Balakəndə keçirilən yeniyetmələr arasında şahmat üzrə respublika birinciliyinin seçmə yarışlarına yekun vurulub.

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzindən   redaksiyamıza daxil olan  məlumata görə, Balakən şəhərindəki Gənclər evində təşkil olunan yarışlarda respublikamızın 10 şəhər və rayonunu təmsil edən 100-dən çox şahmatçı oğlan və qız 6 yaş qrupunda mübarizə aparıb.

Yarışların əsasnaməsinə görə, hər yaş qrupunda ilk üç yeri tutan şahmatçılar respublika birinciliyinin noyabrda Oğuz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.  Seçmə yarışlarda fərqlənən şahmatçılar diplomlarla mükafatlandırılıblar. 

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov