Oktyabrın
12-də 2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatı
laureatının adı açıqlanıb. İsveç Kral Akademiyası
yanında Nobel Mükafatları Komitəsinin rəsmi saytının
məlumatına əsasən, mükafata Britaniya-ABŞ alimi, əslən
şotland iqtisadçı alim Enqus Diton “istehlak,
yoxsulluq və rifah sahəsindəki analizlərinə görə” layiq
görülüb.
Komitə bildirir ki, Enqus Diton makro və
mikroiqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
uğrunda xeyli işlər görüb. Onun gördüyü işlər bilavasitə
inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına da böyük
töhfələr verib.
Əslən Şotlandiyadan olan E.Diton 1945-ci ildə
Şotlandiyanın Edinburq şəhərində anadan olub. 1967-ci
ildə Kembric Universitetini bitirib. Hazırda ABŞ-ın
Prinston Universitetinin beynəlxalq münasibətlər,
iqtisadiyyat üzrə professorudur. Onun tədqiqatları
mikroiqtisadi proseslərin və istehlakçıların
davranışının öyrənilməsinə həsr edilib. Alim əsasən
istehlakçılar müxtəlif mallar arasında öz
vəsaitlərini necə paylaşdırır, cəmiyyət bütövlükdə nə
qədər xərcləyir, nə qədər toplayır, yoxsulluq və rifah
səviyyəsini necə optimal ölçmək və təhlil etmək olar
kimi 3 istiqamətdə aparıcı problemləri tədqiq edib.
Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad
elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının
300 illiyi münasibətilə həmin bank tərəfindən təsis
olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.
Mükafatın məbləği 8 milyon İsveç kronuna (953 min ABŞ
dollarına) bərabərdir.
Bununla da İsveçdə Nobel həftəsi başa çatıb. 2015-ci
ilin laureatlarının mükafatlandırılması mərasimi ənənəyə
uyğun olaraq dekabrın 10-da Stokholmda Nobel mükafatının
təsisçisi Alfred Nobelin anım günü keçiriləcək.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi” |