Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi
üzvü, əməkdar müəllim
Dünyada
baş verən siyasi, iqtisadi, sosial, mədəni-mənəvi
hadisələr yeni terminlərin yaranmasına səbəb olduğu kimi,
bəzi bəlli terminlərin işlək hala gətirilməsinə də təsir
göstərir. Məsələn, qloballaşma, multikulturalizm
terminləri bu qəbildəndir. Yeni terminlərin meydana
çıxması, yaxud işlənmə aktuallıqları yalnız
üslubi-qrammatik mahiyyətli deyil, həm də baş verən
mövcud münasibətlərin, tərzlərin, baxışların,
hadisələrin mahiyyətini ehtiva edir. Qloballaşma
ölkələr, dövlətlər arasında əlaqələrin genişlənməsini,
inteqrasiyasını, birliklərini, vəhdətini əks etdirir.
Təbii ki, bu proses də elmi, texniki, texnoloji
inkişafla bağlıdır. Əgər yarım əsr əvvəl ölkələrarası
gediş-gəlişlərin, daşınmaların və s. sürəti və
kütləviliyi zəif idisə, bu gün olduqca intensiv və
sürətlidir. Əgər ötənlərdə hər ölkənin məxsusi
sənaye-texniki inkişafı lokallıq halında idisə, hazırda
bu inkişaf bir ölkənin digər ölkə ərazisində qurduğu
sənaye, turizm və s. sərmayələri ilə də inkişaf
etdirilir. Ötənlərdə insanların ölkələrarası
gediş-gəlişləri çox məhdud idi, keçmiş SSRİ-də, hətta,
mümkün deyildi. Hazırda dövlətlərin sərhədləri maneə
deyil, körpü rolunu oynayır. Miqrasiyalar o qədər
çoxalıb ki, çoxluq təşkil edən millətin adını daşıyan
ölkə, digər ölkələrdən gələn millətlərin çoxluğunda
demoqrafik mahiyyətini itirir.
İqtisadi, sosial, hətta, siyasi-dövlətçilik birliyinin -
qloballaşmanın yaranmasına, elmin, texnologiyanın,
təhsilin, peşə ixtisaslarının ümumbəşəriliyinə və
getdikcə inkişaf etməsinə baxmayaraq, dini-mənəvi
dəyərlər, hər xalqa, millətə məxsus tarixi-mədəni
ənənələr, xalqın məişəti, adətləri, dili, tarixi,
mədəniyyəti, vətənpərvərliyi, ədəbiyyatı və s.
özünəməxsus keyfiyyətlərlə, dünyanın hansı ölkəsində
olursa-olsun yaşayır. Amma bəzi super dövlət ideoloqları
xalqların fərdi-mənəvi keyfiyyətlərini, tarixi
ənənələrini öldürməyə meyllənir, sadəcə insanların
fəaliyyət birliyini formalaşdırmağa çalışırlar. Təbii ki,
burada əsas məqsəd siyasi, iqtisadi hegemonluqdur. Məhz
buna görə də bəzi Avropa ölkələrində qloballaşma
əleyhinə xalq hərəkatları baş verir. Amma qloballaşma
cəmiyyətin tarixi inkişafının zəruri mərhələsidir, odur
ki, qaçılmazdır. Elə isə necə etməli ki, bu prosesdə və
qloballaşan cəmiyyətdə - iqtisadi, sosial, hətta, siyasi
birliklərdə hər bir xalqın, millətin mədəniyyəti,
mənəviyyatı qorunub saxlanılsın. Əgər bir xalqın
mədəniyyəti, mənəviyyatı qorunmazsa, gendə, düşüncədə,
əməldə saflıq, düzlük, doğruluq, əxlaqi gözəlliklər
itər, hazırda insanlıq genini itirmiş bəzi ölkədə olduğu
kimi, terror, dağıntı, zor, haqsızlıq bütün dünyanı
bürüyər. Bəs necə etməli, qloballaşan dünyada haqqı,
ədaləti, gözəllikləri necə qorumalı? Bu suala
multikulturalizm cavab verir.
Çoxmədəniyyətlilik mənasını verən multikulturalizm bir
ölkənin və eləcə də dünyanın ədalətə söykənməsində,
sabit, tolerant inkişafında xüsusi əhəmiyyətə malikdir.
Multikulturalizmlə əlaqədar araşdırmalarda və
müzakirələrdə qeyd olunduğu kimi, multikulturalizm -
eyni bir ölkədə yaşayan müxtəlif xalqların
nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun olan siyasətdir.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada
müxtəlif millətlərə və məzhəblərə məxsus insanların
mədəni müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların milli
mədəniyyətlərinin qorunmasına yönəldilmişdir.
Multikulturalizm humanist və demokratik nəzəriyyə, yaxud
ideologiya olaraq tolerantlığı təcəssüm etdirir. Onsuz
humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma,
qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün
deyildir (Kamal Abdullayev).
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki,
multikulturalizm ideologiyadır, demokratik nəzəriyyədir,
eyni zamanda, həyat tərzidir.
Azərbaycanda kultural mədəniyyətin müasir tələblər
səviyyəsində formalaşmasının, ölkədə sabitliyin və
tərəqqinin əsas amil olduğunu nəzərə alan ulu öndər
Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi
müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın
gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş
və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu
formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır.
Deməli, ulu öndər Azərbaycan multikulturalizminin siyasi
banisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu
siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısının
sərəncamları ilə 2014-cü ilin fevral ayının 28-də
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşavirliyi təsis edilmiş, 2014-cü il may ayının 15-də
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.
Hazırda Multikulturalizm Mərkəzində multikulturalizm
probleminin tədqiqi, təbliği, tədrisi istiqamətində
geniş iş aparılır. Bakıda keçirilən Beynəlxalq
konfranslarda, “dəyirmi masa” müzakirələrində və digər
mühüm beynəlxalq əhəmiyyətli tədbirlərdə dövlətimizin
başçısı İlham Əliyev Azərbaycanda multikulturalizm
mədəniyyətinin qorunması və inkişafına ən yüksək diqqət
yetirildiyini dəfələrlə bildirmişdir.
Bakıda yüzdən artıq dövlət nümayəndəsinin qatıldığı III
Mədəniyyətlərarası Dialoq-Forumda çıxışı zamanı
Prezident İlham Əliyev qeyd etmişdir ki, əsrlər boyu
bütün mədəniyyətlər, dinlər və etnik qrupların
nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində
bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət
meyllər müstəqillik illərində daha da güclənib.
“Bizim ölkədə multikulturalizmin ənənələri hər zaman
güclü olub”, - deyən ölkə başçısı “multikulturalizmin
alternativi yoxdur” qənaətini də qətiyyətlə
bildirmişdir.
2014-cü ilin noyabr ayının 4-5-də “Teatr sənətinin
multikulturalizm - universal dəyərlər sistemində yeri”
mövzusunda Bakıda keçirilən III Bakı Beynəlxalq Teatr
konfransında mütəxəssislərin çıxışlarından belə bir
ümumi nəticə hasil olmuşdur: mədəniyyətlərarası dialoq
və multikulturalizm Azərbaycanda dövlət siyasətinin
tərkib hissəsi və prioritetlərindəndir.
Dünyada 4000-ə qədər xalq, millət və etnik qrup yaşayır.
Deməli, dünyada bir o qədər də etnomədəniyyət,
mentalitet, həyat və davranış tərzi vardır. Azərbaycan
multikulturalizmi yalnız ölkə daxilində deyil,
beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara
sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə
yönəldilmişdir. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanında məhz bu cəhət nəzərə alınaraq,
“...cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal
nailiyyətlərin beynəlxalq aləmdə gücləndirilməsinin
zəruri” olduğu göstərilir.
Ölkəmizdə keçirilən beynəlxalq konfranslarda,
festivallarda, sərgilərdə tolerantlığın,
multikulturalizmin dövlət siyasəti və insanların həyat
tərzi olduğu praktik reallıqlarla meydana qoyulur.
Haqlı olaraq digər ölkələrdə Azərbaycan
multikulturalizminin öyrənilməsinə ehtiyac yaranır.
Buradan da multikulturalizmin həm də pedaqoji problem
olduğu meydana çıxır. Çünki multikulturalizm
təcrübəsinin təbliği, öyrənilməsi və öyrədilməsi
pedaqoji prosesdə həyata keçirilir.
Prezident İlham Əliyevin Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında
imzaladığı fərmandan ötən bir il ərzində görülmüş
işlərdən bəhs edən respublikanın millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Kamal Abdullayev qeyd etmişdir ki, Multikulturalizm
Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan
multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə
çatdırmaqdır. Bunun bir çox yolları vardır. Seçdiyimiz
yol Azərbaycan multikulturalizmini xarici ölkələrdə,
xüsusilə, gənclər arasında yaymaqdır. Bunun üçün həmin
ölkələrin ali məktəblərində “Azərbaycan
multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bu gün
dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində
“Azərbaycan multikulturalizmi” fənni bakalavriat və
magistratura pilləsində tədris edilir... bu fənni
öyrənmək istəyənlərin sayı artmaqdadır...
Beləliklə, multikulturalizmin təhsil vasitəsi ilə
yayılması və genişləndirilməsi amili meydana çıxır.
Tədrisə başlamazdan əvvəl “Multikulturalizmə giriş” və
“Azərbaycan multikulturalizmi” fənlərinin məzmunu
müəyyənləşdirilmiş və fənlər üzrə məzmunu əhatə edən
tədris proqramı hazırlanmışdır.
Mərkəz müvafiq pedaqoji kadr hazırlığı məsələsini də
həll etmişdir. Belə ki, Mərkəzin kurslarında iştirak
edən dinləyicilər kurs üzrə təlim hazırlığı keçib,
imtahan verir və tədrisetmə səlahiyyəti verən
sertifikatlar alırlar.
Mərkəzdən verilən məlumata görə, həmin fənlərin
tədrisinə maraq göstərən ali məktəblərin sayı
artmaqdadır.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun maarifçilik layihələrində də
multikulturalizm mədəniyyətinin təbliği geniş yer tutur.
Burada da pedaqoji istiqamət əsas götürülür. Bilik
Fondunun bu ilin 15 sentyabrında Bilik günü münasibəti
ilə ölkəmizin bütün bölgələrində keçirdiyi Azərbaycan
multikulturalizminə həsr olunmuş mühazirələr böyük
maraqla dinlənilmişdir. Dövlət müşaviri, akademik Kamal
Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbə tam orta
məktəbində, Azərbaycan Təhsil Şurasının sədri, professor
Əjdər Ağayev Neftçala rayonunun Yeni Qışlaq kənd ümumi
orta məktəbində və digər mühazirəçilər ölkənin müxtəlif
ümumtəhsil ocaqlarında şagirdlər qarşısında “Heydər
Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”
mövzusunda çıxışları ilə məktəbli gənclərin
multikulturalizm biliklərini genişləndirmişlər.
Bütün bunlar mərkəzin, Bilik Fondunun xətti ilə görülən
pedaqoji yönümlü işlərdir.
Fikrimcə, multikulturalizm biliklərinin gənclərə
ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin
formalaşdırılması üçün bu işə kompleks pedaqoji
təsirlərlə yanaşılmalıdır. Belə ki, bu proses uşaqların
yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq
bağçasından başlayaraq, ümumtəhsil məktəbində və
peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam
etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri
və təcrübi reallığı tərbiyəvi amilləri ilə də
mədəni-intellektual insanın formalaşmasına təsir edər.
“Azərbaycan multikulturalizmi” fənninin ümumtəhsil
məktəblərində fakültativ məşğələyə ayrılan vaxt hesabına
keçilməsi işin asanlıqla görülməsinə imkan verə bilər.
Siyasi, fəlsəfi, iqtisadi, mədəni-mənəvi məzmuna malik
multikulturalizmin böyüyən nəsillərin dünyagörüşünə,
həyat tərzinə çevrilməsi üçün təlim-tədris prosesindən,
tərbiyəvi təsirlərdən istifadə edilməsi mühüm əhəmiyyətə
malikdir. İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə
Azərbaycan multikulturalizminin pedaqoji problem olaraq
tədqiqi, təbliği və tədrisinin insanların multikultural
mədəniyyətə yiyələnməsində mühüm rola malik olduğu
danılmazdır. |