| 
						
						 
						
						
						 Əsas məqsədi  təhsilalanların təlim 
						nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən 
						irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri 
						aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarət 
						olan  “Sağlam təhsil-sağlam millət” layihəsi bu gün 
						valideynlər  tərəfindən böyük maraq və rəğbətlə 
						qarşılanmaqdadır.  Artıq bir sıra məktəblərdə fəaliyyət 
						göstərən, fərqli dizayna malik sinif otağı, fərqli 
						tədris mühiti ilə seçilən “Sağlam təhsil sinif”lərində 
						tədris hərəkətli təlim şəraitində həyata keçirilir. 
						Həmin sinif otaqlarında həm oturacaqlı, həm də hündür 
						masalar yerləşdirilib. Bu  da həmin sinifdə təhsil alan 
						şagirdə  həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı 
						yaradır. Son nəticədə  şagirdlərin, eyni zamanda 
						müəllimlərin  də hər zaman hərəkətliliyi  təmin olunur. 
						Bu gün dünyanın bir sıra inkişaf etmiş ölkələrinin 
						üstünlük verdiyi hərəkətli tədris mühitinə bizim həkim 
						və mütəxəssislərimiz  tərəfindən də böyük dəstək verilir. 
						Onu da qeyd edək ki, ötən tədris ilindən fəaliyyət 
						göstərən 15 “Sağlam təhsil sinfi”ndə Azərbaycan Tibb 
						Universitetinin mütəxəssislərinin apardıqları 
						monitorinqin nəticələri burada oxuyan şagirdlərin 
						intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf 
						etdiyini üzə çıxarıb. Bundan əlavə, həmin siniflərdə 
						təhsilalanların öyrənmə qabiliyyətinin, habelə 
						emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib. 
						2015-2016-cı tədris ilindən “Sağlam təhsil 
						sinif”lərindən biri də  Bakı şəhəri 47 nömrəli tam orta  
						məktəbdə  fəaliyyətə başlayıb. Bu günlərdə həmin 
						məktəbdə olduq, müəllim və  mütəxəssislərlə, 
						valideynlərlə  görüşüb onların fikirlərini öyrəndik, 
						həmçinin  şagirdlərlə söhbətləşdik. 
						Məktəbin direktoru Aytən Bağırova bizimlə 
						söhbətində 1500-ə  yaxın şagirdin təlim-tərbiyəsi ilə 
						140 müəllimin məşğul olduğu təhsil ocağında”Sağlam 
						təhsil-sağlam millət” layihəsi çərçivəsində  hələlik 1”Sağlam 
						təhsil sinfi”nin yaradıldığını söylədi. Direktor yeni 
						sinfə valideynlərin böyük marağı olduğunu, buradakı 
						təlim şəratindən, eyni zamanda şagirdlərin birbaşa 
						sağlamlığına yönələn mühitdən olduqca razı qaldıqlarını 
						bildirdi.  
						Məktəbin “Sağlam təhsil sinfi”nin ibtidai sinif 
						müəllimi Svetlana Tağıyeva xüsusi tərtibatı ilə 
						gözoxşayan sinifdə uşaqlarla işləməyin çox maraqlı 
						olduğunu, onlarda təlimə marağı  yüksəltmək, ətraf  
						aləmi tam dərk etmələri, yaradıcı təfəkkürü inkişaf 
						etdirmək üçün inteqrativ dərslərə daha  çox yer 
						verildiyini bildirdi. Qeyd etdi ki, hərəkətli tədris 
						mühitində şagirdlər, demək olar ki, yorulmur, əksinə 
						dərslərini daha rahat şəkildə mənimsəyirlər. 
						Təhsil Nazirliyinin Pilot  layihələrlə  iş 
						sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova “Sağlam 
						təhsil-sağlam millət” layihəsinin Azərbaycan üçün 
						müxtəlif ölkələrin təcrübələri  öyrəniləndən sonra  
						tətbiq edilən unikal bir model olduğunu qeyd etdi. 
						“Sağlam təhsil sinif”lərində  dərslərin inteqrativ 
						şəkildə tədris olunduğunu və şagirdlərin məntiqi, 
						tənqidi və yaradıcı təfəkkürünün  sanki bir zəncir 
						üzərində formalaşdığını deyən A.Süleymanova həmçinin 
						təlim zamanı sinif otaqlarında istifadə olunan xüsusi 
						asqıların  uşaqların tam təlimə cəlb olunmasına və 
						mövzunu hərəkətli şəkildə mənimsəmələrinə daha asanlıqla 
						kömək etdiyini söylədi. O da qeyd olundu ki, 
						valideynlərin  marağına səbəb olan bu təlim prosesi 
						bəzən onların iştirakı ilə də  həyata keçirilir  
						 
						O, sinfin fərqli dizayna malik olduğunu deyərək 
						bunu belə izah etdi: “Bu bucaqsız sinif otağıdır. Otaqda 
						düz xətlər görə bilməzsiniz. Belə bir tərtibat uşaqları 
						psixi stresdən qorumaq üçün nəzərdə tutulub. Otaqda 
						panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac 
						şəkilləri çəkilib. Uşaqlar özlərini sanki sinifdə deyil,  
						qeyri-adi bir məkanda, təbiət qoynunda hiss edirlər”.
						 
						Layihənin gigiyena üzrə ekspertlər qrupunun 
						rəhbəri, ATU-nun uşaq və yeniyetmələr gigiyenası 
						kafedrasının dosenti Şəhla Balayeva məsələyə tibbi 
						baxımından  yanaşaraq  söhbət  zamanı  ibtidai 
						siniflərdə təhsil alan uşaqların diqqət davamlılığının 
						15 dəqiqədən artıq olmadığının artıq sübut olunduğunu 
						dedi. Onu da əlavə etdi ki, 15 dəqiqə ərzində eyni işçi 
						pozada olmaq  statik  gərginliyin yaranmasına səbəb olur. 
						“Sağlam təhsil sinif”lərində bununla əlaqədar  olaraq 
						dərs zamanı 15 dəqiqədən bir mikropauzalar verilir. Bu 
						zaman uşaqlar  görmə və vestibulyar aparatı məşq 
						etdirmək üçün professor V.F.Bazarnıyın təklif etdiyi 
						“Universal simvollar  sxemləri” (“SUS”) və 
						“Görmə-vestibulyar məşqçi” (“ZEVS”) avtomatlaşdırılmış 
						sistemində hərəkətlər həyata keçirirlər. Bu hərəkətlər 
						vasitəsilə həm göz əzələləri, həm də gövdənin yuxarı 
						hissəsinin əzələləri məşq edir, statik iş dinamik 
						fəaliyyətlə əvəz olunur. Mikropauzalardan sonra uşaqlar 
						yerlərini dəyişməklə (oturaq-ayaqüstü) yeni iş pozası 
						almış olurlar. Beləliklə, dərs günü ərzində ənənəvi 
						dərslərdən fərqli olaraq eyni əzələ qrupuna daimi iş 
						düşmür ki, bu da zehni və fiziki iş qabiliyyətinin uzun 
						müddət ərzində yüksək səviyyədə saxlanılmasına xidmət 
						edir. Bundan əlavə, şagird masalarının uşaqların 
						boylarına uyğun tənzimlənməsi, masanın işçi səthinin 16 
						dərəcə maili olması iş zamanı gövdənin yuxarı hissəsinin 
						və başın həddən artıq əyilməsinin qarşısını alır ki, bu 
						da qan dövranının normal olmasına, orqanizmin orqan və 
						toxumalarının yaxşı qidalanmasına və kifayət qədər 
						oksigen təchizatına şərait yaradır. İşıqlanma 
						səviyyəsinin 300-500 lüks olması isə iş zamanı görmə 
						orqanında gərginlik yaranmasının qarşısını alır. 
						Həkimin sözlərinə görə  “Sağlam təhsil 
						sinif”lərində yaradılan sağlam tədris  şəraiti - 
						uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və 
						digər avadanlığın istifadəsi, sinifdə şagird sayının 
						optimallaşdırılması, hərəki fəallıq təhsilalanların 
						fiziki inkişafına müsbət təsir göstərərək, əvvəldən bu 
						istiqamətdə yaranmış bir sıra sağlamlıq problemlərinin, 
						məsələn, uzaqdan görmə itiliyinin azalması, qamət 
						pozulmaları, fiziki inkişaf problemlərinin azalmasına 
						zəmin yaradır.  
						Valideynlərdən Nahidə  Zeynalova, Sevinc Novruzova, 
						Kəmalə İsmayılova, Pərvanə Məmmədova  öz övladlarının 
						məhz bu sinifdə təhsil almalarından məmnun olduqlarını, 
						uşaqlarının  məktəbə həvəslə gəldiklərini dedilər. Qeyd 
						etdilər ki, buradakı tədris prosesi, müəllimin 
						şagirdlərə olan səmimi münasibəti onları qane edir. Bu 
						sinifdə övladlarının həm sağlamlıqlarına, həm də 
						təhsilinə xüsusu diqqət göstərilir. Uşaqlar idmanla 
						məşğul olur və  bu da onların sağlamlığı üçün xeyirlidir.
						 
						Söhbət etdiyimiz  “Sağlam təhsil sinfi”nin I sinif 
						şagirdləri Fatimə Novruzova, Ziyafət Zeynalov, Faiq 
						Hüseynli, Tunar  Məmmədov, Jasmin İsmayılzadə  isə 
						burada təhsil almaqdan xoşları gəldiyini söylədilər.
						
						  
						
						Samirə KƏRİMOVA,“Azərbaycan müəllimi”
 |