| 
						
						
						ABŞ-ın ən mütərəqqi universitetləri  
						
						
						 ABŞ-ın 
						ən yaxşı  ali məktəblərinin növbəti  reytinqi dərc 
						edilib. İlk dəfə “U.S. News & World Report” jurnalı 
						tərəfindən tərtib olunan reytinq   yeni - ən mütərəqqi 
						ali məktəb nominasiyasında hazırlanıb. Siyahıda tədris 
						planları, kadr siyasəti, tələbə həyatı və ya 
						texnologiyalar sahəsində innovativ yenilikləri ilə 
						tanınan universitetlər yer alıb.  Reytinq  dörd  
						kateqoriyaya bölünüb: milli universitetlər,  özəl 
						incəsənət kollecləri,  regional universitetlər  və  
						regional  kolleclər.  Beləliklə, ABŞ-ın ən mütərəqqi 
						universitetləri bunlardır: 
						
						1. Arizona Dövlət Universiteti. Ali məktəb birinci 
						kateqoriya üzrə hətta Stenford Universiteti və 
						Massaçusets Texnologiya İnstitutu kimi ali məktəbləri 
						qabaqlayıb. Bunun səbəbi isə belə izah olunur: ali  
						məktəb özünün onlayn akademiyasını açıb, istənilən şəxs 
						burada pulsuz kurs keçə bilər.  Bundan əlavə, 
						universitet  əlavə elementlər daxil etməklə daim yeni 
						rəqəmsal kurslar  üzərində işləyir,  nəzəriyyənin 
						əsaslarını  tələbələr özləri mənimsəyirlər, müəllimlər 
						isə adi mühazirəçi  rolundan azad olunurlar.  
						 
						
						2. Bard kolleci tədris planı  sahəsində innovasiyalara 
						görə reytinqin yuxarı pilləsində yer alıb. Özəl  
						incəsənət kolleci əsas diqqəti  fənlərarası proqramlara 
						yönəltməklə  bütün dünya ölkələrindən olan   təhsil 
						ocaqları ilə əməkdaşlıq edir. Bundan başqa,  Bard 
						kollecində həm də islah əmək düşərgələrini tərk etmiş 
						vətəndaşların təhsili üzrə Amerikanın ən böyük proqramı  
						həyata keçirilir.   
						
						3. Sautern Nyu-Xemşir Universiteti. Ən müasir  innovativ  
						regional universitetdə  tələbələr üçün kampusda 
						olduğundan 20 dəfə çox onlayn təhsil təşkil edir.   
						Digər universitetlərin  abituriyent cəlb edə 
						bilmədiklərinə görə bağlandığı və ya birləşmək 
						zərurətində qaldığı bir vaxtda bu universitet sürətlə 
						böyüyür.  Texnologiyadan ağıllı istifadə hər şeyi 
						dəyişir: onlayn-təhsilə qoşulan tələbələrin sayı 60 mini 
						keçib, əyani şöbədə isə 3 min nəfər təhsil alır.  
						 
						
						4. Çempleyn kolleci.  Ən mütərəqqi  regional kollec kimi 
						yüksək etimada malikdir. Eyni innovativ model üzrə 
						fəaliyyət göstərir. O qədər də böyük olmayan kampusunda 
						az sayda tələbə təhsil alır. Tələbələrin əksəriyyəti  
						yerli  aparıcı korporasiyalar və  dövlət müəssisələri 
						ilə əməkdaşlıq əsasında hazırlanmış onlayn proqramlar 
						üzrə təhsil alırlar.    
 
						
						
						Çexiya əcnəbilərin təhsilinə vəsait ayıracaq  
						
						 Çexiya 
						hökuməti ölkənin ali təhsil müəssisələrində təhsil alan 
						əcnəbi tələbələrə  dəstək məqsədilə ildə 90 milyon kron 
						(çex pul vahidi) vəsait ayırmağa hazırdır.  Hazırda bu 
						məbləğ 13,2 milyon  kron təşkil edir. 
						
						Çexiyanın Təhsil Nazirliyi təkliflərini müzakirələr  
						üçün hökumətə təqdim etməyə hazırlaşır. “Praqa” 
						radiosunun məlumatına əsasən,  bu məbləğə 
						immiqrantların  mədəniyyət və identikliyinin 
						dəstəklənməsi proqramları daxil edilib. Təhsil 
						müəssisələri ildə bir dəfə inkişaf  proqramları 
						çərçivəsində maliyyə dəstəyi almaq üçün hökumətə 
						müraciət edə bilərlər.  Çexiya Məktəb Müfəttişliyinin 
						məlumatına görə, 2014-cü ildə ölkə  məktəblərində ana 
						dili çex olmayan 20 min şagird təhsil alıb. Hazırda dil 
						dəstəyi şagirdlərin 22,4 faizinə lazımdır, bunu isə 
						hələlək təhsilalanların 1/5-i alır. 2016-cı ildə ölkənin 
						təhsil qanununda düzəlişlər qüvvəyə minəcək.   Bu 
						düzəlişlər çərçivəsində  ana dili başqa olan 
						təhsilalanlara dil dəstəyinin göstərilməsi icbari olacaq.
						 
						
						  
						
						  
 
						
						
						Rusiyada regional universitetlər birləşir  
						
						Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun 
						sözlərinə görə,  ölkənin 10-dan çox regional ali 
						məktəbi  birləşməyə və  “dayaq universitetləri” 
						yaratmağa hazırdır.  Nazir qeyd edib ki, bu cür 
						universitetlər intellektual potensialın  cəmləşməsinə 
						və  elm-təhsil komplekslərinin yaranmasına səbəb olacaq.  
						Digər tərəfdən, bu cür universitetlər regionların sosial 
						və iqtisadi inkişafına təkan verəcək.   
						
						Təhsil və Elm Nazirliyinin  mətbuat xidmətinin  
						məlumatına əsasən D.Livanov  ali məktəb rektorları ilə 
						görüşündə belə bir təşəbbüslə çıxış edib.   Onun 
						sözlərinə görə, bu cür dayaq universitetlərinin 
						yaradılması üzrə müsabiqə sənədləri mətbuatda dərc 
						olunacaq.  “Biz  artıq  10-dan artıq müraciət almışıq. 
						Xüsusi  qeyd etmək istərdim ki, bu cür birliklər 
						mümkündür və onlar  yalnız ali məktəblərin könüllü 
						iradəsi  əsasında həyata keçiriləcək” , - deyə nazir  
						vurğulayıb.  D.Livanov ali məktəblərin rəhbərliyi işində 
						mənəvi-etik aspektlərə də toxunub.  Nazir xüsusilə də, 
						universitet rəhbərliyinin ali məktəb işçilərinin  orta 
						əməkhaqqından  on dəfələrlə çox əməkhaqqı alması 
						hallarının  yolverilməzliyindən danışıb.    Nazirin 
						sözlərinə görə, bəzi ali məktəblərin rəhbərliyində “ailə 
						podratı” kimi halların (universitet rəhbərlərinin 
						qohumlarının ali məktəbin idarəçiliyində yer alması) 
						dözülməzdir.   
 
						
						
						Havada gəzinti korluq riskini azaldır 
						
						  
						
						Çin Xalq Respublikasından  olan elmi tədqiqatçılar 
						qrupunun verdiyi məlumata görə,   əgər uşaqlara təmiz 
						havada çox gəzmək imkanı verilərsə,  bu onlarda 
						görmənin  bərpası  şansını  artıracaq. Üstəlik, təmiz  
						havada gəzinti  korluğun inkişafının  qarşısını alacaq. 
						Tədqiqatda Çin məktəblərində təhsil alan uşaqlar iştirak 
						ediblər.  Üç il sonra  alimlər  əldə olunan məlumatlar 
						əsasında öz qənaətlərini  səsləndiriblər. 
						
						Bu tədqiqat işinin bütün mahiyyəti ondadır ki, 
						məktəblərdə dərslər açıq havada keçilib. Günün sonunda 
						uşaqlar qırx dəqiqə ərzində küçədə gəziblər. Bundan 
						başqa, bu eksperimentdə uşaqların valideynləri də 
						iştirak ediblər. Valideynlərdən uşaqlarla  birlikdə 
						təmiz havada gəzmək xahiş olunub. Digər 6 məktəbdə 
						dərslər əvvəlki qaydada sinifdə aparılıb. 3 il davam 
						etmiş eksperiment nəticəsində məlum olub ki, təmiz 
						havada gəzintidə olan uşaqlar arasında korluğun inkişafı 
						40 faiz azalıb.  Digər  uşaqlarda isə korluq adi qaydada 
						inkişaf edib. Tibb işçiləri deyirlər ki, buna səbəb 
						dərslərin qapalı şəraitdə, otaqlarda keçilməsidir.  
						Məktəbdə dərs prosesində şagirdlər sinifdəki əşyalara 
						baxır, buna görə də onlarda akkomodasiya sancıları baş 
						qaldırır.  Tədqiqatçılar təkidlə uşaqlarla  təmiz havada 
						daha çox vaxt keçirməyi  tövsiyə edirlər.  
						
						
						Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
 xarici mətbuat materialları əsasında
 |