Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“Ailə, məktəb, cəmiyyət” mövzusunda videokonfrans

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə oktyabrın 20-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət”  təlim-tədris mərkəzində ölkənin müxtəlif bölgələrindən müəllim, şagird və valideyn təmsilçilərinin iştirakı ilə “Ailə, məktəb, cəmiyyət” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Bilik Fondunun təşkilatçılığı ilə Gəncə, Sumqayıt, Qəbələ, Şamaxı, Bərdə, Lənkəranda dinləyicilərin toplaşdıqları auditoriyalarla videobağlantı yaradılıb.

Videokonfransı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları rəhbərlik etdiyi qurum adından salamlayıb, olduqca maraqlı bir mövzunun onları bir araya  gətirdiyini bildirib. Qonaqları təqdim  edən Fond rəhbəri müzakirə üçün müəyyənləşdirilmiş “Ailə, məktəb, cəmiyyət” mövzusunun aktuallığını, cəmiyyətin hər bir üzvünü düşündürdüyünü qeyd edib. Bildirib ki, insan ailədə tərbiyə alır, püxtələşir, formalaşır, onun etik baxışları ailədə yaranır, davranış qaydalarına burada yiyələnir, sonra bunlar məktəbdə daha da təkmilləşir, cilalanır və cəmiyyətə inteqrasiya olunur. Ailə, məktəb, cəmiyyət pedaqoji üçlüyünün  bu baxımdan təlim-tərbiyədə mühüm rol oynadığını deyən O.Səmədov iştirakçıları fəal dialoqa, mövzu ətrafında aparılan müzakirədə  yaxından iştiraka dəvət edib.

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə  də konfrans iştirakçılarını salamlayıb, videokonfransı uğurlu, eyni zamanda fərqli bir tədbir kimi dəyərləndirib, mövzu ətrafında fəal, səmimi bir müzakirənin aparılacağına əminliyini söyləyib.

Hazırda ölkədə təhsil sisteminin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və himayəsində olduğunu və uğurla inkişaf etdiyini vurğulayan B.Hüseynzadə müzakirələrdə bu inkişafda ailə, məktəb və cəmiyyətin hansı rolu oynamalı olması, hər kəsin bu işə öz fəaliyyəti ilə necə töhfə verə bilməsi məsələlərinə toxunulacağına, səmərəli fikir mübadiləsi aparılacağına inandığını söyləyib və konfransın işinə uğurlar arzulayıb.

Sonra videokonfrans öz işinə başlayıb. Mövzu üzrə məruzəçi, tanınmış pedaqoq alim, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, professor Əjdər Ağayev öncə iştirakçıları salamlayıb,  şagirdlərin şəxsiyyət kimi formalaşmasında ailə, məktəb və cəmiyyətin rolu və yeri məsələsinə toxunub, problemə ənənəvi və müasir pedaqoji yanaşmaları diqqətə çatdırıb. Mövzunun aktuallığını xüsusi qeyd edən Ə.Ağayev bunu bu gün məktəb işinin yalnız pedaqoji iş deyil, böyük sosial, iqtisadi, mənəvi əhəmiyyətli bir məsələ olması və cəmiyyətlə sıx bağlılığı ilə əlaqələndirib.

Çıxışında ailənin təlim-tərbiyə məsələsində roluna diqqət çəkən Ə.Ağayev uşağın 6 yaşa qədər  məhz  ailədə formalaşdığını, psixoloqların qənaətinə görə,  əvvəllərdə deyildiyi kimi 5 yaşda  deyil, artıq 3 yaşında uşaqda gələcək formalaşmanın özülünün qoyulduğunu söyləyib. Bildirib ki, bu, cəmiyyətlə, həyatla, ailə ilə bağlıdır. Ona görə də bu gün məktəb-ailə tarazlığı cəmiyyət tarazlığı ilə ekvivalent, bərabər olmalıdır. Məktəbdə pedaqoji kollektiv, ailədə valideynlər, eləcə də cəmiyyətin hər bir üzvü olaraq hər kəs işlədiyi sahədə, vəzifədə, elədiyi əməlində, öz nümunələri, sağlam fikirli düşüncələri ilə tərbiyəvi təsir göstərir. Bu gün həmin təsirlər əvvəlki kimi deyil. İndi elektron  vasitələr çox güclüdür, cəmiyyət həyatı tamamilə elektronlaşıb. Ölkəmizdə Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə geniş texnoloji islahatlar həyata keçirilir. Qloballaşmada böyük yer tutan elektronlaşma bilik, öyrənmə sərhədlərini, tanışlıq baryerlərini artıq çoxdan aşıb.

Ailə, məktəb, cəmiyyət əlaqələrində məktəbin xüsusi çəkisinin daha çox olduğunu deyən Ə.Ağayev bildirib ki, bu gün məktəbin funksiyası sosial mənada çox genişlənib və güclənib. İndi məktəb bilik, tərbiyə mərkəzi olmaqla həm də şagirdlərin dünyagörüşünü, həyata baxışlarını, insanlara münasibətini formalaşdırır. Təlimin məzmunu yenilənib, ona çoxlu xarici təcrübədən gələn müəyyən  nüanslar daxil olub. Təlim metodlarında  da xeyli təkmilləşmələr, yeniləşmələr var. Müəllimin bilməli olduğu  və bildiyi bu məsələlərin valideynlərə çatdırılmasında, cəmiyyətin diqqət obyektinə çəkilməsində məktəbin rolunun böyük olduğunu, onun üzərinə  ciddi vəzifələr düşdüyünü deyən professor bu məsələyə müəllimlərin, məktəb rəhbərlərinin diqqət yetirməsinin vacibliyini vurğulayıb.

Professor Əjdər Ağayev çıxışında habelə şagirdlərin peşəyönümü, bu işdə valideynlərin, məktəbin rolu, şagirdlərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının  az olması, valideynlərin bu məktəblərə  lazımınca dəyər verməməsi,  məzunların ali məktəblərə gediş cəhdinin çox olması, təlim prosesində daha çox şagirdlərin müstəqil işinə yer verilən bugünkü məktəbdə qavrama və tərbiyədə mühüm  amil olan təhsilalanların hiss və duyğularını qaldırmaq məsələsinin zəruriliyi, şəxsiyyətin formalaşmasında mütaliənin rolu, mütaliənin təşkilində ailə və məktəbin işi, müəllimlərin özünütəhsili, mütaliəsi, pedaqoji mətbuatı müntəzəm izləməli olması və s. kimi məsələlərə də toxunub, öz fikir və mülahizələrini söyləyib.

Sonra Ə.Ağayev dinləyici auditoriyalarından mövzunun müxtəlif aspektləri ilə bağlı verilən sualları cavablandırıb, irəli sürülən təkliflərə münasibətini bildirib.  

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov