Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf
Zamanov Birləşmiş Krallığın Norveç Dil Təhsili
İnstitutunun dəvəti ilə 7-13 oktyabr 2015-ci il
tarixlərdə Norveç şəhərində ezamiyyədə olub. Qeyd etmək
lazımdır ki, BPKİYİ ilə NİLE arasında 2013-cü ildən
əməkdaşlıq əlaqələri yaradılıb, elm və təhsil sahəsində
əməkdaşlığa dair müqavilə imzalanıb, bir sıra işlər
həyata keçirilib.
Səfər çərçivəsində müəllimlərin peşəkar inkişafı
və innovativ layihələrin işlənməsi, BPKİYİ-nin inkişaf
planı, “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf”
mövzusunda növbəti (IV) Beynəlxalq elmi konfransın
2016-cı ildə birgə keçirilməsi məsələləri müzakirə
olunub.
Görüşlərdə NİLE-nin biznesin inkişafı üzrə
direktoru Sarah Mount və akademik direktor Alan
Pulverness BPKİYİ, NİLE və British Council arasında
əməkdaşlığın səviyyəsindən, ingilis dilinin tədrisində
keyfiyyət standartlarının təkmilləşdirilməsi məqsədi ilə
birgə fəaliyyətdən, tədrisdə innovasiyaların
tətbiqindən, təlim texnologiyaları və
metodologiyalarının səviyyəsindən, görülən işlərin
nəticəsindən razılıqlarını bildiriblər. BPKİYİ ilə
British Council-ın əməkdaşlığının iki illiyinə həsr
olunmuş Davamlı Peşəkar İnkişaf pilot layihəsi
çərçivəsində 12 fevral 2014-cü il tarixdə Bakıda birgə
keçirilmiş, akademik direktor Alan Pulvernessin də
iştirak və məruzə etdiyi beynəlxalq konfransın yüksək
səviyyədə təşkili vurğulanıb. Asəf Zamanov NİLE-nin
struktur və bölmələrinin fəaliyyəti ilə yaxından tanış
olub.
Görüşlərin nəticəsi olaraq “İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf” mövzusunda IV Beynəlxalq elmi
konfransın birgə keçirilməsi, NİLE mütəxəssisləri
tərəfindən ingilis dili müəllimləri üçün peşəkar inkişaf
təlimlərinin - öyrətmə və öyrənmədə motivasiya; dil
tədrisində qarışıq (online və face to face) öyrənmə;
multikulturalizim və ingilis dilinin tədrisi; akademik
məqsədlər üçün ingilis dilinin tədrisi; yeni öyrənənlər
üçün ingilis dilinin tədrisi; ingilis dilinin tədrisində
müasirlik və yeni istiqamətlər; təlimçi inkişafı:
müəllimləri öyrədənlər üçün kurslar; dil tədrisində
əyani vasitələr və s. təşkili də razılaşdırılıb. Sarah
Mount həmçinin, BPKİYİ-nin biznes inkişaf planlarına
dair tövsiyələrini bildirib.
Departament direktoru Thom Kiddlenin “Onlayn
peşəkar inkişaf kursları” təqdimatında onlayn təhsilin
zəruriliyi, kursların təşkili forması, NİLE-nin
əməkdaşlıq etdiyi ölkə və ali məktəblər, ingilis dilini
yeni öyrənənlərin təlimləri, tyutorun kursların
təşkilində rolu, qiymətləndirilmə formaları və gələcəkdə
həyata keçirilməsi nəzərdə tutulan işlərin BPKİYİ-nin
fəaliyyətində nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
Professor Asəf Zamanov Lids Universitetində (University
of Leeds) də olub, beynəlxalq məsələlər üzrə direktor
Melissa Şuessler və Mexanika mühəndisliyi fakültəsinin
rəhbəri professor David Bortonla görüşüb. Görüşdə
gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.
İnstitutun müəllifi olduğu bir neçə monoqrafiya
universitetin kitabxanasına hədiyyə edilib. |