Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili
müəssisələrində ixtisasların müvafiq təşkilatlara
hamiliyə verilməsi haqqında” Sərəncamının icrası
məqsədilə Naxçıvan Dövlət Universitetində silsilə
tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Naxçıvan
Muxtar Respublikasındakı “Modul” Elektrik Stansiyasının
elektrik sexinin rəis müavini Nəriman Kərimlinin
universitetin memarlıq və mühəndislik fakültəsinin
elektroenergitika mühəndisliyi ixtisasının tələbələri
üçün keçdiyi elmi-nəzəri seminar olub.
Seminardan əvvəl universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Ali Məclis
Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamını təhsilin
inkişafına, yüksək ixtisaslı mütəxəssis hazırlığına,
regionun kadr potensialının formalaşmasına diqqət və
qayğı kimi qiymətləndirib, sərəncamın tətbiqi ilə bağlı
görülən işlərdən danışıb. Rektor qeyd edib ki, təhsilə
göstərilən dövlət qayğısı tədrisin keyfiyyətinin
yaxşılaşdırılması, yüksək nizam-intizam, ixtisas
fənlərinin daha dərin mənimsədilməsi kimi mühüm
vəzifələr qarşıya qoyur.
“Naxçıvan Muxtar Respublikasının enerji təminatı”
mövzusuna həsr olunmuş elmi-nəzəri seminarda Nəriman
Kərimli muxtar respublikada elektroenergetikanın
inkisafı, alternativ enerji mənbələrindən istifadə
imkanlarından bəhs edərək vurğulayıb ki, bir vaxt enerji
böhranı keçirən Naxçıvan bu gün enerji ixrac edən
regiona çevrilib. Azərbaycan Respublikasının ən qabaqcıl
elektrik stansiyalarından olan Naxçıvan “Modul” Elektrik
Stansiyasında hər birinin gücü 8,7 meqavat olmaqla 10
ədəd generator quraşdırılmışdır. Stansiyanın ümumi gücü
87 meqavatdır. Stansiya 2006-cı ildə istifadəyə
verilmişdir. Stansiyada qoyulmuş hər birinin gücü 8,7
mvt olan Porsen tipli aqreqatlar qısa muddətdə işə
salına və dayandırıla bilər. Stansiyanın faydalı iş
əmsalı 46 faiz, 1 kvt.saat elektrik enerjisinə sərf
olunan təbii qazın miqdarı 260 qramdır. Burada istehsal
olunan elektrik enerjisini muxtar respublikanın elektrik
şəbəkələrinə ötürmək məqsədilə 4 km uzunluqlu ikidövrəli
110 kv gərginlikli, Türkiyə Respublikasına ötürmək üçün
24 km uzunluqlu birdövrəli 110 kv gərginlikli elektrik
verilişi xətti çəkilmisdir.
Sonda suallar cavablandırılıb, tədbirə fakültə
dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov
yekun vurub.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |