Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“Böyük ümidlə 700 balı gözləyirdim”

 

Azərbaycan Tibb Universitetinin tələbəsi Asya Mahmudova ilə söhbət 

Asya  Mahmudova  1996-cı ildə  Zaqatala rayonunun  Əliabad qəsəbəsində  anadan olub.  2015-ci ildə  Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbi əla qiymətlərlə  bitirib.  Orta məktəb illərində tədris ocağının ictimai  işlərində  fəal  iştirak edib,  “İlin şagirdi” adını qazanıb.  Məktəbi  bitirən il  fəxri fərmana  layiq görülüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  (TQDK-nın) 2015-2016-cı tədris  ili üçün ali təhsil  müəssisələrinə  keçirdiyi qəbul imtahanında  ən yüksək nəticə - 700 bal toplayaraq  Azərbaycan Tibb Universitetinin  müalicə işi  fakültəsinə qəbul olub. Ölkə rəhbərinin müvafiq  sərəncamı ilə  Prezident təqaüdünə layiq görülüb.  

Tələbəlik illərini yada salarkən hansı yaşda olursa-olsun qəribə psixoloji anlar  yaşamalı, kövrəlməli, qürur hissi keçirməli olursan.  Hahaq  yerə  həmin illərə mahnılar, az qala dastanlar bəstələnməyib ki!  Bu gündən  həmin illərə bağlananda onun ən acı günləri də  bal dadır, insan o  şirin xəyallardan  bir an belə  ayrılmaq istəmir.  Yataqxana həyatı isə  tələbəlik illərini  bol-bol  xatirələrlə  daha yaddaqalan edir.  Bu günlərdə Azərbaycan Tibb Universitetinin  3 nömrəli qızlar yataqxanasına yollandım. Məqsədim qəbul imtahanlarından 700 bal toplayan tələbə Asya Mahmudovadan yazı hazırlamaq,  yenicə qədəm  qoyduğu tələbə həyatı, yataqxana mühiti ilə bağlı  təəssüratlarını dinləmək idi.  İkinci mərtəbəyə qalxıb  ehmalca 5-ci otağı  döydüm. Qapını ağbəniz  bir qız açdı: - xoş gəlmisiniz,- söyləyib məni içəri dəvət etdi.   Onun  otaq yoldaşları  da mehriban və səmimi qızlar idilər. Amella Hüseynova  657,  Nuranə Nərimanlı  isə  639 balla Azərbaycan Tibb Universitetinin  müalicə işi  fakültəsinə daxil olublar. Bir göz qırpımında çay  süfrəsi hazırladılar və “qəhrəmanımızla” söhbətə başladıq. 

- Bəzən  düşünürlər ki,   ali  məktəblərə  qəbul imtahanlarından yüksək nəticə göstərən abituriyentlər  ancaq qabaqcıl  təhsil müəssisələrinin  yetirmələri ola bilər?  Sən necə düşünürsən, bu fikirlə razılaşmaq olarmı?

- Xeyr.  Əsas müəllimlərinin savadlı olmasıdır. Abituriyentlər üçün  məktəb hazırlığının, aşağı siniflərdə öyrənilənlərin  rolu əvəzsizdir. Məktəbin yaraşıqlı, yeni  standartlara  cavab verməsi, bəzək-düzəyi əsas deyil. Əsas nizam-intizam, dərsə davamiyyət,  müəllimin verdiyi tapşırıqları yerinə yetirmək, yaxşı oxumaqdır.

- Ən çox sevdiyin fənn?

- Bütün fənlər mənim üçün maraqlı olub. Təxminən 7-8-ci siniflərdə oxuyanda həkim olmağı   arzulayırdım. Hazırlaşdığım müddətdə isə daha çox  IV   qrupdakı fənlərə maraq göstərdim.  Ən çox sevdiyim fənn Azərbaycan dilidir. Texniki fənlər çətin deyil. Əslində  istər texniki, istərsə də humanitar fənlərin müəyyən çətinlikləri var. Ancaq  əzmkarlıq göstərib özünü yaxşı hazırlamaq  lazımdır.

- Hansı kurslarda iştirak etmisən?

- Ali məktəbə  Zaqatala Modern  Hazırlıq Mərkəzində hazırlaşmışam. Hər ay mərkəzdə sınaqlar keçirilirdi.  9-cu sinifdə oxuyarkən sınaqdan 676 bal topladım. X-XI siniflərdə isə  690-700 bal toplayırdım. Yalnız zəhmət çəkməklə  arzuları reallaşdırmaq olar. Çünki mən nəticəsini gözəl gördüm.

- Qəbul  imtahanının gedişindən razı qaldınmı?

- Şübhəsiz. Yaxşı hazırlıqlı olursansa imtahanın necə keçdiyinin  sənin üçün əhəmiyyəti olmur.  Düşündürücü suallar var idi,  ancaq  çox da ağır deyildi.  Mənim elə bir çətinliyim olmadı.  I-XI sinifləri əla qiymətlərlə başa vurmuşdum.  İmtahanın gedişatından çox razı qaldım. Səbrlə, təmkinlə  sualları  cavablandırdım.

- 700 bal toplayacağına əmin idinmi?

- Sınaq imtahanlarında da  700 bal   toplamışdım. Əvvəlcədən əmin olmasam da böyük ümidlə 700 balı gözləyirdim. Sınaq imtahanları abituriyentin qəbula hazırlığını daha da asanlaşdırır.  Eyni zamanda imtahan təcrübəsi toplamaqda və qəbul imtahanına psixoloji cəhətdən hazırlıqda sınaq imtahanlarının rolu əvəzsizdir. Abituriyentlər üçün məktəb hazırlığının, aşağı siniflərdə öyrənilənlərin rolu danılmazdır.  Valideynlərim də məndən  yüksək nəticə gözləyirdilər. 700 bal toplamağımı eşidəndə hər  kəs - müəllimlərim, qohumlarım   çox  sevinirdilər. Xüsusilə də sinif  rəhbərim  Fatma Hacıəhmədovanın sevincinin hədd-hüdudu yox idi.  Çəkdiyi zəhmətin bəhrəsi göz önündə idi. Ona çox minnətdaram.

- Gələcək abituriyentlərə  nə məsləhət görərdin?

- İlk növbədə, hər kəs hədəfini düzgün  müəyyənləşdirməlidir. Əgər məqsəd oxumaq, yüksək nəticə ilə ali məktəbə qəbul olunmaqdırsa,  onda hər kəs öz üzərində  ciddi hazırlaşmalıdır.  İlk baxışda dərslər çox çətin gələ bilər. Amma səylə çalışmaq lazımdır ki, çətinlikləri aradan qaldırasan. 

- Mütaliə ilə məşğul olursanmı?

- Bir an belə mütaliəsiz qalmaq olmaz. İnsanın dünyagörüşünün formalaşmasında  mütaliə mühüm rol oynayır.  Azərbaycan  və dünya ədəbiyyatı klassiklərinin əsərlərini oxuyuram. Viktor Hüqonun “Səfillər” romanını oxumuşam və s. Humanitar elmlərə marağım  dəqiq elmlərdən az deyil.

- Orta məktəb illərində  inşa yazı müsabiqəsi keçirilir. “Böyüyəndə  hansı peşəni seçəcəksən?”  Sən öz arzularını necə ifadə edirdin?

- İki seçim arasında qalmışdım.  Müəllim yaxud  həkim.  İlk dəfə ibtidai sinif müəllimi Məlahət Muradovanı görəndə sinif müəllimi olmaq istəyirdim. Amma sonra   həkimlik peşəsini seçdim. Mən peşəsinin əsl sahibi olan  bir həkim olmaq istəyirəm. İnşa yazımda da beləcə yazmışdım və “beş”  aldım. Həkimlik  çox ağır və məsuliyyətli  peşədir.

- Xarici dil necə, bilirsənmi?

- Hazırda ərəb və ingilis dili ilə müstəqil məşğul  oluram.  Bunun üçün  əlavə hazırlığa  getmirəm.  Sadəcə xarici dilləri  mükəmməl öyrənməyi  özümə borc bilirəm.  Biz ömrümüzün ən gözəl çağı olan gəncliyimizi bununla daha dəyərli və məzmunlu  edə bilərik.  Allah hər birimizə faydalı elm nəsib etsin.

- Yataqxana həyatı  cansıxıcı deyil ki?

- İlk günlər  lap çox darıxırdım; atam  və anam, bacı-qardaşlarım üçün. Həftələr bir-birini əvəz edir,  vaxtımın çox hissəsı kitabxanalarda keçir. Amma proqram, tapşırıq  da çoxdur.  Çalışacağam ki,  öhdəsindən gəlim. Semestr imtahanlarından  əla qiymətlər alım. Yeri gəlmişkən,  qeyd etməyi özümə borc bilirəm ki,  Bilik gününə həsr edilmiş  tədbirdə  rektor  Əhliman Əmiraslanov  məni ən yüksək nəticə  ilə  Azərbaycan Tibb Universitetinə qəbul olmağım münasibətilə təbrik  və mənə  təhsildə yeni-yeni uğurlar diləyərək  “Onkologiya” kitabını  hədiyyə etdi. Rektorumuzun  çıxışı məni gələcəkdə daha da yaxşı oxumağa, peşəkar mütəxəssis olmağa  ruhlandırdı. O ki qaldı yataqxana həyatına, zərrəcə sıxılmıram. Gözəl otaq yoldaşlarım var. Onlar mənim ən yaxın rəfiqələrimdir.

- Müəllimlərinlə əlaqə saxlayırsanmı?

- 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə bütün müəllimlərimi  təbrik etdim, onlara  xoş arzularımı  bildirdim.

Bəli,  həkim olmağı qarşısına məqsəd qoyan Asya bu sahədə peşəkar mütəxəssis olmaqla insanların sağlamlığının keşiyində duracağına  əmindir.  Bunun üçün isə ondan çətin, eyni zamanda şərəfli tələbəlik həyatını müvəffəqiyyətlə başa vurmaq tələb olunur.  Elə bu arzularla da  tələbəlik həyatına  yenicə qədəm qoymuş həmsöhbətimlə və onun dilli-dilavər rəfiqələri ilə xudahafizləşib ayrıldım. Çayları  çox dadlı idi.  Tələbəlik illərində   yataqxana həyatında  dəmlədiyim ətirli çayın dadını verirdi... 

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
s.seferova@muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov