| 
						
						
						 Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər 
						Akademiyası arasında əməkdaşlıqla bağlı əldə olunmuş 
						razılığa əsasən “Azərbaycan müəllimi” qəzetinin yaradıcı 
						heyəti oktyabrın 22-də AMEA-nın İnformasiya 
						Texnologiyaları İnstitutuna mediatur keçirib. 
						Mediatur iştirakçılarını salamlayan institutun 
						direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi 
						elmi müəssisə haqqında məlumat verib.  
						Qısa məlumatından sonra akademik R.Əliquliyev 
						redaksiya  əməkdaşlarını bu elm ocağında fəaliyyət 
						göstərən mərkəzlərlə tanış edib. Öncə tədris-innovasiya 
						mərkəzinə baxış keçirilib. Məlumat verilib ki, 
						institutun Tədris-İnnovasiya Mərkəzi doktorant və 
						dissertantlarla iş, tədrisin təşkili və layihələrin 
						idarə edilməsi kimi üç sektordan və biri Distant Tədris 
						Mərkəzi, digəri isə Wiki Mərkəzi olmaqla 2 mərkəzdən 
						ibarətdir. Mərkəzlər ən müasir İKT avadanlığı ilə yüksək 
						səviyyədə təchiz olunub. Burada İKT üzrə tədrisin 
						təşkili, eləcə də distant təhsillə bağlı son 
						texnologiyalardan istifadə edilir. Mərkəzin iş 
						pinsipləri haqında jurnalistlərə məlumat verilib. 
						İnstitutun Multimedia Resursları Mərkəzi də 
						mediatur iştirakçılarında dərin təəssürat yaradıb. 
						Onlara məlumat verilib ki, burada institutun əməkdaşları 
						tərəfindən yazılan kitab, tədris materialları və metodik 
						vəsaitlər çap olunur, multimedia resurslarının 
						yaradılması, dizayn, layihələndirmə, qrafika işləri, 
						elektron resursların saxlanması və s. həyata keçirilir. 
						İnstitutun nəşriyyatı məhsulun yüksək keyfiyyətini təmin 
						edən dünya standartlarına uyğun  ən müasir rəqəmsal 
						mətbəə avadanlıqlarına malikdir. Daha sonra 
						internet-kafeyə baxış keçirilib. Jurnalistlər burada 
						institut əməkdaşları üçün yaradılmış şəraitlə tanış 
						olublar. 
						
						
						 E-kitabxana Mərkəzinə baş çəkən mediatur 
						iştirakçılarına məlumat verilib ki, mərkəzdə fəaliyyət 
						göstərən Apache platformasında yaradılmış İntellektual 
						İnformasiya Xidməti Sistemi institutun əməkdaşlarına 
						xidmət göstərir. Bu sistem vasitəsi ilə hər bir əməkdaş 
						online formada kitabxanaya daxil olaraq yeni ədəbiyyatla 
						tanış ola, rəhbərliyin ona ünvanladığı materiallara və 
						nəşr olunmuş elmi əsərlərinin siyahısına nəzarət edə 
						bilir. E-kitabxana Mərkəzində yaradılmış imkanlar 
						kifayət qədər genişdir. Burada həm texniki avadanlıq, 
						həm də proqram təminatı problemi ən yüksək səviyyədə 
						həll olunub. Kitabxananın təhlükəsizliyinin təmin 
						olunması, resursların identifikasiyası, oxucuların 
						özünəxidməti həyata keçirə bilməsi üçün 3M 
						texnologiyalarından istifadə olunur. 
						İTİ-nin AzScienceNet elm kompüter şəbəkəsinə baxış 
						da mediatur iştirakçılarının dərin marağına səbəb olub. 
						Jurnalistlərə bildirilib ki, şəbəkənin strukturu Cisco, 
						HP və İBM firmalarının məhsulları olan telekommunikasiya 
						və server avadanlıqları əsasında yaradılıb. AMEA-nın 32 
						institutu və təşkilatının kompüter şəbəkələri fiber 
						optik kabellə AzScienceNet şəbəkəsinə birləşdirib. 
						Şəbəkənin internetə çıxış sürəti 270Mbit/san-dır. 
						İnstitutla tanışlıqdan sonra bu elm ocağının Elmi 
						Şurasının üzvləri ilə görüş keçirilib. Görüşü giriş sözü 
						ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev 
						qəzetin əməkdaşlarını bir daha salamlayaraq onları 
						rəhbərlik etdiyi müəssisədə görməkdən məmnunluğunu 
						bildirib və Elmi Şuranın fəaliyyəti, keçirdiyi iclaslar, 
						müzakirə etdiyi məsələlər haqqında məlumat verib, 
						elmi-tədqiqat fəaliyyətinin istiqamətlərindən danışıb. 
						
						
						 Görüşdə çıxış edən “Azərbaycan müəllimi” qəzetinin 
						baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, 
						əməkdar jurnalist Bayram Hüseynzadə Elmi Şura üzvlərini 
						salamlayaraq, mediatur və görüş üçün institutun 
						rəhbərliyinə təşəkkür edib, qəzet, eləcə də redaksiyanın 
						fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat 
						verib. Ölkə elmində gedən yeniləşmə, əldə olunan yeni 
						elmi nailiyyətlər, Azərbaycan Milli Elmlər Akademiyası 
						və onun elmi-tədqiqat institutlarının fəaliyyəti 
						haqqında oxuculara daha geniş, müntəzəm və sistemli 
						məlumatlar verilməsinin vacibliyini vurğulayan, bunun 
						üçün də ölkənin elmi qurumları ilə daha sıx əməkdaşlığı 
						zəruri sayan baş redaktor İTİ ilə “Azərbaycan müəllimi” 
						qəzeti arasında əməkdaşlığın bu baxımdan faydalı 
						olacağına əminliyini bildirib. 
						Sonra institutla redaksiya arasında əməkdaşlığın 
						konkret istiqamətləri, mövzuları müzakirə olunub. 
						
						Mediaturun sonunda xatirə şəkli çəkdirilib.  
						
						
						Yusif ƏLİYEV,“Azərbaycan müəllimi”
 |