| 
						
						
						Havar
						
						
						MƏMMƏDOV,
						
						
						Azərbaycan 
						
						Texniki 
						
						Universitetinin 
						
						rektoru,
 əməkdar 
						
						elm 
						
						xadimi, 
						
						texnika
						
						
						elmləri
						
						
						doktoru, 
						
						professor
 
						
						 Universitetlərin
						
						
						akkreditasiyasında
						
						
						beynəlxalq 
						
						təcrübə
						
						
						və
						
						
						təmayüllər 
						
						Dünya
						
						
						universitetlərinin,
						
						
						ali
						
						
						təhsilin
						
						
						inkişaf
						
						
						tarixi
						
						
						göstərir ki, ali məktəblərin, ali təhsilin 
						göstəricilərinin inkişafı ilə cəmiyyətin bütün 
						sahələrində əsaslı inkişaf müşahidə edilir. Əksinə bu 
						sahədə baş verən çatışmazlıqlar və geriqalmalar sonradan 
						cəmiyyətdə müxtəlif kataklizmlərin yaranmasına səbəb 
						olur. Tarixi mənbələrdə göstərilir ki, hələ XI-XVII 
						əsrlərdə Avropanın siyasi, iqtisadi və mədəni cəhətdən 
						çiçəklənməsi məhz həmin dövrlərdə Avropanın müxtəlif 
						ölkələrində ali təhsil cəmiyyətinin formalaşması, yəni 
						universitetlərin yaradılması ilə əlaqədar olmuşdur. Bu 
						baxımdan, ölkəmizdə son illər ali təhsil sahəsində 
						aparılan islahatlar respublikamızın davamlı inkişafına, 
						insan kapitalının formalaşmasına öz müsbət təsirini 
						göstərməkdədir.  
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						tərəfindən 29 noyabr 2011-ci il tarixdə təsdiqlənən 
						“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf 
						Konsepsiyasında müasir təhsil sisteminin 
						formalaşdırılmasının prioritet istiqamətləri müəyyən 
						edilmişdir. Şəxsə hərtərəfli bilik və bacarıqların 
						verilməsinə nail olmaq üçün təhsil sisteminin 
						institusional əsaslarının, infrastrukturunun və insan 
						resurslarının inkişafı vəzifəsi qarşıya qoyulmuşdur. 
						Odur ki, respublikamızda ali təhsil sistemində həyata 
						keçirilən islahatların müsbət nəticələr verməsi üçün  
						yeni yanaşmalar tələb edilir. Xüsusilə, keyfiyyətin 
						idarə olunması məsələsi ali təhsil sistemində prioritet 
						təşkil etməlidir. Bu mənada keyfiyyətin idarə olunması, 
						təhsilin qiymətləndirilməsi məsələsi nəticələrin 
						qiymətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir.
						 
						
						Biz bu istiqamətdə beynəlxalq təmayülləri öyrənmək və 
						təhlil etməklə müsbət çalarları Azərbaycan ali təhsil 
						sistemində tətbiq etməli və yüksək ixtisaslı kadrların 
						hazırlığına nail olmaq istiqamətində ciddi addımlar 
						atmalıyıq. Beynəlxalq təcrübədə əsas məqamlardan biri 
						ali təhsildə keyfiyyətin təminatı və qiymətləndirilmənin 
						aparılmasıdır ki, bu da akkreditasiya vasitəsilə həyata 
						keçirilir. Ali təhsil sistemində akkreditasiya sahəsində 
						ən böyük təcrübə ABŞ-a məxsusdur. ABŞ bu sahədə təxminən 
						yüz illlik təcrübəyə malikdir. Digər ölkələr, o cümlədən 
						Avropa ölkələri yalnız XX əsrin 90-cı  illərindən 
						başlayaraq ABŞ-ın təcrübəsini tətbiq etməyə başlamışlar. 
						Akkreditasiya prosesində əsaslı canlanma Avropa İttifaqı 
						ölkələrinin təşəbbüsü ilə ali təhsildə ümumavropa 
						məkanının yaradılması məqsədilə baş vermişdir. Burada da 
						əsas  məqsəd və öndə duran amil keyfiyyətin 
						qiymətləndirilməsi proseduruna söykənir. 
						
						Avropa ali təhsil sistemində keyfiyyətin 
						qiymətləndirilməsi və təminatı vacib əhəmiyyət kəsb edir. 
						Odur ki, Azərbaycan ali təhsil sistemində, xüsusilə  
						mühəndis kadrların hazırlığı zamanı kadr hazırlığının və 
						kadr hazırlığı üçün tədris-metodiki kompleksin keyfiyyət 
						göstəricilərinin qiymətləndirilməsi bu gün xüsusilə 
						aktualdır. Ali təhsilin beynəlmiləlləşməsi kontekstində 
						təhsil proqramlarının beynəlxalq akkreditasiyasının 
						aparılması həm beynəlxalq əməkdaşlıq, həm də müxtəlif 
						sistemlərin qarşılıqlı olaraq tanınması və uyğunlaşması 
						üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan beynəlxalq 
						praktikanın ölkəmizin ali təhsil müəssisələrində 
						mənimsənilməsi  və Azərbaycan reallıqlarını nəzərə 
						almaqla tətbiq olunması vacib məsələlərdən biridir. 
						Mühəndis kadrların hazırlığında bu amil daha qabarıq 
						olaraq özünü göstərir. Akkreditasiya bir qayda olaraq: 
						
						
						-  təhsil proqramına və ya təhsil müəsssisəsinə müəyyən 
						status verir; 
						
						
						-  mütəxəssislərə verilən  akademik dərəcələrin 
						tanınmasını təmin edir; 
						
						
						-  birbaşa və ya dolayısı ilə maliyyələşmə üçün əsas 
						təşkil edir; 
						
						
						-  qazanılan kreditlərin digər ali təhsil müəssisələri 
						tərəfindən qəbul olunmasına şərait yaradır və mobilliyi 
						təmin edir.  
						
						Avropa ölkələrində ali təhsildə akkreditasiya prosesi 
						sərbəst təşkilatlar tərəfindən həyata keçirilir və əsas 
						etibarilə təhsil proqramının və ya təhsil müəssisəsinin 
						onlar tərəfindən müəyyən edilmiş standarta uyğun 
						olub-olmamasına cavab almaq məqsədilə aparılır. Bu zaman 
						akkreditasiya təşkilatı tələbələrin, valideynlərin, əmək 
						bazarının üzvlərinin, təhsil cəmiyyətinin və nəhayət, 
						dövlətin maraqlarını və hüquqlarını qoruyur. Ona görə də 
						akkreditasiya agentlikləri Avropada, o cümlədən 
						Almaniyada sərbəst təşkilat olsalar da, bu 
						təşkilatların, agentliklərin fəaliyyətinə lisenziya 
						verilməsi, onların fəaliyyətinə nəzarət dövlətin, yəni 
						Təhsil Nazirliyinin səlahiyyətində qalır. Həmin 
						agentliklərin fəaliyyəti üçün standartları Təhsil 
						Nazirliyi müəyyən edir. Avropada akkreditasiya prosesi 
						zamanı əsas rolu Avropa Universitetlər Assosiasiyası, 
						Ali Məktəblərdə Keyfiyyətin təminatı üzrə Avropa 
						Şəbəkəsi, Avropa Komissiyası, Avropa Milli Tələbə 
						İttifaqı və s. kimi  təşkilatlar oynayır. Amerikada isə 
						əsas rol universitetin daxilində  olan sərbəst 
						özünüqiymətləndirmə təşkilatlarına məxsusdur. 
						
						Beləliklə, təhsil sistemi mərkəzləşmiş qaydada idarə 
						olunan ölkələrdə qiymətləndirmə və akkreditasiya 
						prosesinə nəzarət dövlət orqanları tərəfindən, digər 
						hallarda isə bu məsələ universitetlərin daxilində 
						fəaliyyət göstərən təşkilatlar və ya sərbəst ekspertlər 
						qrupu tərəfindən həyata keçirilir.  
						
						Bu  prinsipə uyğun olaraq Amerika sistemində 
						özünüqiymətləndirmə daha çox inkişaf etmişdir. 
						Ümumilikdə ştatların administrasiyası tərəfindən 
						universitetlərin tədris prosesinə nəzarət mexanizmi 
						zəifdir. Buna baxmayaraq, Amerika ali məktəbləri təhsil 
						sistemində keyfiyyətin artırılması üçün 
						özünüqiymətləndirmə metodundan səmərəli istifadə 
						edirlər. Son illər bir sıra Avropa ölkələrində də 
						özünüqiymətləndirmə metodikası inkişaf etməkdədir. 
						Məsələn, belə ölkələrdən biri olaraq Norveçi göstərmək 
						olar. Norveçdə son onilliklərdə öz təhsil proqramlarını 
						qiymətləndirən universitetlərin sayı əsaslı şəkildə 
						artmışdır. 
						
						Ekspertlərin qiymətləndirməsinə gəldikdə isə ABŞ-da 
						müxtəlif peşələr üzrə təşkil edilmiş assosiasiyalardan 
						universitetlərin təhsil proqramlarının 
						qiymətləndirilməsi praktikasından geniş istifadə olunur. 
						Avropada belə assosiasiyalar bir qədər sonralar 
						yaradılmağa başlamışdır, lakin hazırda onların sayı 
						kifayət qədərdir və onlar da ayrı-ayrı universitetlərin 
						proqramlarının qiymətləndirilməsində yaxından iştirak 
						edirlər. Həmin assosiasiyalarda uyğun sahənin görkəmli 
						mütəxəssisləri təmsil olunurlar ki, həmin şəxslər də öz 
						peşələrinin prestijini qorumaq üçün qiymətləndirmə 
						zamanı maksimum dərəcədə obyektivlik və tələbkarlıq 
						göstərirlər.  
						
						Göründüyü kimi, ümumiləşdirmə aparsaq, Amerika təhsil 
						sistemində ali təhsil proqramlarının qiymətləndirilməsi 
						əsasən professional ekspertlər tərəfindən 
						özünüqiymətləndirmə yolu ilə aparılırsa, Avropa təhsil 
						sistemində isə bu məqsədlə yaradılmış agentliklər 
						tərəfindən aparılır. Məsələn, Qiymətləndirmə üzrə Fransa 
						Milli Komitəsi (Comite Nationale d’Evaluation), İsveç 
						Ali Təhsil Agentliyi (National Agency for Higher 
						Education (Hogskoleverket), Almaniya Elmi Şurası 
						(Wissenschaftsrat),  Ali Təhsilin Qiymətləndirilməsi 
						üzrə Finlandiya Şurası (Finnish Higher Education 
						Evaluation Council) təşkilatları tərəfindən həyata 
						keçirilir.  
						
						Sürətlə qloballaşan dünyada Azərbaycan təhsil sisteminin 
						Avropa təhsil sisteminə inteqrasiya prosesi labüddür. 
						Ölkəmizdə təhsil islahatları milli mənafelər nəzərə 
						alınmaqla həyata keçirilməlidir. Təlim məsələlərində 
						(ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, 
						yeni metodların yaradılmasında) inkişaf etmiş ölkələrin 
						əldə etdikləri müsbət təcrübə müəyyən araşdırmalardan 
						sonra ölkəmizin təhsil sisteminə tətbiq olunmalıdır. Ali 
						təhsil müəssisələrində milli özünüdərk və dövlətçilik 
						prinsiplərinin aşılanması ön plana çəkilməlidir. Bu 
						kontekstdən yanaşmaqla Azərbaycan Texniki Universiteti 
						də Avropada mövcud olan akkreditasiya prosesini 
						öyrənmək, xüsusilə, qiymətləndirmə və keyfiyyətin 
						təminatı üçün metodik hazırlığı artırmaq, tədrisin 
						keyfiyyətinin yüksəldilməsi, optimal biliyin verilməsi 
						imkanlarını axtarmaq üçün beynəlxalq proqramlarda 
						iştirakı prioritet hesab etmişdir. Odur ki, 2001-ci 
						ildən başlayaraq AzTU TEMPUS proqramı çərçivəsində 
						layihələrdə aktiv tərəfdaşlardan birinə çevrilmişdir.  
						
						
						AzTU-da bir sıra ixtisasların beynəlxalq 
						akkreditasiyasına aparan yol  
						
						Azərbaycan Texniki Universiteti ölkəmizin digər tərəfdaş 
						universitetlərilə birgə 2001-ci ildən indiyədək 4 TEMPUS 
						layihəsi həyata keçirmişdir. Bu layihələrin yerinə 
						yetirilməsində əsas məqsəd Azərbaycanda mühəndis 
						hazırlığının Avropa təhsil sisteminə inteqrasiyası və 
						tədris prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarət 
						olmuşdur.    
						
						Avropa Birliyi Təhsil və Mədəniyyət üzrə Komissiyasının 
						verdiyi ilkin layihələrdən biri 2001-2003-cü illərdə 
						Azərbaycan Texniki Universitetində yerinə yetirilmişdir. 
						Bu layihə Almaniyanın Köln və Hollandiyanın Heerlen 
						Tətbiqi Elmlər universitetləri ilə birgə həyata 
						keçirilmişdir. Layihə AzTU-da “Elektrotexnika 
						fakültəsində tədrisin müasirləşdirilməsi” olmuşdur. Bu 
						layihə çərçivəsində bir sıra ixtisasların tədris 
						metodiki materialları Avropa təhsil sisteminə, xüsusilə 
						Almaniya təhsil sisteminə uyğunlaşdırılmış və 3 yeni  
						bakalavr və magistr ixtisasının “Elektroenergetika”, 
						“Avtomatika və informasiya texnikası” və “Avtomobillərin 
						elektrik və elektron avadanlıqları” ixtisasları üzrə 
						kadr hazırlığı həyata keçirilmişdir.  
						
						Bu məqsədlə Azərbaycan Texniki Universitetində TEMPUS 
						Bürosu Mərkəzi yaradılmışdır. Layihənin yerinə 
						yetrilməsi dövründə 20-dək əməkdaş Almaniyanın Köln və 
						Hollandiyanın Heerlen Tətbiqi Elmlər universitetlərində 
						təcrübə mübadiləsində olmuşlar. Eyni zamanda həmin 
						universitetlərin təcrübəli professorları AzTU-da müasir 
						laboratoriyaların qurulmasında və tədris prosesinin 
						optimallaşdırılmasında yaxından iştirak etmişlər. Birgə 
						hazırlanan tədris planları Təhsil Nazirliyi tərəfindən 
						təsdiq edilmişdir. 2002-2013-cü illərdə TEMPUS proqramı 
						ilə təhsil alan 150 tələbə məzun olmuşdur. 
						Yuxarıda göstərilən layihələrin həyata keçirilməsi 
						dövründə Azərbaycan Texniki Universitetində beynəlxalq 
						konfranslar təşkil edilmişdir. Konfranslarda Azərbaycan 
						Respublikasının təhsil naziri, Almaniyanın 
						Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər 
						rəsmi şəxslər iştirak etmişlər.  Əldə olunan nəticələr 
						və qarşıda duran perspektiv planlar müzakirə edilmişdir. 
						Avropa Komissiyasının monitorinq qrupu bu layihələrdə 
						görülmüş işləri müsbət qiymətləndirmiş və alınmış 
						nəticələrin Azərbaycanın digər ali məktəblərində tətbiq 
						olunmasını tövsiyə etmişdir.  
						Hazırda Azərbaycan Texniki Universitetində yerinə 
						yetirilən TEMPUS layihəsi üzrə bakalavr səviyyəsində 2 
						ixtisasda 60 bakalavr və 4 magistrant təhsil alır. 
						Layihənin yerinə yetirilməsi zamanı tələbələrin təhsili 
						üçün tədris planlarının optimallaşdırılması; praktiki 
						məşğələlərin, kurs və layihə işlərinin 
						təkmilləşdirilməsi; laboratoriya avadanlıqları ilə 
						təchizat; tədris planlarına uyğun olaraq 
						akkreditasiyanın şərtlərinə cavab verən formada modul 
						kitabları və s. işlənib hazırlanmışdır.  
						Sonuncu layihə üzrə 2013-2014-cü tədris ilində 
						aparılan tələbə qəbulu zamanı yüksək nəticələr əldə 
						olunmuşdur. Proseslərin avtomatlaşdırılması mühəndisliyi 
						ixtisasları üzrə 15 tələbə daxil olmuş, onların 
						universitetə qəbul balları 400-494 bal həddində 
						olmuşdur. “Elektroenergetika mühəndisliyi” ixtisasına da 
						15 nəfər tələbə qəbul olunmuşdur və qəbul balı 370 - 411 
						bal həddində olmuşdur. Bu qruplarda dərs aparan 
						müəllimlər əsasən əvvəlcə TEMPUS layihəsində iştirak 
						etmiş təcrübəli müəllimlər arasından seçilmişdir və daim 
						diqqət mərkəzində olmuşlar. 
						Hazırda yerinə yetirilən TEMPUS proqramının 
						əvvəlki layihələrdən əsas fərqi ondan ibarət  olmuşdur 
						ki, bu layihədə bakalavr səviyyəsində “Proseslərin 
						avtomatlaşdırılması” və “Elektroenergetika 
						mühəndisliyi”, magistr səviyyəsində “Proseslərin 
						avtomatlaşdırılması” və “Elektrik mühəndisliyi” 
						ixtisaslarının akkreditasiyasının həyata keçirilməsi 
						üçün lazımi işlər görülmüş və nəticədə bu proses uğurla 
						başa çatdırılmışdır. Bundan ötrü  hər üç universitetdə 
						Avropa ali məktəbləri üçün vacib əhəmiyyət kəsb edən 
						Qiymətləndirmə və Keyfiyyət menecmenti üzrə mərkəzlər 
						yaradılmışdır. Bu mərkəzlərin hər 3 universitetdən olan 
						rəhbərləri Köln Tətbiqi Elmlər və Varşava Texnologiya 
						universitetlərində lazımi proqram təminatını öyrənməklə 
						universitetlərdə həmin qiymətləndirmə mərkəzlərini 
						qurmuş və tətbiq etmişlər. Akkreditasiyanın keçirilməsi 
						zamanı bu parametr xüsusi diqqət mərkəzində olmuşdur. 
						Avropada akkreditasiyanın keçirilməsi sahəsində nüfuzlu 
						təşkilat olan ASİİN-in əməkdaşları AzTU, ADNSU, SDU-nun 
						əməkdaşları üçün Vork-Shoplar təşkil etmişdir. Nəhayət, 
						bu il mart ayının 30-dan aprelin 2-nə qədər ASİİN-in 
						təşkil etdiyi səlahiyyətli akkreditasiya komissiyası 
						universitetlərdə olmuş və akkrediyasiya prosesini 
						aparmışdır. Akkreditasiya yüksək tələbkarlıqla, 
						konstruktiv müzakirələr şəraitində keçmişdir. Sözsüz ki, 
						bu proses bir və ya bir neçə gündə deyil, tədris 
						prosesinin ilkin mərhələsindən başlanmışdır və son 
						mərhələdə avropalı ekspertlər görülən işlərin və alınan 
						nəticələrin qiymətləndirilməsini həyata keçirmişlər. 
						Layihənin tərəfdaşı olan Avropa akkreditasiya təşkilatı 
						ASİİN tərəfindən Azərbaycan Texniki Universitetində üç 
						tərəfdaş ali məktəbin əlaqələndirici şəxsləri, ixtisas 
						rəhbərləri və qiymətləndirmə və keyfiyyətə təminat üzrə 
						məsul şəxslər üçün “Tədrisdə keyfiyyətin təminatı“ 
						mövzusunda seminar keçirilmişdir. Bütün bu tədbirlər 
						Azərbaycan Texniki Universitetinin  göstərilən 
						ixtisaslarının beynəlxalq akkreditasiyadan uğurla 
						keçərək müvafiq beynəlxalq sertifikat almasına şərait 
						yaratmışdır.  
						Azərbaycan Texniki Universitetində 23 sentyabr 
						2015-ci il tarixdə 2013-cü ildən başlayan növbəti TEMPUS 
						layihəsinin uğurla başa çatması ilə əlaqədar olaraq 
						tərəfdaş təşkilatlarla - Azərbaycan Respublikası Təhsil 
						Nazirliyi, ADNSU, SDU, Almaniyanın Köln Texniki 
						Universiteti, Avstriyanın Qraç Universiteti, Varşava 
						Texnologiya Universiteti, akkreditasiya agentliyi 
						ASİİN-lə birgə beynəlxalq konfrans keçirilmişdir. 
						 
						Azərbaycan Respublikası təhsil nazirinin müavini 
						Ceyhun Bayramov konfransda çıxış edərək bildirmişdir ki, 
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə 
						baxış” İnkişaf  Konsepsiyası və “Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası” kimi proqram sənədlərində Azərbaycan 
						təhsilinin dünya və Avropa təhsil məkanına 
						inteqrasiyasının gücləndirilməsi, təhsil standartlarının 
						unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi 
						ilə yanaşı, Azərbaycan ali təhsil müəssisələrinin 
						beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların 
						təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara 
						cəlb olunması mühüm yer tutur. Avropa İttifaqının 
						nümayəndə heyətinin rəhbəri xanım Malena Mard, Almaniya 
						Federativ Respublikasının Azərbaycandakı səfirinin 
						müavini Schoenfeld, layihənin koordinatoru, Köln Texniki 
						Universitetinin professoru Reza Talebi-Dəryani, 
						Azərbaycanda “Erasmus+proqramlar” ofisinin rəhbəri 
						Pərviz Bağırov konfransda çıxış edərək Azərbaycan 
						Respublikası ali məktəblərində Avropa Komissiyasının 
						TEMPUS layihəsi ilə bağlı görülmüş işlərin 
						əhəmiyyətindən danışmışlar. Köln Texniki Universitetinin 
						sabiq prezidenti, professor Joachim Metsner çıxışında 
						AzTU ilə Köln Texniki Universiteti arasındakı 
						uzunmüddətli səmərəli əməkdaşlıqdan danışaraq, bu 
						əməkdaşlıqda xüsusi xidmətlərini nəzərə alaraq və  
						Avropa Komissiyasının TEMPUS layihəsinin həyata 
						keçirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə 
						Azərbaycan Texniki Universitetinin rektoru, professor 
						Havar Məmmədova təmsil etdiyi Köln Texniki 
						Universitetinin Senatı tərəfindən təsis edilmiş Qızıl 
						Xatirə Medalını təqdim etmişdir.  
						
						
						AzTU-da beynəlxalq akkreditasiyanın nəticələri və 
						gələcək gözləntilər  
						Bəzi ixtisasların beynəlxalq akkreditasiyadan 
						keçməsi bizə nə vəd edir? Aydındır ki, bu prosesin 
						aparılması AzTU-nun bu işə məsul əməkdaşlarının lazımi 
						bilik və bacarıqlar qazanmasına şərait yaratmışdır. 
						Akkreditasiyanın uğurla başa çatdırılması üçün 
						universitetlərdə qiymətləndirmə və keyfiyyətin təminatı 
						üzrə mərkəzlər fəaliyyət göstərmişdir ki, bu Azərbaycan 
						ali təhsil sistemi üçün, bir növ, yeni bir yanaşma idi. 
						Akkreditasiya komissiyası bu sistemin AzTU-da çox yaxşı 
						səviyyədə təşkil edildiyini bildirmişdir. Digər vacib 
						məqamlardan biri qiymətləndirmə və keyfiyyətin təminatı 
						prosesində əsas komponent olaraq tələbələrin təhsilin 
						aparılma keyfiyyətinə birbaşa qiymət vermə imkanlarının 
						olmasından ibarətdir. Bu proses universitetin həmin 
						mərkəzi tərəfindən tələbə nümayəndələri ilə birgə anonim 
						olaraq aparılmış və Köln Texniki Universitetində 
						fəaliyyət göstərən mərkəzə birbaşa bağlanmaqla nəticələr 
						emal olunmuşdur. Nəticələri aşağı olan təhsilverənlərin 
						nə üçün belə nəticələr göstərməsinin nəticələri müzakirə 
						olunmuşdur. Bütün bunlar tələbə və müəllimlərin 
						qarşılıqlı olaraq bir-birlərinə yaxşı mənada nəzarətinə 
						və münasibətlərin sağlam aspektdə qurulmasına imkan 
						yaradacaq amil hesab edilə bilər.  
						Ənənəvi olaraq biz belə düşünürük ki, 
						qiymətləndirmə dedikdə, yalnız tələbənin biliyinin 
						qiymətləndirilməsi başa düşülürsə, bu sistemdə isə 
						təhsilalanların, yəni tələbələrin həm müəllimin, həm də 
						tədris prosesində metodiki indikatorların tələbələr 
						tərəfindən qiymətləndirilməsi ön plana çıxır. Sual oluna 
						bilər ki, nə üçün bu məsələdə tələbələrə daha çox 
						üstünlük verilir? Avropa, xüsusilə, Almaniya ali 
						məktəblərində belə hesab edirlər ki, əmək bazarının ən 
						maraqlı tərəfi tələbə kontingentidir. Odur ki, əmək 
						bazarının daha çox nəyə tələbi varsa, onu tələbə daha 
						dərindən öyrənir və onu tədris prosesi zamanı qazanmağa 
						çalışır. Bu mənada tələbə amili ön plana keçir.  
						Təsadüfi deyil ki, industrial cəmiyyət üçün əsas 
						nəzarətetmə və qiymətləndirmə missiyası pedaqoqlar 
						tərəfindən yerinə yetirilirdisə, postindustrial  
						cəmiyyət üçün  nəzarət və qiymətləndirmə öyrənənlərin 
						özününəzarət və özünüqiymətləndirmə yolu ilə həyata 
						keçirilməsi vurğulanır. 
						Belə beynəlxalq layihələrdə iştirak və 
						akkreditasiyanın keçirilməsi bizə mühəndis kadrların 
						hazırlığında, keyfiyyətin təmin olunmasında innovativ 
						təlim texnologiyalarının tətbiqi üçün yeni imkanlar 
						yaradacaqdır. Bütün bunlar sübut edir ki, Azərbaycan 
						Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 
						iqtisadi kapitalın insan kapitalına çevrilməsi ilə bilik 
						iqtisadiyyatının yaradılması istiqamətində apardığı 
						siyasətə uyğun olaraq son zamanlar ali təhsil sahəsində 
						Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar 
						öz müsbət bəhrəsini verəcəkdir. Azərbaycan Respublikası 
						Təhsil Nazirliyi tərəfindən təhsildə keyfiyyətin 
						yüksəldilməsi, peşə ixtisası təhsilinin və regionlarda 
						təhsilin  inkişafı üçün atılan addımlar, müəllim 
						peşəsinin nüfuzunun artırılması istiqamətində həyata 
						keçirilən layihələr sübut edir ki, təhsil sferası 
						Azərbaycanın strateji platformasıdır. Bu strateji 
						platformanın həyata keçirilməsində biz ali təhsil 
						ictimaiyyətinin üzvləri olaraq əlimizdən gələni 
						əsirgəməməliyik. |