Azərbaycan
Texnologiya Universitetində Müştəriyə Yönəlmə Proqramı (MYP)
çərçivəsində “Təhsildə elektron və innovativ yanaşma”
adlı elmi konfrans keçirilib. “Ultra” şirkətinin
iştirakı ilə keçirilən və İKT-nın təhsil və tədrisdə
tətbiqinin müzakirəsinə həsr olunan konfransı giriş sözü
ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov qeyd
edib ki, universitetdə MYP çərçivəsində müəyyən edilən 6
istiqamətdən biri də İKT sahəsidir. Rektor bildirib ki,
həm bu, həm də universitetdə İKT-dən istifadənin
genişləndirilməsi məqsədilə indiyədək atılan addımlar
ATU-nun bu sahənin aktuallığını diqqət mərkəzində
saxlamasını sübut edir. Bildirib ki, əməkdaşlıq üçün
ölkənin ən böyük İKT şirkətlərindən olan “Ultra”nın
seçilməsi ATU-nun bu sahəni daha da inkişaf etdirmək
niyyətinin göstəricisidir.
“Ultra” şirkətinin direktoru Məhəmməd Zülfüqarlı qeyd
edib ki, təmsil etdiyi şirkət Azərbaycanın ən böyük İKT
şirkətlərindən olmaqla dünyanın bu sahədə fəaliyyət
göstərən 20 böyük korporasiyası ilə əməkdaşlıq edir. O
bildirib ki, Azərbaycanda bir çox dövlət qurumları və
özəl şirkətlərin fəaliyyətinin, göstərdiyi xidmətlərin
elektronlaşdırılmasını həyata keçirən “Ultra” təhsil
sahəsində İKT-nin tətbiqinin genişləndirilməsində də
maraqlıdır. Çünki bu yeniliklərin tətbiqi təhsildə
şəffaflıq, operativlik, keyfiyyət artımı və idarəetmənin
yaxşılaşdırılmasını təmin edir.
ADAU, GDU və Gəncənin orta məktəblərindən nümayəndələrin
də iştirak etdiyi konfransda indiyədək “Ultra” şirkəti
tərəfindən həyata keçirilən layihələr və icrası nəzərdə
tutulan proqramlardan bəhs edən təqdimatlar nümayiş
etdirilib. Maraq doğuran müxtəlif məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim
olunub.
Mətbuat xidməti |