Mingəçevir
Dövlət Universitetində müstəqilliyimizin ildönümü ilə
bağlı keçirilən bayram tədbirində öncə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib. Mingəçevir
Dövlət Universitetinin rektoru Akif Hacıyev kollektivi
bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki,
Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi
nailiyyət onun müstəqilliyidir. Artıq 24 ildir ki,
müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan həm
siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli
dövlətlərindən birinə çevrilib.
Rektor A.Hacıyev qeyd edib ki, müstəqilliyimizin siyasi
və iqtisadi sütunları getdikcə möhkəmlənir,
müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər
qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin
möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına,
milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni
dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu
öndərin layiqli davamçısı möhtərəm Prezident İlham
Əliyev tərəfindən qorunub saxlanılır.
Tədbirdə universitetin humanitar fənlər kafedrasının
müdiri, dosent Esmira Cəfərova müstəqillik gününün
tarixi haqqında məlumat verib. Bildirib ki,
müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə
üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci
dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin
atdığı məqsədyönlü addımlar Azərbaycanın bugünkü
uğurları üçün ən etibarlı təməl oldu. Onun rəhbərliyi
ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası
hazırlandı. Ölkənin iqtisadi potensialı sürətlə artmağa
başladı. E.Cəfərova daha sonra bildirdi ki, bu gün
ölkəmiz regionun ən güclü dövlətinə çevrilib.
Müstəqilliyimizin bundan sonra da qorunub saxlanılması
üçün iqtisadi və siyasi gücümüzü daha da artırmalıyıq.
Nazim NİFTƏLİYEV,
Mingəçevir Dövlət Universitetinin Mətbuat xidmətinin
rəhbəri |