Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Qafqaz Universitetinin təşkilatçılığı ilə forum keçirilib

 

Böyütmək üçün seçinİsmayıllı rayonunda oktyabrın 17-18-də 4-cü Qafqaz İqtisadi Forumu keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə baş tutan forumda nazirliyin, AMEA-nın  nümayəndələri,  iqtisadçı alimlər,  rayonun fermerləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rəsmi hissədən əvvəl forum iştirakçıları ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzindəki heykəlini ziyarət edərək önünə tər çiçək dəstələri qoyublar.

Təşkilat komitəsi adından  çıxış edən Qafqaz Universitetinin  dosenti  Mayis Əzizov forumun tarixi haqda  iştirakçılara məlumat verib.  O bildirib ki, 2012-ci ildən təşkil olunan forumda hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən prioritet  istiqamətə  həsr olunan elmi tədqiqatların təqdimatı və fikir mübadiləsi aparılır. Builki  Qafqaz İqtisadi Forumu  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il kənd təsərrüfatı ili elan olunduğuna görə bu sahəyə həsr olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov forumun İsmayıllıda keçirilməsinin və kənd təsərrüfatına  həsr edilməsinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, ölkənin kənd təsərrüfatının inkişafında İsmayıllının öz yeri var. İsmayıllı rayonunda  2013-cü ildə 62 min ton, 2014- cü ildə 83 min ton  taxıl istehsal olunmuşdusa, 2015-ci ildə bu göstərici  103 min tona çatıb. Bu nailiyyət Azərbaycan dövlətinin kənd təsərrüfatına  verdiyi önəmin nəticəsidir.  İsmayıllıda e-ticarət sahəsində yaşıl market qurulub.  M.Sadıqov çıxışında İsmayıllıya göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından təşəkkür edib.

Kənd Təsərrüfatı  Nazirliyinin   Aqrar elmi mərkəzinin  baş  direktoru  Rasim Balayev forum iştirakçılarını salamlayaraq ümummilli lider Heydər Əliyevin ölkəmizdə  kənd təsərrüfatının inkişafına həmişə böyük diqqət yetirdiyini,  bu qayğı və diqqətin möhtərəm Prezidentimiz tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Ölkəmizdə kənd təsərrüfatı  sahəsində  hərtərəfli modernləşdirmə getdiyini söyləyən R.Balayev kənd təsərrüfatı naziri  Heydər Əsədovun təbrik məktubunu  iştirakçıların nəzərinə  çatdırıb. 

Qafqaz Universitetinin rektoru, professor  Ahmet Saniç çıxışında qeyd edib ki, 2012-ci ildən davam edən və universitet səviyyəsində başlayan forumun bu il Kənd Təsərrüfatı  Nazirliyi və icra hakimiyyəti ilə birlikdə keçirilməsi onun dəyərinin göstəricisidir.  Rektor forumun işinə uğurlar arzulayıb və əməyi keçən hər kəsə təşəkkür edib.

Forumda iştirak edən Azərbaycan-Yaponiya  dostluq  cəmiyyətinin fəal üzvü  Saki Kosuqi, Türkiyənin Ege Universitetindən foruma qatılan professor  Uyqun Aksoy  çıxışlarında  kənd təsərrüfatının  sadəcə ərzaq üçün deyil, ətraf mühit üçün də  çox əhəmiyyətli olduğunu bildiriblər. Onların sözlərinə görə, kənd təsərrüfatı elə qurulmalıdır ki,  gələcək nəsil də ətraf mühitdən səmərəli  istifadə edə bilsin.   U.Aksoy dünyada kənd təsərrüfatı sahəsində görülən işlər barədə məruzə edib.

Forum bölmələr üzrə fəaliyyətini bitirdikdən sonra  iştirakçılar adından  Prezident İlham Əliyevə müraciət qəbul edilib. 

Ceyhun VƏLİYEV,
Qafqaz Universitetinin Mətbuat şöbəsinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov