Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetində
Müstəqillik günü qeyd edildi. Tədbir Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi ilə
açıq elan olundu.
Universitetin rektoru, professor Elxan Hüseynov
bu günün mühüm tarixi əhəmiyyətindən danışaraq
bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi
qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Azərbaycan xalqı milli müstəqillik uğrunda əsrlər boyu
şərəfli mübarizə aparmış və nəticədə Şərqdə ilk dəfə
olaraq 1918-ci ildə demokratik respublika yaratdı. Ötən
əsrin əvvəllərində xalqımızın böyük mübarizələr,
savaşlar sayəsində nail olduğu müstəqilliyi də uzun
sürməmiş, cəmi 23 ay davam gətirə bilmişdir. Tarix üçün
bu, çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından
xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
Rektor qeyd etdi ki, XX əsrin sonlarında güclənən
milli-azadlıq hərəkatı nəticəsində 1991-ci il oktyabrın
18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında
mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət
müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi.
Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi
bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.
Çətin və gərgin mübarizələr bahasına başa gələn
müstəqilliyimiz ölkədə baş verən siyasi çəkişmələrin,
vətəndaş qarşıdurmasının, hətta Azərbaycanın regionlara
parçalanmasının mövcud olduğu bir şəraitdə yenidən
təhlükə altına düşmüşdü. Məhz belə bir dövrdə yenidən
siyasi hakimiyyətə gələn ulu öndərin uzaqgörənliyi,
zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində
Azərbaycan əsl müstəqilliyini bərpa etdi.
Tədbir iştirakçılarını bu əlamətdar bayram
münasibətilə təbrik edən professor Elxan Hüseynov
diqqətə çatdırdı ki, bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən ümummilli lider
Heydər Əliyevin siyasi ideyalarının uğurla davam
etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil
dövlət kimi inkişaf etməkdə olan dünya dövlətləri ilə
bir sırada addımlayır, öz qətiyyətli siyasi mövqeyi,
nüfuzu ilə bütün dünyada tanınır.
Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənildi.
Sonra “Müstəqilliyimiz əbədi olsun” sənədli filmi
nümayiş etdirildi.
Mətbuat xidməti |