| 
						
						
						 Bakı Dövlət Universitetində Almaniyanın Vürsburq 
						Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa 
						Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili 
						diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib. 
						Vürsburq Universitetinin prorektoru, professor Exard 
						Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı 
						ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel 
						Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə 
						edib. Rektor Avropa Hüququ Magistr Proqramının hazırkı 
						vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini 
						bölüşüb. 
						Professor Exard Paxen yenidən BDU-da olmasından 
						məmnunluğunu söyləyərək, proqramın əhəmiyyəti barədə 
						danışıb. O, məzunların ölkələrarası əməkdaşlığın 
						müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə 
						əminliyini ifadə edib, proqram çərçivəsində  bu il 
						BDU-nun daha  3 tələbəsinin Vürsburqda təhsilini davam 
						etdirəcəyini əlavə edib. E.Paxen universitetlə gələcək 
						əməkdaşlıqdan, o cümlədən noyabr ayında BDU-da 
						keçiriləcək birgə beynəlxalq konfransdan bəhs edib.
						 
						Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev 
						proqramın həyata keçirilmə prosesindən, onun uğurlu 
						nəticələri və indiyədək “ikili diplom” alan 12 məzundan 
						6 nəfərinin BDU-da tədrisə cəlb edildiyindən danışıb.
						 
						Sonra proqramın növbəti məzunlarına diplomlar 
						təqdim edilib.  
						Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından 
						etibarən Bakı Dövlət Universitetində Avropa hüququ 
						ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. 
						Hazırda tədris ingilis və alman dillərində aparılır. 
						Alman tərəfi  proqramda iştirak edən tələbələr üçün 
						intensiv alman dili kursları və Almaniyada təcrübə 
						təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə 
						oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə 
						dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata 
						keçirilir və BDU bu qurumum keçənilki 
						qiymətləndirməsindən uğurla keçib. 
						
						  
						
						Mətbuat və informasiya şöbəsi
						 |