| 
						
						
						 Qazaxıstanın 
						Astana şəhərində MDB-yə üzv ölkələrin yaradıcı 
						ziyalılarının və elm xadimlərinin “Birliyin humanitar 
						məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” 
						mövzusunda X Forumu keçirilib. 
						
						MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq 
						Fondu tərəfindən təşkil edilən Forumda Birliyə üzv 
						dövlətlərdən 200-ə yaxın nümayəndə heyəti dəvət olunub. 
						
						Forumda Azərbaycanı təhsil naziri Mikayıl Cabbarovun 
						rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. 
						
						Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov 
						Azərbaycan Prezidenti İlham Əliyevin Forum 
						iştirakçılarına təbrik məktubunu oxuyub. 
						
						Forumun spikerləri - MDB ölkələrinin Dövlətlərarası 
						Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, 
						Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya 
						Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq 
						üzrə xüsusi nümayəndəsi, Fondun idarə heyətinin həmsədri 
						Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri 
						Arıstanbek Muhammediulı plenar iclasda iştirak ediblər. 
						
						MDB-yə üzv ölkələrin elm, təhsil üzrə nümayəndələrinin, 
						mədəniyyət nazirlərinin, alimlərin iştirak etdikləri 
						Forumun növbəti günü sessiyalar üzrə mədəniyyətlərarası 
						dialoq, MDB-də 2016-cı ilin “Təhsil ili” elan edilməsi, 
						mədəniyyətlərarası dialoqda muzeylərin rolu, ümumi 
						tarixi yaddaşın və nəsil varisliyinin qorunub 
						saxlanılması kimi mövzular müzakirə olunub. 
						
						Forumun sonunda elmi və yaradıcı ziyalıların birgə 
						əməkdaşlıq işində ən mühüm məsələlərin yekun qətnaməsi 
						qəbul edilib. 
						
						Tədbirdə “Debütlərin Birliyi 2015” beynəlxalq gənclər 
						müsabiqəsinin laureatları mükafatlandırılıb. Bu il 
						mükafatlar turizm sahəsinin mütəxəssislərinə verilib. 
						Mükafata layiq görülənlər arasında Azərbaycan Turizm və 
						Menecment Universitetinin müəllimi Şəmsiyyə Tahirbəyova 
						da olub.  
						
						AZƏRTAC |